Kulis.az Günəş Mərdin TEASS Press Nəşriyyat Evinin keçirdiyi “Bilinməyən Qəhrəmanlar” adlı fotosərgisindən hazırladığı reportajı təqdim edir.
“Bilinməyən Qəhrəmanlar” adlı fotosərgiyə dəvət aldıqda diqqətimi çəkən başlıca məqam elə sərginin adı oldu. İçimdə burada maraqlı, eyni zamanda yeni bir şeylər öyrənəcəyimə əminlik hissi var idi.
Elə bu hiss ilə sərginin keçirildiyi məkana, Bakı Dəniz Vağzalında yerləşən “Liman” İncəsənət Mərkəzinə yol aldım. Paytaxtın bitməyən tıxacları məni düz 30 dəqiqə yolda yubatdı. Olacağa çarə yoxdur…
Gecikdiyim üçün də çatar-çatmaz təngənəfəs halda özümü qapıdan içəri atdım. Qapıda məni əlində müxtəlif çiçəklər tutan ortaboylu, sarışın bir xanım qarşıladı. Əlindəki nərgiz bağlamasından birini verib, 8 mart münasibətilə təbrik etdi. Hansısa kampaniyadan danışmağa başlamışdı ki, onsuzda yetərincə gecikdiyimi deyib üzrxahlıq edərək tədbirə qoşuldum.
Səhnədə edilən çıxışlardan başa düşdüm ki, bədii hissəyə çatmışam. Tədbirin keçirildiyi böyük zalı işıqlar, kitab stendləri, güllər bir də qadınlar bəzəyirdi. Onların əksər yerlərə getdikləri kimi bura da bir-biri ilə yarışırmışcasına gəldiyini görmək üçün ətrafa gözucu baxmaq kifayət edirdi. Hələ bir-birilərinə baxıb, göz süzdürməklərini forslanmaqlarını demirəm. Burada kişi sayının az olması mənim üçün qadınların daha çox özləri, sonra isə başqa qadınlar üçün bəzəndiyi fikrini bir daha sübuta yetirmiş oldu.
Ətrafı müşahidə edirdim ki, elə bu vaxt aparıcı xanımın təqdimatı ilə TEAS Press Nəşriyyat Evinin ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Günel Həsənova səhnəyə çıxdı. Qonaqları salamlayıb, xanımları təbrik edib, tədbir haqqında məlumat verdi:
“Bu, Bakı Limanı və TEASS Press-in birgə həyata keçirdiyi sosial layihədir. Vaxtilə Bakı Limanında müxtəlif sferada, fiziki güc sahələrində çalışan xanımlar olub. İndi 40-50 il öncə həmin sahələrdə çalışan belə xanımların fotosərgisi keçirilir. Məqsəd cəmiyyətimizdəki qadınların önəmini, liderliyini ictimaiyyətə çatdırmaqdır. Biz də bu sərgidə nəşriyyat evi olaraq öz yazar xanımlarımızla birlikdə iştirak edirik”.
Günel xanımın çıxışından sonra sərgidəki kitablarla tanış olmaq üçün stendlərə yaxınlaşdım və stendin başında duran cavan oğlanla söhbətə başladım.
– Salam.
– Salam, xoş gəlmisiniz.
– Kitablar haqqında məlumat verə bilərsiniz?
– Burada Azərbaycanın bilinməyən qəhrəmanları haqqında müxtəlif bioqrafik kitablar var. Həm həmin kitabların yazarlar tərəfindən imzalanma mərasimi olacaq, həm də sərgiyə gələn qonaqlar bu günə özəl olaraq TEASS Press nəşriyyat evinin kitablarından 30 faiz endirimlə yararlana biləcəklər. Bu gün stendlərdə olan kitablar müxtəlif sferada çalışan azərbaycanlı qadınlar haqqındadır. Biz nəşriyyat evi olaraq sərgidə öz yazar xanımlarımızla iştirak edirik.
– Hansı yazar xanımlarla?
– Reyhan Yusifqızı, Sevinc Nurqızı, Aybəniz İsmayılova, Nərmin Mahmudova və s.
– Kişi yazıçılardan kimsə olmayacaq?
– Yox, bu gün meydan xanımlarındır.
Elə bu vaxt yazıçı Reyhan Yusifqızı səhnəyə çıxaraq xanımları təbrik etdi və yazmaqda olduğu yeni kitabından danışdı:
“İlk Azərbaycanlı qadın gəmi kapitanı olan Şövkət Səlimova haqqında kitab yazıram. Şövkət xanım bütün Şərqin ilk qadın gəmi kapitanı olub. 1920-ci ildə doğulub. O, öz sənədlərini Bakı Dəniz Gəmiçiliyi Gəmi Sürücülüyü fakültəsinə verəndə, hər kəs şoka düşüb. Deyib bu qız sənəti deyil. Səndən gəmi kapitanı olmaz. Amma Şövkət çox təkid etdiyi üçün istisna hal kimi onu həmin fakültəyə qəbul ediblər. Xanım olduğu üçün bu yolda hər addımda çox çətinliklər görüb. Başqalarından iki dəfə çox oxuyub. Axır ki, arzusuna çatıb. Sonradan da yaxşı işlər görüb. Böyük Vətən müharibəsində öz gəmisində yaralıları, o cümlədən silah-sursatı daşıyıb. Çoxlu mükafatlar qazanıb. Tezliklə kitabı bitirib ictimaiyyətə təqdim edəcəm”.
Düzü Şövkət Səlimovanın adını ilk dəfədir eşidirdim. Reyhan xanımın çıxışı zamanı onu dinləyən sərgi iştirakçılarının üz ifadəsindən də onların da daha öncə bu addan xəbəri olmadığı hiss olunurdu. Deməli, sərgi öz məqsədlərindən birinə çatmış və “bilinməyən qəhrəmanlar”dan biri artıq məlum olmuşdu.
Sərginin keçirildiyi zalın divarboyunu müxtəlif peşələrdə çalışan qadınların şəkilləri bəzəyirdi. Yaxınlaşıb bir neçəsi ilə tanış oldum.
1-ci şəkil: “Bakı Limanının avtokar (elektrikli yükvuran) sürücüsü E.Davudova, 1958-ci il”.
2-ci şəkil: “Bakı Limanının krançısı Volkova iş başında, 1961-ci il”.
3-cü şəkil: “Bakı Limanının ilk xanım krançısı Məsumə Dadaşova, 1953-cü il.
Bu ağ-qara şəkillərdəki bilinməyən qəhrəmanlarla paralel stendin digər hissəsində indi Bakı Limanında fəaliyyət göstərən xanımların şəkilləri düzülmüşdü. Hər iki hissədə iş başında olan xanımlar fotolarda olduqca yorğun görünürdülər.
Tablolara baxanda xeyriyyəçi Hacı Nuran gəlib yanımdakı tablonun önündə dayandı. Üzümü çevirib salamlaşdım. Dərin fikrə getdiyindən mane olmamaq üçün hal-əhval tutmadan uzaqlaşdım.
Elə bu vaxt 5-6 xanım yanına gəlib Hacı ilə şəkil çəkdirmək üçün növbəyə düzüldülər. Özlüyümdə “Deyəsən bunlar məlum məsələni unudublar”- deyə düşünüb onların sonrakı taleyinə heyfsləndim.
Məkanda diqqətimi çəkən başqa bir məqam isə burada səslənən musiqilərə xanımların göstərdiyi münasibət idi. Onlar klassik mahnılara ağız büzür, şən mahnıları isə olduqca bəyənir, ortalıqda göbək atırdılar. Görünür, hazırkı müğənnilərimizin repertuarlarında daha az yer verdiyi klassik mahnıları bu xanımlar da sıyırıb həyatlarından çıxarmışdılar.
Elə musiqi fasiləsinin dərhal ardından yazıçı Aybəniz İsmayılova səhnəyə çıxaraq Azərbaycanın tarixində önəmli rol oynayan qadınlardan söz açdı:
“Tariximizdə olan qadın şəxsiyyətlər ilə bağlı müxtəlif dillərdə bir çox hekayələrimiz çap olunub. Yazıçı olaraq çalışmışıq ki, onları dünyaya tanıdaq. Hazırda neft qaz sahəsində çalışıram. Bundan öncə də müxtəlif sənaye bölmələrində çalışmışam. Son 3 ildə Qarabağ icmasının xanımları ilə də çalışıram. Artıq “məcburi köçkün” anlayışı yoxdur. Onlar öz torpaqlarına qayıdıb gözəl işlərlə məşğul olacaqlar. Onlara bu şəraiti yaratmaq vacibdir. İstərdim ki, burada istehsalat sənaye sahəsində çalışan qadınlar üçün yaradılan şərait Qarabağ icmasının qadınları üçün də yaradılsın”.
Aybəniz xanımın çıxışından sonra şən mahnı sədaları altında yanbayan düzülən xanımlar özlərini tərpətməyə başladılar. Onlar gah əllərini bir-birinin çiyninə atıb şənlənir, gah da yaratdıqları 3-lü, 4-lü qruplarda digər həmcinslərinin geyimlərini müzakirə edirdilər. Yeri gəlmişkən, əlifba bayramından tutmuş beynəlxalq tədbirlərə qədər istənilən məkanlarda belə qadın qruplaşmalarına rast gələ bilərik. Əminliklə deyə bilərəm ki, müzakirə predmetləri nə qədər fərqli olsa da, bu qruplaşmaların gəldiyi nəticə əksər hallarda eyni olur: “Bütün kişilər eynidir”.
Tədbirin sonunda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Piter Mixalko çıxış üçün səhnəyə yaxınlaşdı.
Yanında tərcüməçi olan Mister Piter çıxışa başladığı elə ilk cümlədə Azərbaycan dilində “Hörmətli qonaqlar, əziz dostlar” deməklə zaldakı adamların diqqəti üzərinə çəkərək nitqinə ingiliscə davam etdi. Tərcüməçi onunla paralel şəkildə dediklərini tədbir iştirakçılarına tərcümə etdi:
“Bakı Limanı artıq bir mədəni mərkəzə çevrilib. Bakı Limanı ilə Avropa İttifaqı arasında əməkdaşlıq mövcuddur. Biz sizin dayanıqlı inkişaf sahələrində qadın işçilərinizin sayının ötə ilə nisbətdə 20 faiz artırılmasını dəstəkləyirik. Eyni zamanda qadınları dəniz sahəsində dəstəkləməyiniz ideyası üçün sizi təbrik edirik. Aydın şəkildə görmək olur ki, bu sahədə digər sahələrdəkindən daha çox qadın iştirak edir. Sizi artıq nümunə kimi götürmək olar. Çıxışımı qadın güclü qüvvədir sözü ilə bitirirəm”.
Onun çıxışının sonundakı cümlə sərgidəki xanımları daha da qürrələndirdi. Onlar çıxışı alqışladıqdan sonra zalı tərk etməyə başladılar. Bəziləri yeyin, bəziləri sürətli addımlarla sərgidən çıxaraq ayrıldıqları iki saatlıq fasilədən sonra yenidən öz qayğılı həyatlarına doğru yol aldılar…