Müstəqil.Az ədəbiyyatşünas, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanla müsahibəni təqdim edir.
– Azər müəllim, bu günlərdə sizin “Atam, anam, qardaşım, mən və Stalin” adlı pyesiniz əsasında hazırlanan tamaşanın premyerası oldu. Ədəbi və mədəni mühitdən xeyli qonaqlar qatılmışdı premyeraya. Həmin gün nə ilə yadda qaldı sizin üçün?
– Çox şeylə yadda qaldı. Həm də ötənlərdə qalmış çox şeyləri yenidən xatırlatdı. Eyni estetikada əvvəllər də səhnə və ekran işlərim olmuşdu. “Atam, anam, qardaşım, mən və Stalin” tamaşasının rejissoru Bəhram Osmanov 1984-cü ildə yazdığım “Sənsiz səninlə” tamaşama da quruluş vermişdi. O tamaşanın janrını improvizə-tamaşa adlandırmışdıq. Vaqif Mustafazadə barədəydi. Vidadi Həsənov aktyor kimi, Vaqif Gərayzadə isə pianoçu-bəstəkar kimi ilk dəfəydi ki, səhnədəydilər. İndiki kimi onda da ədəbi mədəni mühitdən xeyli tamaşaçı gəlmişdi. Tamaşaçılar arasında Vaqifin anası Zivər xanım, qızları Əzizə və Lalə xanım da var idi. Xəlil Rza Ulutürk, rejissor Nəsir Sadıqzadə də ordaydı. Qəribədir, “Atam, anam, qardaşım, mən və Stalin” tamaşası göstəriləndə məhz həmin günü xatırladım. Dəyişən təkcə Bəhramla mənim yaşımız idi. Estetika həmin estetikaydı, sənətə baxış tərzimiz eyniydi.
– Açığı bunu bilmirdim. Maraqlı informasiya oldu.
– 1990-cı illərin əvvəllərində “Tanrının elçiləri” silsiləsindən yazılar yazırdım. İki mətnim var idi: “Əlif Lam Ra” və “Əlif Lam Mim”. Bu, yetərincə həcmli esseləri rəhmətlik Səyavuş Sərxanlı oxumuşdu və onların çapında çox israrlı idi. 1992-ci ildə həmin mətnlərdən birini – İbrahim Peyğəmbərdən bəhs edən “Əlif Lam Ra”nı Azərbaycan Televiziyasına təqdim etdim. O zaman televiziyanın sədri Məmməd İsmayıl idi. Əsəri rejissor Tariyel Vəliyevə vermişdi. Tariyel müəllim mənimlə söhbət etdi. Sonra onun rejissorluğu ilə məncə çox unikal bir teleesse hasilə gəldi. İbrahim peyğəmbər rolunda aktyor Ramiz Novruz, İsmayıl Peyğəmbər rolunda isə Fikrət Vəliyev çıxış edirdilər. “Tanrının elçiləri” silsiləsindən “İbrahim peyğəmbər” Azərbaycanda teoloji mövzuda təqdim olunan ilk tamaşaydı. O teleesse, yaxud film-tamaşa da təxminən həmin estetikada yaradılmışdı.
– Əhməd Həmdi Tanpınar deyirdi ki, biz Berqson dövrünün çocuqlarıyıdıq. Berqson dövrünün uşaqları olmaq asan məsələ deyildi. Bu baxımdan siz, biz kimlərin dövrlərinin çocuqları olduq?
– Müasir dünya ədəbiyyatı, o cümlədən Türk ədəbiyyatı hələ ki, Berqson dövrünün cocuqları tərəfindən, yaxud həmin atmosferin ruhi cazibəsində yaradılır. Məncə bütöv və parçalanmaz zamanın ən gözəl mənzərəsini də elə Tanpınar yaradıb. “Nə içindeyim zamanın” şeirini deyirəm. Deyəsən cavab tapdım axı. Biz ədəbiyyat olaraq, Tanpınar zamanının içindəyik.
– Sizinlə söhbətlərimizdə bir neçə dəfə “Əli bəy Hüseynzadənin Azərbaycandan gedişi ilə ədəbiyyatımız yetim qaldı” ifadəsini işlətmisiniz.
– Bunu mən demirəm. 1910-cu ildə Hüseynzadə Bakıdan gedəndə Azərbaycanın bütün mədəni elitası bu fikirdəydi. Əlabbas Müznib deyirdi ki, Əli bəy bir böyük aləm kəşf etdi, millətə milləti qandırdı, onun gedişiylə Qafqaz əhalisi başsız, böyüksüz qaldı. Dilsizlərin dili, karların eşidən qulağı, korların görən gözü, bir bölük maarif yetimi olan Qafqaz müsəlmanlarının atası Bakını tərk edirdi. Bu gedişlə Qafqaz Azərbaycanlılarının yetim qaldığını o dövrün əksər yazılı mənbələri, qəzetləri qeyd edib. Hüseynzadənin Bakıdan gedişi ilə əlaqədar “Səadət” məktəbində böyük bir ziyafət verilmiş, məclisdə iştirak etmək üçün Bakıda iqamət etmiş bütün diplomatik nümayəndəliklər, Bakı əsilzadələri xüsusi dəvətnamələrlə ziyafətə dəvət olunmuşdular. Məclisin yuxarı başında isə Bakı Qazisi Mir Məhəmməd Kərim Ağa əyləşmişdi. Mən bunları şifahi xatirələrə istinad edərək demirəm, o dövrün mətbuatı belə yazırdı.
– Amma Əli bəy, ölkədən kənarda da fəaliyyətsiz qalmadı. Daim Azərbaycan üçün, maarifçilik, türkçülük naminə çox işlər gördü. Həmin fəaliyyətlərin bu gün bizim ədəbiyyatımıza nə kimi köməyi var? Yəni biz Əli bəy Hüseynzadə yaradıcılığından, irsindən nə qədər öyrənə, nəyi mənimsəyə bilirik?
– Samirə xanım, bir anlığa təsəvvür edin, Azərbaycan Tolstoyun, Hötenin adını ilk dəfə Əli bəy Hüseynzadədən eşidir. “Tolstoyluq nədir” sualına bu dildə, bu toplumda ilk dəfə Əli bəy Hüseynzadə cavab verir, “Faust”u tərcümə edir. Fransız ədəbiyyatından “Əzhari-fəna”, yəni Bodlerin “Şər çiçəkləri” şeirlər kitabı barədə ilk dəfə, özü də 1906-cı ildə Əli bəy Hüseynzadə məlumat verir. Bir anlıq təsəvvür edin, ilk Vətən şeirimizi o yazır, mən “Hali-Vətən” şeirini nəzərdə tuturam. Təsəvvür edin, Nitşe barədə ilk silsilə xarakterli fikirlər onun qələmindən çıxır, Hartmanı Azərbaycana o tanıtdırır, Avropa modernist cərəyanları barədə, dekadentizm, simvolizm barədə ilk dəfə o məlumat verir, hələ dövlət ideologiyası, müstəqillik çağırışlarını bir tərəfə qoyaq, indi təsəvvür edin Əli bəyin Bakıdan gedişi ilə biz nələri itirdik və bu günə qədər qazandıqlarımızın içində Hüseynzadə irsinin payı nə qədərdir?
– Bu gün türk düşüncəsinə diqqət artıb, Türkiyə ədəbi mühiti ilə qarşılıqlı əməkdaşlıq güclənməkdədir. Azərbaycanda türk düşüncəsi ilə bağlı sistematik, ardıcıl, davamlı yazan müəlliflərdən biri də sizsiniz. Özü də indi yox, neçə onillik əvvəldən. İstərdim bu barədə söhbət edək. Türk amilini yaradıcılığının bütün dönəmlərində aparıcı xəttə çevirən Azər Turan Türkiyə-Azərbaycan ədəbi əlaqələrinin hazırkı durumunu necə dəyərləndirir?
– Əvvəla sualın birinci hissəsini təshih etmək lazımdır. Ədəbi mühitlərimiz arasındakı hansı qarşılıqlı əlaqələrin güclənməsindən danışırıq? Türk düşüncəsinə diqqət artsa da, Türkiyə ilə Azərbaycan ədəbi əlaqələrinin indiki durumu ürəkaçan deyil. Özfəaliyyət səviyyəsindədir. Bu gün hər iki tərəfdən çağdaş Türkiyə, yaxud Azərbaycan ədəbiyyatının ən dəyərli örnəkləri bir kənarda qalıb, ədəbiyyata təsadüf gözü ilə baxan bir yığın ədəbiyyat həvəskarının təqdim etdiyi məhəlli ədəbiyyat burdan ora, ordan da bura transfer olunmaqdadır. Bu isə nəinki ürəkaçan proses deyil, hesab edirəm ki, ümumiyyətlə, qarşısı alınmasa, bu, ədəbi qürubun başlanğıcı ola bilər. Təsəvvür edin, sovetlər dönəmində Azərbaycanda təkcə Tevfik Fikrət, Əbdülhəq Hamid, Nazim Hikmət, Orxan Kamal, Rəşad Nuri Güntəkin, Suat Derviş, Dağlarca və başqalarının kitabları deyil, hətta Birinici Yeninin ən böyük şairi Orxan Vəlinin şeirləri də çap edilirdi. Türkiyədə gedən ədəbi prosesə tədqiqat kitabları, araşdırmalar həsr olunurdu. Hətta monoqrafiyalar yazılırdı və üstün səviyyədə yazılırdı. İndi necədir? İndi vəziyyət başqadır. Bir də görürsən “Ədəbiyyat qəzeti”nə Türkiyənin, Allah bilir, neçənci dərəcəli yazarı barədə iki həftənin içində ayrı-ayrı müəlliflərin yazdığı araşdırma məqalələri təqdim olunur. Bir nəfər barədə bir məqalə deyil, müxtəlif alimlərin yazdıqları onlarla məqalə. Çağdaş türk ədəbiyyatında nəinki tanınmayan, ümumiyyətlə heç zaman da tanınmayacaq müəlliflər barədə nəinki məqalə, hətta kitablar yazılır Azərbaycanda. Təqdim olunan imza Azərbaycan oxucusuna nə deyir? Bu imza nəinki Azərbaycan, heç Türkiyə oxucusuna heç nə demir. Təəssüf ki, Türkiyədə də əksərən, Azərbaycan ədəbiyyatının ciddi örnəklərini deyil, daha çox, tutaq ki, bizim “Ədəbiyyat qəzeti”ndə çap etmədiyimiz, yaxud çapını rəva görmədiyimiz müəlliflərin yaradıcılığı təqdim olunur. Doğrudur, istisnalar var, amma ümumi halda vəziyyət belədir. Yaxud, əksinə, bu yaxınlarda tutaq ki, Türkiyə Universitetlərinin birində hazırlanmış bir elmi araşdırma mətni ilə tanış oldum. Azərbaycanda ən sıravi səviyyədə belə ədəbiyyat çəkisi olmayan bir müəllif barədə Türkiyə universitetlərinin birində hazırlanmış elmi iş – tədiqiqat, yəni. Niyə? Bu müəlliflər Türkiyəyə hansı yolla daxil olurlar, yaxud Türkiyədən o alimlərin Bakıya gəlişini koordinasiya edənlər kimlərdir? Durum heç zaman bu dərəcədə təhlükəli olmamışdır. Əslində bu tendensiya ədəbiyyatın fiaskosudur. Yaxşı, gərəkli işlərə kölgə salmaq istəmirəm. Amma vəziyyət əsasən belədir.
Yaxud indi ölkədə Beynəlxalq statuslu türk mədəniyyətini araşdıran təşkilatlar var. Baxmayaraq ki, neçə illərdir “Divani-lüğət it Türk”ün ilk dəfə Azərbaycanda tərcümə edildiyi barədə müzakirələr gedir. Bu barədə yazırıq. Əsəri Azərbaycan türkcəsinə çevirən və buna görə repressiya edilib güllələnmiş Xalid Səid Xocayev özbək əsilli Azərbaycan türkoloqudur. Faktın özü bilvasitə dediyim həmin təşkilatların fəaliyyət sferasına aiddir. Bununla bağlı bir dəfə də olsa maraqlanan olubmu? Olmayıb. Halbuki maraqlanmalıydılar. Əməli iş görülməliydi. Yoxsa türk dünyasının böyükləri barədə yubileylər keçirməklə hədəfə çatılmaz. Elmə işləmək lazımdır. Tutaq ki, bizim günlərdə bu qədər resursun, vəsaitin cəmləşdiyi təşkilatların görə bilmədiyi işlərin daha mükəmməlini bir zamanlar təkbaşına Fuad Köprülü, yaxud Zəki Vəlidi Toğan həyata keçirirdi.
– “Ədəbiyyat qəzeti”nin baş redaktoru kimi təbii ki, qəzetdə gənclərin çap olunması, dünya ədəbiyyatından tərcümələrə yer verilməsi, ədəbi tənqidin davamlılığı sizi məmnun etməyə bilməz. Amma mən istərdim bir az da konkret qəzetlə bağlı narahat olduğunuz məqamlara toxunasınız…
– Məncə qeyd etdiyiniz bu məqam bütünlükdə ədəbi camiamızı məmnun etməlidir. Dünya ədəbiyyatından elə örnəklər təqdim edirik ki, ədəbiyyatın nə olduğunu bilən, ədəbiyyata ömür kimi yanaşan hər kəs buna yalnız sevinməlidir. Tutaq ki, “Ruhum özlərdi ucaları, amma eşq, çəkdi torpağa…” Hölderlinin misralarıdır. Bəlkə də dünya ədəbiyyat tarixinin ən faciəvi şəxsiyyətidir. 70 illik ömrünün 30 ili normal həyatdır. 40 ili dəlilik… “Bu müqəddəs kütlənin içində yalnız biri, hamıdan təmizi – Hölderlin bu allahsız yerin üstündə uzun müddət qala bildi: fələk onun üçün ən qəribə tale hazırlamışdı”. Biz “Ədəbiyyat qəzeti” olaraq, Hölderlinin Azərbaycan oxucusuna daha da yaxınlaşması üçün Cavanşir Yusiflinin çox gözəl tərcüməsində Stefan Svayqın “Hölderlin” əsərindən bir parçanı təqdim etmişik. Mən Cavanşir Yusiflinin bu tərcüməsini oxuyanda onun məhz “Ədəbiyyat qəzeti”ndə çap olunacağına görə çox sevinmişəm. Yaxud Həmid Priyevin tərcüməsində yəhudi əsilli fransız simvolisti Marsel Şvobun 1896-cı ildə qələmə aldığı “Uşaqların səlib yürüşü” mistik-fəlsəfi əsərini götürün. Unikaldır. Qeyri-adidir və bütün bunlar “Ədəbiyyat qəzeti”ndə dərc olunur.
– Gənclərə münasibətiniz həmişə qəzetinizin yayımlarında da hiss olunub. Ümidləndiyiniz gənclər çoxdur ya əksi…
– Söhbət gənclikdən gedəndə mən yaş senzini nəzərdə tutmuram. Həm də bu günkü gəncliyin nəinki altmışıncı illərdəki yaşıdlarından, ümumiyyətlə, ən yaxın tarixdəki gənclikdən fərqi çoxdur.
– Hansı mənada?
– O mənada ki, indiki gənclər, az qala, təbiətin bir parçası kimidirlər. Ən başlıcası, heç kəs onları öz inhisarına ala bilmir.
– Ad çəkə bilərsiniz?
– Əlbəttə çəkə bilərəm. Elşən Mehdinin “Yola salan yoxdu Xudaverdini” şeirindəki Xudaverdini Orhan Vəlinin “Kitabeyi səngi-məzar”ındakı Süleyman əfəndi ilə qiyaslandırıram. Habil Rzanur bənzərsizdir. Yaxud Eminqueyin “Sevdim səni, öpdüm səni, qucaqladım…” şeirində pessimizm poetik estetika səviyyəsinə yüksəlib. Rəşad Nağı Mustafanın “Müharibə başlayıb… Nəbatat bağındayam” şeiri min illik Azərbaycan poeziyasının ən gözəl örnəklərindəndir. Bu şeir barədə ötən il, Nizami adına Ədəbiyyat İnstitutunda keçirilmiş “Ədəbi proses” müşavirəsində etdiyim “Çağdaş Azərbaycan şeirində modernist estetikalar” mövzusunda məruzəmdə də bəhs etmişdim. Bəzən çağdaş şeirimizin dünyaya çıxa bilməməsindən gileylənirik. “Quyudan Allaha çağırış” şeirinin müəllifi gənc dostum Eminqiey dünyanın şairi deyilmi? Ulucay Akifin “Küçə lampaları kimi söndü gülüşün / bir-bir, asta-asta, həm də / səhərə yaxın…” kimi gözlənilməz metaforalarla zəngin impressionist ovqatlı şeirləri, estetik təmayül və cərəyanları kifayət qədər dərindən mənimsəmiş Rəvan Cavidin düşüncələrə yön verən esseləri çağdaş dünya ədəbiyyatının ritmindədir. İki gənc Təbrizlinin – Bakıda Ümid Nəccarinin və Təbrizdə Əli Çağlanın yeni poetik təfəkkürdən soraq verən şeirləri, ümumiyyətlə, Cənublu gənc şairlərimizin şeirləri Cənub poeziyamızın akademik təhlilini zəruriləşdirir. Bu yaxınlarda Səddam Laçının “İlayda” şeirini dərc etmişdik. Şeir tezis və antitezis üzərində qurulmuş uğurlu poetik nümunəydi. Şeirdə təsvir olunan dilənçi qızın adı İlaydaydı. İlayda – Su Pərisi deməkdir: “Dilənən su pərisi!”. Şeir dramatik səciyyəsinə görə hədsiz maraqlı mətn idi. Yaxud gənc şair Əlibalanın yazdığı mistik içərikli şeirlərində, hətta ayrı-ayrı şeirlərində deyil, bir şeirin içinə sığışdıra bildiyi pessimizmlə həyat fəlsəfəsinin çarpışması onun yaradıcılığının təhlilə cəlb olunmasını zəruri edir. Gənclərimiz hansı estetik axında olduqlarını yaxşı bilirlər. Onlar əslində ədəbiyyatda hadisə törədirlər. Məncə artıq onların özlərinin yaratdığı bir ədəbi dalğa var və o dalğaya da konkret ünvan verilməlidir. Sərdar Amin, doğrudur, əvvəllər “Ədəbiyyat qəzeti”nin müəllifi idi. Bütün yazıları burda dərc olunurdu. İndi mən onun yazılarını “Qafqazinfo” saytından, özü də zövq alaraq oxuyuram. Sərdar Amin düşündürməyi bacaran nadir yazarlardandır. Malik Atilayda nasir təfəkkürü ilə şair ruhu qovuşur… Mənim baş redaktor olduğum dövrün “Ədəbiyyat qəzeti” bu gənclərin qəzetidir. Bəzən özləri yazı göndərirlər. Bəzən özüm zəng edib onlardan yazı istəyirəm. Davamlı olaraq, haqlarında yazılar dərc edirik. Gənclər barədə daha çox Elnarə Akimova yazır, Cavanşir Yusifli yazır və onların yazıları ədəbi mətnlərin qarşılığında həmin mətnlər üçün estetik iqlim yaradır, bəzən hətta deyərdim ki, ədəbi əyara çevrilir. Yeri gəlmişkən, bunu da vurğulayım və siz də bilirsiniz ki, ölkənin bütün ədəbi tənqid arsenalı “Ədəbiyyat qəzeti”nin ətrafında birləşib.
Azərbaycanın qısa ömür yaşamış böyük bir əbədi gənc şairi var – Faiq İsmayılov. Modernist ruhlu və yüz il sonra da sevilərək oxunacaq şeirlərini 1980-ci illərin əvvəllərində 18-25 yaşlarında qələmə almışdı. Mən otuz il əvvəl onun barəsində “Ölüm süvarisi” adlı bir kitab yazmışdım. Kitablarını nəşr etdirmişdim. Buna rəğmən, heç bir halda diqqəti cəlb etmirdi. “Ədəbiyyat qəzeti”ndə isə onun yaradıcılığını yenidən ədəbi dövriyyəyə qaytardıq. Faiqin “İynə boyu şeirlər”i barədə “Ədəbiyyat qəzeti”ndə Xalq yazıçısı Anar, Xalq şairi Ramiz Rövşən, tənqidçilər İradə Musayeva, Elnarə Akimova, Mətanət Vahid, Rüstəm Kamal yazdı. Faiqin şeirlərindən və haqqında yazılan məqalələrdən ibarət “İynəboyu böyük dünya” kitabını “Ədəbiyyat qəzeti” yayınları” seriyasından nəşr etdik. Ulucay Akif kitab barədə gözəl bir yazı yazdı. Tənqidçi Ülvi Babasoy Faiqin şeirləri barədə silsilə yazılar yazdı, həmin məqalələr də “Ədəbiyyat qəzeti”ndə dərc olundu və biz gənc tənqidçi Ülvi Babasoyun 30 il əvvəl gənc yaşında dünyasını dəyişmiş Faiqin şeirləri fonunda poeziyaya konseptual baxışını sərgiləyən “Doğumun unuduluşu” adlı kitabını da “Ədəbiyyat qəzeti” yayınları” seriyasından nəşr etdik… Bunu niyə xatırlatdım? Faiqin şeirlərini 1980-ci illərin ortalarında aparıb, ədəbi jurnalların birində kiməsə – mən bilərəkdən ad çəkmirəm – vermişdik və bu gün haqqında Anarın da, Ramiz Rövşənin də, Çingiz Əlioğlunun da, tənqidçilərimizin də böyük sayqıyla danışdığı həmin şeirlər redaksiyanın bir küncünə atılmış, diqqətdən kənarda qalmışdı. Biz az qala, 40 ilin yanlışını təshih etdik, Faiqi layiq olduğu məqama qaytarmağa çalışdıq və buna qismən nail olduq. İndi Akademiyada Ədəbiyyat İnstitutunun hazırladığı “Azərbaycan ədəbiyyat tarixi” kitabına Faiq barədə oçerk daxil edilib. Faiq də gənc idi, mənim isə ən yaxın dostum idi…
Gənclərlə bağlı bir də onu demək istərdim ki, mən gənclərimizə gənc gözü ilə baxa bilmirəm. Yaşadıqları həyat bizim gəncləri kifayət qədər müdrik edib. Böyüklərin də onlardan öyrənəcəyi çox şey var.
– Ədəbi gənclik barədə çox nikbin danışdınız…
– Ədəbiyyatda ədəbi gənclik deyil, nəsillərin əvəzlənməsi prosesi – generation var. Mətnin dərinliyində gəzinməyi bacaran, yaxud bu dərinliklərdə üzməyi sevən yazıçının yaşını necə müəyyənləşdirə bilərsiniz? Tutaq ki, sizin “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş və işğal dövründəki yaşantılarınızı, ağrılarınızı estet bir kədərə bürüyən “Sonuncu yayın sonatası” hekayəniz… Yaxud “Sabir Əhmədlinin göz yaşları…” esseniz ağrını ədəbiyyatlaşdıran mətnlərdir. Sabir Əhmədlinin “Ömür urası”ndakı ağrı ilə həmahəngdir. Yazıçı kimi emossional yaddaşınızın fərqliliyindən xəbər verir. Bu, çox mühümdür. Ona görə “Mənim üçün qızıl gül” bu qədər uğur qazandı. Kitabınız “Mənim üçün qızıl gül” hekayənizin adını daşıyır və məmnuniyyətlə xatırlayıram ki, o hekayə də ilk dəfə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuşdu.
Söhbət ədəbi gənclikdən düşmüşkən, məsələn, mən çox istərdim ki, onların oxuduğu kitablar arasında təkcə modern Avropa romanları deyil, İbn Fədlanın “Səyahətnamə”si də olsun. Çünki bu kitabda min il əvvəlki oğuzların islamiyyəti qəbul etmədən öncəki həyat tərzi, hadisələrə, ətraf mühitə, ümumiyyətlə, bütün məsələlərə ilkin münasibətləri əks olunub. Qogenin “Hardan gəlmişik? Kimik? Hara gedirik?” əsərindəki kimi. Amma fərq orasındadır ki, tutaq ki o tablonu müşaiyət edən mifoloji obrazların tabloya yansımış anlamlardırsa, Fədlanın kitabındakı Oğuzlar az qala, həmin o mifoloji dönəmin içindədirlər. Ərəb səyyahının baxışlarında əcdadımızın kimliyi. Bu mənada əsərdə diqqəti cəlb edən detallar saysız-hesabsızdır. Tutaq ki, gəlib keçən sivilaziyalar bizi hansı rakurslarda dəyişib? İlkin dövrümüzdə əxlaq barədə nə və necə düşünmüşük və s. Yaxud, həm də Kramerin “Tarix şumerdən başlayır” kitabını oxumalıyıq. Bu kitabda üç sivilizasiyadan öncəki insanın kimliyi vardır. Gəlib keçən üç sivilizasiya bu günün insanını necə başqalaşdırıb? Bəlkə də bu kitabları məsləhət görməklə yanılıram? Amma təsəvvürlərim belədir. Söhbət mifolojinin mətnə tətbiqindən düşmüşkən. Nargisin mifologiyanı mətnə tətbiq etmək səriştəsi sanki ümumi bir mərkəzin ətrafında müxtəlif dalğalar yaradaraq yazdığı “Tanrılogiya” əsərində bütün əlvanlığı ilə görünür. “Tanrılogiya”nı yazdıqca müəllif onu “Ədəbiyyat qəzeti”nə göndərir. Fikir və düşüncələrini gənclik maksimalizmi ilə mifolojinin içindən keçirən Nargisin bu əsəri uğurla yekunlaşdıracağına inanıram.
Amma biz söhbətimiz kontekstində ədəbi gənclik probleminə qayıdaq… Tutaq ki, Hüseyn Cavid “Şeyx Sənan”ı yazanda bizim ədəbi gəncliyin yaşıdıydı. 30 yaşı yenicə tamam olmuşdu. Əttardan, daha doğrusu, 1) təsəvvüf ədəbiyyatından gələn klişeləri dəyişdirdi, 2) Şeyx Sənanı türkləşdirdi. 3) Bu günkü Gürcüstan torpaqlaqlarında Şeyx Sənanı yerli Oğuz qarşıladı. 4) Təsəvvüf ellementlərini modern düşüncəyə tətbiq elədi. 5) Təsəvvüf rəmzləri ilə ilk dram əsərini yazdı… Əsərin neçə gizli qatı var. Tutaq ki, Fəriddədin Əttarın Şeyx Sənanı ixtiyar bir aşiqdir, Cavidin Sənanı 30 yaşlı bir gəncdir. Mətləbdən uzaqlaşsam da 30 yaşlarında Cavidin öz yaşıdı Sənan üçün təyin etdiyi sifətlərə baxın, mən bunu “Cavidnamə” kitabımda da yazmışam: Cavidə görə Şeyx Sənan rəhnumаyi-irfаndır, bəhri-hikmətdir, хаliqi-fəzilətdir, şöleyi-hikmətdir, şeyхi-sаhib kərаmətdir, çоbаn şeyхdir, əfəndi bаbаdır, övliyаdır, şəmsi аləmtаbdır, mürşidi-binəzirdir, nuri-irfаndır, Kəbeyi-imаndır, qibleyi imаndır, mənbeyi-nurdur, rəhbəri-vicdаndır, əsiri-məhəbbətdir və sаir… Yəni hər cizgi Şeyx Sənanın xarakterindəki mənaları ehtiva edir. Təsəvvüf ədəbiyyatını bir ömür oxusanız yenə də Cavidin keçib getdiyi yolların mənasını şərh etməkdə aciz qalacaqsınız. Amma yenə də xatırladıram, bu əsəri yazarkən, Cavid 30 yaşlarında bir gənc idi…. Xaç asmaq məsələsinə, Şeyxin donuz bəsləməsinə, türk təsəvvüf ədəbiyyatında arifin öz imanının sabitliyini yoxlamaq üçün zünnar bağlamasına və s. bir də təsəvvüfün gözü ilə baxın. Qarşınızda mühüm bir dünya ədəbiyyatı abidəsi görəcəksiniz. Dünyaya çıxara bilsək, modern ədəbiyyatın ən nadir nümunələrindən biri kimi qarşılanacaq. Üstəlik, belə bir sənətkarı yetirən xalq barədə təsəvvürləri mükəmməlləşdirəcək. İndi bu əsəri yazan 32 yaşlı Hüseyn Cavidi ədəbi gənclik kriteriyası ilə dəyərləndirə bilərikmi? Məncə yox. Böyük ədəbiyyatı yaratmağın yaş limiti yoxdur. Həqiqi ədəbiyyatı sənətin pionerləri, yaxud komsomolçuları deyil, böyük istedadlar yaradır. İstər 30 yaşında olsun, istərsə də 80 yaşında. Cavid isə 59 yaşında Sibirdə sürgündə dünyasını dəyişmişdi və ən mühüm əsərləri olan “Şeyx Sənan”ı da, “İblis”i də 38 yaşına qədər yazıb tamamlamışdı.
– Dünya ədəbiyyatı və biz. Azər müəllim, sizcə biz dünya ədəbiyyatının harasındayıq?
– Bəzən elə mülahizələr irəli sürülür ki, sən demə, indi bizdə dünya ədəbiyyatı deyilən anlayışın özündə də dəqiqləşdirmələr aparmaq lazım imiş. Guya indi heç belə anlayış yoxdur. Hər millətin öz ədəbiyyatı var. Amerikan ədəbiyyatı, Fransız ədəbiyyatı, Azərbaycan ədəbiyyatı var imiş. Dünya ədəbiyyatı yox imiş. Ona qalsa, Markesin “Yüz ilin tənhalığı” dünya ədəbiyyatı deyil, yalnız Meksika ədəbiyyatının nümunəsidir? Saramoqonun “İsanın İncili” romanı dünya ədəbiyyatı deyil, yalnız Portuqal ədəbiyatıdır? Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanı dünya deyil, yalnız Amerikan ədəbiyyatıdır? Bussatinin “Tatar çölü” yalnız İtalyan əsəridir? Aytmatovun “Əsrə bərabər gün” romanı yalnız qırğız ədəbiyyatı nümunəsidir? Aydındır ki, bu əsərlərlə qırğız, italyan, ispan, portuqal, Amerikan mənşəli yazıçılar dünya ədəbiyyatı faktını yaradıblar. Dünya ədəbiyatı bu əsərlərlə dünya ədəbiyyatıdır. Necə olub ki, Orta əsrlər Gəncəsində Nizami dünya ədəbiyyatının zirvəsini fəth edib? Biz isə indi dünya ədəbiyyatının qapısı ağzında dayanıb həsrətlə həmin dünyaya boylanırıq. Orda evin sahibi bizdəndir. Amma biz evin içində deyilik. Nizami Höteyə, Şillerə, Ostiyə təsir göstərib. Bəs indi niyə biz bu durumdayıq? Görünür, səbəblər çoxdur. Biri də budur ki, əsərlərimizi dünyaya çıxarmağın texnologiyasını dəqiq düşünməmişik. Tutaq ki, indi belə əsərlər yoxdur, bəs Hüseyn Cavidin“Şeyx Sənan”ı? Dünya belə bir əsərə niyə biganə qalsın ki…
– Son 30, 40 ildə millət olaraq çox böyük faciələr, itkilər yaşadıq. Müharibə, qaçqınlıq, çadır şəhərcikləri, torpağını itirmiş əyalət insanlarının məcburi şəkildə şəhərə inteqrasiyası və.s. Bütün bunlar nə qədər ağrılı olsa da, həm də əslində böyük sənətin, ədəbiyyatın yaranmasına zəmin yaratmalıydı. Sizcə sualın sonundakı yaratmalıydı sözüm çox pessimist əhvaldadı, ya haqlı ümidsizlikdir? Daha konkret niyə bizim faciələrimiz qədər böyük ədəbiyyatımız formalaşmır, pərakəndəliyə, imitasiyalara yuvarlanır?
– Amma milli sevinclərimizin müqabilində ona müvafiq ədəbiyyatımız yaranırdı. Faciələrimizə gəlincə. Dünya ədəbiyyatını dərindən bilən bu qədər yazıçının yaşadığı ölkədə ağrılarımızı ən üstün ədəbi kriteriyalarla dünyaya çıxaran, yaxud elə xalqın özünə təqdim edən roman, yaxud hekayə niyə yazılmadı, bu suala cavab verməkdə çətinlik çəkirəm.
– Müsahibələrinizin birində Birinci Qarabağ müharibəsindən bəhs edir, işiniz gərəyi o zaman 130 şəhid ailəsi ilə görüşdüyünüzü, daha doğrusu, şəhidlərin nəşini ailələrinə təhvil verdiyinizi xatırlayırsınız. Qarabağ mövzusu, müharibəsi bizim üçün hər zaman ağrılı, həssas mövzudur. Otuz il 1-ci Qarabağ müharibəsinin, iki il də 2-ci Qarabağ müharibəsinin üzərindən keçir. Sizcə bizim ədəbiyyatın həmin ağrı acıları sənətə çevirməyə gücü çatacaqmı? Müşahidələriniz, fəhminiz sizə nə deyir?
– Məncə indiyə qədər çevrilməliydi. Çevrilmədisə, bundan sonra necə çevriləcəyini deyə bilmərəm… Əvvəlki sualınıza qayıtmaq istəyirəm. Bunu bir neçə dəfə yazmışam, demişəm, amma yenə də təkrar etmək istəyirəm. İşimlə əlaqədar şəhid ailələri ilə çox görüşdüyümü siz də xatırlatdınız. Həmin ailələrin birində şəhidin anası vardı. Adı Məryəm idi. Məryəm xanımın oğlu Birinci Qarabağ müharibəsində itkin düşmüşdü. Neçə müddətdən sonra oğlunun nəşini tapdı. Oğlunun nəşinin şəklini çəkdirmişdi. Məryəm şəkli özü ilə gəzdirirdi. Buyursun, ədəbiyyat. Məryəmin obrazını, yaşantılarını yaratsın. İnan ki, “Piyeta”nı kölgədə buraxar. Bizim Məryəm hətta İsanın anası Məryəmi kölgədə buraxar… Mikelancelo Məryəmin bakirəliyini, məsumiyyətini qabartmaq üçün onu gəncləşdirmiş, taleyin bəxş etdiyi kədər isə bizim gənc Məryəmi qocaltmışdı. Milli Məryəmimiz var. Amma əfsus ki, milli Mikellancelomuz yoxdur.
– Sonda yenə pyesə qayıtmaq istəyirəm. Azər müəllim, bilirik ki, Cavidin qızı Turan xanımla yaxın dost olmusunuz. Hətta dünyasını dəyişəndə belə yanında yalnız siz olmusunuz. Hüseyn Cavid irsinə illərinizi sərf etmisiniz. “Atam, anam, qardaşım mən və Stalin” adlı pyesinizi bu sahədəki yaradıcılığınızın hansı mərhələsi hesab etmək olar?
– Davamı hesab etmək olar. Cavidlər ailəsinin taleyi mənim əbədi kədərimdir.
Kulis.az