Qadın organlarının sərgisi – Türkan Urmulunun şeirləri

Qadın organlarının sərgisi – Türkan Urmulunun şeirləri

Kulis.az “Sözün Güneyi” layihəsindən Türkan Urmulunun yeni şeirlərini təqdim edir.


Türkan Urmulu 1985-cı ildə Azərbaycanın ən qədim mədəniyyət ocaqlarının biri olan Urmuda anadan olub. 2005-ci ildə Urmuda “Yaz” nəşriyyatı tərəfindən “Gördüm” adlı ilk şeirlər kitabı nəşr edilib. Hüquq üzrə bakalavr təhsilini Urmuda tamamladıqdan sonra Türkiyəyə gedib və Ankara Universitetində beynəlxalq özəl hüquq üzrə magistratura pilləsində təhsil alıb.


2011-ci ildə “Özgə Toz” adlı ikinci şeir kitabı Bakıda “Qanun” nəşriyyatında nəşr edilib. Türkan şeir, hekayə və feminizmə aid əsərlərin tərcüməsi ilə də məşğuldur. Bakıda yayımlanan Maya Angelounun “Fenomenal qadın” adlı şeirlər kitabının və Bell Kooksun “Feminizm hər kəs üçündür” adlı kitabın tərcüməçisidir.

***

Niyə hamı bir yana, sən bir yana?

Sən

niyə bu qədər gərəklisən?!

Bütün eşitlik qaydalarını pozan,

hər an, hər yerdə hazır

hüzurun…

O hər gün məni

aynaların ağ saçlarına

astaca gülümsədən

ağır əngin

hü zu run…

Bir də ürəyimdən aya qədər yüksələn ahəngin…

Biz sistematik sevgilərin peşəkar rəqqasələri,

əlbəttə ki, mən hələ heç kimsəyə

səninlə ayın ürəyində rəqs etdiyimizi deməmişəm.

Təki əksilməsin hüzurun

vaxtında çiçəklənən ən xoşbəxt orkidələr kimi

bu sevgi heç solmasın.

Əlbəttə ki, hər şey tam “qaydasında” qalsın.

***

Rəsmi kimliyini daşımayan vətənin vətəndaşı

rəsmi xəritələrin sömürdüyü coğrafiyanın rəsmi sürgünlərindən biri

adımı yanlış səsləyənlərin babalı

onu rəsmən yanlış yazdıranların boynuna.

Adımı səsləməyənlərin babalı

rəsmən yazdırmağa belə qoymayanların boynuna.

İndi qoy bütün rəsmi çizgilərin ürəyinə cızıq salım.

Qoy indi mən səni görməyə gəlim.

Zümrüd quşu – qanadı oxşayan əllərinə toxunmağa

sevgili…

Mənə qanad lələklərindən qələm gətirməyi unutma,

qənşər şeirlərimə gəbə,

qənşər duyğularım…

sevgili,

qoy adımı adının yanında yazım.

***

İnlər damlalar,

ağıt kimi yağırdı yağış o gecə,

şəhərin bütün işıqları gecikmiş qaranlığa,

fastfoodların belə işləmədiyi saatlar…

Ora birinci dünyanın

ən ünlü xiyabanlarından biri,

ora hər gecə polislərin unutduğu

omba-bacaq qadın organlarının sərgisi…

Tanrının məsləhətindən umudu kəsmiş

günahlarımızın mələk qurbanları,

üsyan – onların göylərə açılmış şəmsiyyələriydi…

şeir yox,

o gecə ancaq ağıt yazıldı…

Share: