KOBİA ötən il 290 sahibkarlıq subyektinin pozulan hüquqlarını bərpa etdirib

KOBİA ötən il 290 sahibkarlıq subyektinin pozulan hüquqlarını bərpa etdirib

2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 290 sahibkarlıq subyektinin pozulmuş hüquqlarının bərpasını təmin edib.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “İSO 37001:2016 Korrupsiyaya qarşı mübarizə idarəetmə sisteminə dair” tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
O qeyd edib ki, KOBİA-nın strateji fəaliyyətinin əsas istiqamətlərindən biri ölkədə əlverişli biznes mühitinin inkişafının dəstəklənməsidir:

“Davamlı anti-korrupsiya mühitinin formalaşması təkcə bizneslərin inkişafı deyil, ölkəyə xarici investisiyaların cəlb edilməsi, onun beynəlxalq səviyyədə müsbət nüfuzunun qorunması və dayanıqlı inkişafın təmin edilməsi baxımından da əhəmiyyətlidir. KOBİA bu məqsədlə müxtəlif istiqamətlərdə çoxşaxəli fəaliyyət göstərir”.

“Bizneslərdə mütərəqqi korporativ idarəetmə sisteminin inkişaf etdirilməsi ilə bağlı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibindəki korporativ idarəetmə və ESG ilə bağlı işçi qrupuna, eləcə də altqrupa KOBİA rəhbərlik edir. Sözügedən fəaliyyət çərçivəsində mütərəqqi risk idarəetmə təcrübələrinin və sistemlərinin tətbiqinin genişləndirilməsi, bizneslərin bu sahədə məlumatlıq səviyyəsinin artırılması və potensialının gücləndirilməsi məqsədilə tədbirlər müəyyən edilərək aidiyyəti qurumlar ilə birgə icra edilir. Eyni zamanda, Korrupsiya və şəffaflıq işçi qrupu çərçivəsində antikorrupsiya, şəffaflıq, etik davranış və hesabatlılıq üzrə tədbirlərin sahibkarlıq subyektlərinə təşviq edilməsi KOBİA-ya həvalə olunub. Agentlik həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin 5-ci raund pilot qiymətləndirmə prosesində iştirak edib. Bu il də müvafiq sorğulara uyğun məlumatları təqdim etmişik”, – deyə O.Məmmədov əlavə edib.

Onun sözlərinə görə, KOBİA-nın fəaliyyət istiqamətlərinin yerlərdə həyata keçirilməsinə cavabdeh olan KOB dostu mexanizmi vasitəsilə ölkə sahibkarlarında korrupsiya anlayışları barədə təsəvvürü formalaşdırmaq məqsədilə mütəmadi qaydada sorğular həyata keçirilir:

“Keçirilən sorğular sahibkarların korrupsiyaya dair məlumatlılıq dərəcəsini, o cümlədən biznes mühitində anti-korrupsiya davranış qabiliyyəti səviyyəsini öyrənməyə hesablanıb. Bununla yanaşı, aparılan sorğular həmçinin, KOB subyektlərinin korrupsiya ilə əlaqəli maarifləndirməyə cəlb edilməsi üçün təlim ehtiyaclarını müəyyən etməyə əlverişli şərait yaradır.

KOBİA-nın strukturuna daxil olan KOB inkişaf mərkəzləri tərəfindən biznes mühitində şəffaflıq və antikorrupsiya təlimləri təşkil olunur. Bu təlimlər sahibkarlara korrupsiya barədə tam və hərtərəfli biliklərin aşılanmasına zəmin yaradır. Sözügedən mexanizmi həmçinin, KOB subyektlərinin korrupsiyaya məruz qalmalarının qarşısını almağa yönəlməkdən başqa, onların öz fəaliyyətlərində bu kimi neqativ hallara yol verməmələrini təşviq edir”.

“Agentlik ölkədə KOB subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak etmək səlahiyyətinə malikdir. Sahibkarların hüquqlarının pozulması ilə bağlı daxil olan şikayət xarakterli müraciətlər üzrə araşdırmalar maraqların tərəflərin iştirakı ilə aparılır, hər bir müraciətin icrasına fərdi qaydada yanaşılır. Agentliyin KOB Evləri vasitəsilə biznes subyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada çatdırılması təmin edilir. Burada əsas məqsəd hər bir xidmətin sahibkar məmnunluğu təmin edilməklə qanunauyğun, keyfiyyətli və şəffaf həyata keçirilməsidir.

Ötən müddət ərzində KOB evlərində göstərilmiş xidmətlərin məmnunluq səviyyəsi 98% təşkil edib. Hazırda Bakı ilə yanaşı, Xaçmaz və Yevlax şəhərlərində də KOB evi fəaliyyət göstərir”, – deyə O.Məmmədov qeyd edib.

 

Share: