Fransa Senatı Prezident Emmanuel Makronun təklif etdiyi pensiya islahatı qanun layihəsinin təsdiqlənməsi üçün 195 lehinə, 112 isə əleyhinə səs verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, islahat layihəsi digər məsələlərlə yanaşı, pensiya yaşının 64 yaşa qaldırılmasını da nəzərdə tutur.
KİV xəbər verir ki, indi Senat qanun layihəsini qəbul etdikdən sonra, ehtimal ki, çərşənbə günü aşağı və yuxarı palata qanunvericilərinin birgə komitəsi tərəfindən nəzərdən keçirilməlidir.
Komitə mətnlə razılaşarsa, cümə axşamı hər iki palatada yekun səsvermə keçirilə bilər. Bununla belə, Makronun koalisiyasının son parlament seçkilərində çoxluğu itirdiyi parlamentin aşağı palatasında – Milli Assambleyada qanun layihəsinin qəbulu ilə bağlı problemlər yarana bilər. KİV yazır ki, bu halda hökumət konstitusiyanın 49.3-cü maddəsindən istifadə edə bilər. Bu da qərarların parlamentdə səsvermə olmadan qəbul edilməsinə imkan verir.
Qeyd edək ki, son aylarda islahat əleyhinə yeddinci ümummilli etiraz aksiyası şənbə günü Paris, Nitsa, Tuluza, Tulon, Lorient və bir sıra digər şəhərlərin küçələrində keçirilib.