8 martda xanımlarımızın hədiyyəsi kəlağayı olsun
Kim unudar adını,
Sevgisinin dadını.
Ucalardan ucadı,
Azərbaycan qadını.
Bəşər yaranannan, lap Adəm atamızla Həvva anamızdan, bütün dövrlərdə qadın Allahdan sonra bir yaradıcılıq mənbəyi olub. Qadınların dəyəri hər zaman dəyərli insanlar tərəfindən verilib. Çox- çox uzaqlara getməyək və getdikcə bitib tükənməyən mövzular gələr yaddaşımıza.
Qadınla bağlı qəddarlıqlar dönəmi də olub. Bu da doğrudur. Hətta, İslam Peyğəmbərimiz Allahın rəsulu Məhəmməd Əleyhi- salama qədər insanlar, yəni şərq insanları öz qız övladlarını diri- diri torpağa basdırırlarmış. Hətta, peyğəmbər əfəndimizə və islama inanca qədər çox böyük şəxsiyyətlər öz qız övladlarını diri- diri basdırırlarmış. Qadına ən böyük dəyər, hüquq islamda verilib və qadın kimi hüquqları bərabər bölünüb. Ata- ana öz mirasını, qız və oğul övladları arasında bərabər paylamışlar. Hətta, qız övladlarına daha çox dəyər vermişlər. İslama qədər heç bir dini inancda qadınlara verilən dəyər islamın verdiyi dəyər qədər olmamışdır.
Cənnət anaların ayağı altındadır, ulu peyğəmbərimiz deyib. Ana haqqı, Allah haqqı deyib dədələr və üç qız övladı böyüdən analar cənnətnən müjdələnərlər. Ümumiyyətlə, dini ibadətlərdə hər zaman qadına üstünlük veriıib. Anaların övladların böyüdülməsində əməyi daha çoxdur.
Analı övlad cəsarətli olur, ürəkli olur. Anasız övladlara yetim deyilib. Bu cümlələr də anaların dəyərinə xidmət edir. Bu ilin 365- günü analar günü olsa daha yaxşı olar. Doğrusu, sovet dönəmində 8 mart bayramını daha çox qeyd edərdilər, şouya çevirməyə çalışırdılar. Analara həmin günü hədiyyə vermək sünii alınardı. Anaların hörməti 8 martla ölçülmür. Analar baş tacımızdı. 8 mart günü qadınlarımızın hədiyyəsi kəlağayı olsun, deyərdim. Düzgün deyil ki, bu gün təbrik edək. Analar hər gün anılmalıdı, dəyərləndirməlidi. Qadınlara gül- çiçək, Gözəl, Göyçək, Qiymət adlarının verilməsi də bir dəyərdi.
Dədə Qorqudda boyu uzun Burla Xatun, Banu Çiçək kimi qadınlarımız da qürurumuzdu. Həcər, Nigar kimi xanımlarımız qeyrət simvolu, şücaət nümunələridi. Həcərimiz at belində olub,təyyarəçi, bəstəkar, şair, mexanizator vəs. qadınlarımız olub. Qadınlarımıza yaraşır ki, nənələrimizin yolunnan getsinlər. Ana gözü həmişə yoldadı, intizardadı, qayğılardadı. Ana qədri bilməyənlərə üz tuturam, anaları qoruyaq. Bir bayatı var:
Analar yanar ağlar,
Dərdini sanar ağlar.
Dönər göy göyərçinə,
Yollara qonar ağlar.
Ana övladlarına qurban getməyə hər an hazırdı. Tək bir məqam var. Analar tək Vətən yolunda övladlarını qurban verəndə of…demirlər. Vətənə güzəştə gedərlər. Çünki, Vətənə ana, ana Vətən deyilir. Ana Vətənlə müqayisə olunur. Vətənə ana Vətən deyilir. Ana müqəddəsdir.
Ən müqəddəs ana şəhid analarıdı. Qəhrəman dünyaya gətirən analar özü vətəndir.
Şəhid anaları, vətən analar, analar, bacılar, Azərbaycan qadınları, bayramınız mübarək.
Ana
“ Cənnət anaların ayağı altda. “
Peyğəmbər sözüdür dillər əzbəri.
Nə yaxşı analar varmış həyatda,
Yaşadar dünyanı əzəldən bəri.
Nə yaxşı analar varmış həyatda.
Onlardan dərs alan haqqı görəndi,
Nə qədər həyat var bu kainatda,
Analar bəşərə yol göstərəndi.
Hər ana laylası böyük bir əsər,
Könüllər fəth edər, ürəyə hopar,
Onun duaları olmasa əgər,
Dünyanı məhv edən fəlakət qopar.
Analar ən böyük bir sənətkardır,
Aləmi özünün sehrinə salar.
Analar şairdi, ya bəstəkardı.
Ən gözəl söz deyər, ya hava çalar.
İstərəm yol gedəm ziyarət üçün,
Nurlu bir ananın üz nuruna mən,
İstərəm yüz dəfə ibadət üçün,
Baş əyəm hey onun qüruruna mən.
Kimdi Azərbaycan qadını?
1. Dünyada ilk qadın dövlət başçısı — Tomris
2. İlk qadın təyyarəçi —— Leyla Məmmədbəyova
3. Şərqdə ilk opera yazan qadın —– Şəfiqə Axundova
4. Şərqdə ilk diplomat qadın ——- Sara Xatun Bayandur
5. Bilinən ən qədim şahmatçı qadın —— Natavan
Azərbaycanın ilk qadın xalq şairi- Mirvarid Dilbazi
6. SSRİ-də ilk akademik qadın həm də bioloq ——- Validə Tutayuq
7. İlk qadın cəmiyyətinin yaradıcısı Həsən bəy Zərdabinin həyat yoldaşı—- Hənifə xanım Məlikova
8. İlk qızlar və oğlanlarıın birlikdə təhsil alması üçün məktəbin yaradıcısı Mirzə Cəlilin həyat yoldaşı- Həmidə xanım
9.İlk qadın jurnalı olan “İşıq” jurnalının tərtibçisi və refaktoru— Xədicə xanım.
10. D ünyada 5-ci, Türk və İslam dünyasında, Asiya qitəsində 1-ci olaraq qadına seçmək və seçilmək hüququ verən ölkə — AZƏRBAYCAN Denokratik Cümhuriyyəti
11. Moskvada Jukovksi adına Hərbi-Hava Akademiyasına qəbul olunan ilk şturman qadın Züleyxa Seyidməmmədova
12. Dünyada ilk dəfə olaraq ipəkdən Quran kitabını hazırlayan qadın Tünzalə Məmmədzadə
13. İlk ali təhsilli Azərbaycanlı qadın Nigar Şıxlinski
14. İlk Sosialist Əmək Qəhrəmanı – Şamama Həsənova
Bu siyahını yenə də artırmaq olar…
Sonra da deyirlər qadınlar zəif məxluqlardır.
Qadınlar zəif deyil, ən zəif qadın belə hətta ən güclü kişidən də güclüdür.
Və hər güclü kişinin arxasında bir ağlllı qadın dayanır…
Bu gün 8 Mart Beynəlxalq Qadınlar bayramıdı. Analar, sizi dərd görməyəsiniz. Heç vaxt ürəyiniz narahat döyünməsin.
Bayramınız mübarək, Azərbaycan qadınları.
Şəhid anaları,şəhid bacıları, şəhidlərimizin ömür-gün yoldaşları, şəhidlərimizin qız balaları, qarşınızda baş əyirəm.
Güllü Eldar Tomarlı