Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, Z.Həsənov martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində yaralanan, eləcə də hospitalda müalicə olunan digər hərbi qulluqçularla görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.
Müdafiə naziri Türkiyədə baş vermiş zəlzələdə xəsarət alanlara tibbi yardım göstərilməsi məqsədilə Ali Baş Komandanın göstərişinə əsasən qardaş ölkəyə ezam olunan hərbi tibb personalı və hospitalın digər əməkdaşları ilə də görüşüb, yüksək peşəkarlıq nümayiş etdirdiklərinə görə onlara təşəkkürünü bildirib.