Müstəqil.Az şair Kulis.az-ın Səlim Babullaoğlu ilə müsahibəsini təqdim edir.
– Səlim bəy, necəsiniz?
– Şükür Allaha, yaxşıyam.
– Belə bir fikir var ki, deyirlər, nəsr insanın Allaha demək istədikləridir, poeziya allahın insana dedikləri. Sizə şeirlərinizi Allah deyib?
– Axı deyirlər şeir bir az daha alidir.
– Bəli, nitq hadisəsi kimi, doğrudur. Əvvəla şeirlə nəsri müqayisə edəndə bilmək lazımdır ki, nəsr daha cavan hadisədir, amma poeziya daha qədim hadisədir. Şeirin içində elə xüsusiyyətlər var ki, bu nəsrdə olmur. Alliterasiya, daxili qafiyələr və sair və ilaxır…
– Sizcə Quran poetik mətnlərin toplusudur?
– Yox, Qurana poetik mətnlər toplusu demək olmaz, bu deyiş günahdır mənə görə. Amma mütəxəssislər, şərqşünaslar, ərəbşünaslar daha yaxşı cavablandıra bilər suallarınızı, mənim də oxuduğuma görə, Quran ayələrinin bir qismi şeirsəl ayələr hesab edirlər, məsələn, “İxlas” sürəsini, Ya hamının yaxşı bildiyi digər bəzi suarələr…“Fatihə” olsun, “Fələq”, “Nas” və sair. Deyirlər ki, bəzi Quran ayələri prozaik ayələr, bəziləri də poetik ayələrdir. Səsləniş və bu kimi keyfiyyətlərinə görə. Amma poetik toplu ifadəsi, əlbəttə, doğru deyil. Quranın şairlərə və şeirə münasibəti elə Quranın içindədir. Mən sizə tövsiyə edərdim ki, görkəmli polyak şairi, Nobel mükafatçısı Çeslav Miloşun “Ars poetika” əsərini oxuyun.
– Ədəbiyyat mütəxəssisləri iddia edirlər ki, ədəbiyyatdan üstün bir ideologiya yoxdur, sizcə, bu doğru düşüncədir?
– Mən o mütəxəssislərin fikrini doğru hesab etmirəm, ona görə ki, bizim hamımız bilirik, sənətsiz yaşamaq olar. Bir çox şeylərsiz insan yaşaya bilər. Hətta bu gün ideologiyaya çevrilmiş çoxlu şeylər olmadan.
– Bəs ideologiyaların ən alisi, ən üstünü ədəbiyyatdırmı sizcə?
– Mən öz həyat məqsədlərimin sırasında ədəbiyyatı birinci yerə qoymuram. Allah üçün yaşamaq, Allahın qoyduğu qaydalarla yaşamağa cəhd etmək. İndi mən bunu deyirəm, amma bu o demək deyil ki, mən beləyəm, hərçən arada cəhd edirəm…
– Deyirlər, intonasiya şeirin daxili barmaq izidir. Siz şeirdə öz intonasiyanızı tapmısınız?
– Bir dəfə Polşada, polyak PEN Club-un rəhbəri var, tatar kökənli polyakdır, Adam Pomorski, görkəmli ədəbiyyatşünasdır, onunla söhbətlərin birində “milli şeir”, “heca şeiri” sözü işləndi. Hiss etdim ki, onun dodağı qaçdı, Çünki, bugünkü çağdaş ədəbiyyatşünaslıqda “milli ölçü”, “heca”, “milli şeir” anlayışları ya yoxdur, ya böyük şərtiliklə deyilir. Bizdə bayatı, ruslarda “çaştuşka” var. Pribaltlarda “dayn”lar var. Bunlar nə qədər bənzərdir, nə qədər millidir, mübahisəli məsələlərdir. Dillərin müvafiq qanunauyğunluqları var, şeirin müxtəlif dillərdə fərqli təzahürlərini o qanunauyğunluqlar tənzimləyir. İntonasiyalar həmin təzahürlərin bir izahı, bir az izahsızlığıdır. Şəksiz ki, izah olunan hissəsiylə bir şair oxuduğu mətnlərin və deməli intonasiyaların ifadəçisidir həm də. Amma eyni zamanda izaha gəlməz tərəfi ilə fərqlidir. Mənə gəlincə, izah olunan tərəfi ilə oxşar, izaholunmaz tərəfi ilə fərqli şeylər də tapmaq olar məndə.
– Bu intonasiyalardan xilas olmaq mümkün deyil, eləmi?
– Biz əlifbasız necə yaza bilərik?! Bizim hamımızı əlifbadan yumşaq desək, yararlanmaqda ittiham etmək olar. Yəni, bu mümkün deyil həm də. Amma hər bir adam, şair təkrarolunmazdır. Bəzən olur ki, bir böyük şair çıxır və ondan sonra gələnlər on il, on-beş il onun təsiri ilə yazırlar. Amma arxayın olun ki, bir nəfər qalır, o birilər gedir arxivə. Yaxud bizim Əli Kərim kimi bir şair Azərbaycan ədəbiyyatında üslubca fərqli bir şairdir, hərçənd ki, onun yazdığı şeir növü sərbəst şeir idi, onda Rəsul Rzanın da izlərini də görmək olardı, müasirlərinin də. Ancaq Əli Kərim çox ciddi şair idi, təkrarsızdı. Fərqliydi.
– İndi necə, indi Əli Kərimin dəyəri bilinir?
– Düşünürəm ki, ədəbiyyatdan başı çıxan adamlar Əli Kərimi sevməli və qiymətləndirməlidirlər.
– Səlim müəllim, dünya şeiri ilə nə zamandan tanış olmusunuz?
– Universitet illərindən bu proses mütəmadi xarakter alıb. Amma, əlbəttə, məktəb illərindən başlayıb. Atamın kitabxanası var idi. O kitabxanada poeziya kitabları daha çox milli ədəbiyyat və sovet ədəbiyyatı ilə hüdudlanırdı. Sovet dövründə rus dilində 150 cilddə dünya ədəbiyyatı seriyası vardı. Eyni zamanda, Azərbaycan dilində 100 və 50 cildlik dünya ədəbiyyatı, uşaq ədəbiyyatı seriyaları vardı. Birincidən bəzi kitablar, sonuncudan isə hamısı vardı. Mən üçüncü, dördüncü sinifdən rusca oxuya bilirdim deyə, əvvəl rus, sonra bir az da yuxarı siniflərdə qərb poeziyasından, ayrıca xalqların ədəbiyyatların oxuyurdum. Yeri gəlmişkən, nə qədər qəribə olsa da, ilk dəfə türk ədəbiyyatını, yeni türk şeirini ruscadan oxumuşam – Orxan Vəli, Fazil Hüsnü Dağlarcanı, hətta Nazim Hikməti belə birinci dəfə ruscadan oxumuşam. Universitet, xüsusən sonrakı illərdə dünya şeirini oxumaqda Adil Mirseyid tövsiyə və təklifləri ilə kömək edib. 1985-2000-ci illər arasında mən rus dili vasitəsilə dünya ədəbiyyatını, dünya şeirini, xüsusən, ardıcıl oxumuşam.
– Ruhunuza ən yaxın olan hansı şairdir?
– Çevrə böyükdür. Burda Cavid də var, Müşfiq də var, Apolliner də var, Pasternak da var, Brodski də var, Miloş da var, Vaqif Səmədoğlu da var, Adil Mirseyid də var. Bizim daha əvvəlki dövrlərin klassikləri də var.
– Səlim müəllim, bəs nəsr yazmısınız?
– Bəli, hekayələr yazmışam. Arada esselər də yazıram.
– Bəzi şairlər müəyyən zamandan sonra nəsrə keçirlər, doğrudurmu?
– Haqlısınız, buna nümunələr də çoxdur. Amma mən özümü şeirdə darlıqda hiss eləmirəm.
– Orhan Pamukun bir essesi var, orada deyir, bir qağayı yağışa baxır və sən başlayırsan yazmağa. Sənətkarlıq xırda məqamlarda rol oynayır. Sizin üçün sənətkarlıq nədir?
– Bəli, ədəbiyyatda vacib məsələ detaldır, təfərrüatdı. Amma belə bir fikir də var, “rəssam ağacı ona görə çəkmir ki o ağacı görür. Ona görə çəkir ki, başqa bir rəssamın da ağac çəkdiyini görür” .
Heç şübhəsiz, bizi yaradıcılığa sövq edən ilk əvvəl həyatdır, vizual müşahidələrdir, təəssüratlardır. Ona görə, yaradıcılığa birmənalı və birtərəfli baxmaq olmur. Yalnız bunu deyə bilərəm, yaradıcılıq mərhələvi prosesdir. Bəzən olur ki, hansısa mərhələnin sonuna gəlib çatdığını hiss edirsən. Dalana dirənirsən. Belə hallarda, bir çox nümunələrdə şairlər sanki belə deyək “oyun meydança”sını dəyişir, deyək ki, şeirdən nəsrə keçir, ona elə gəlir ki, növbəti mərhələ yoxdur. Sadəcə olaraq o növbəti mərhələni ola bilsin ki, görmür. Şərq şairləri bu mərhələləri çox yaxşı biliblər, bu həm də inamla bağlı bir şeydir. Bəzən meydanı və aləti dəyişmək lazım deyil, özünü dəyişməlisən, ilan qabıq qoyan kimi qabığını dəyişməlisən. Bu proses çox əzablı bir prosesdir. Bilirsiz, başqa tərəfdən yazdığı mətn şairi böyütmürsə, dəyişmirsə – şairlər isə əgər özlərini aldatmırlarsa, bunu hökmən hiss etməlidirlər, edirlər, onda yazmırlar, səbəbi özlərində yox, janrın imkansızlığında görüb keçid edirlər. Mən məhsuldar deyiləm, həmişə belə olub, bu gün də olmaq istəmirəm. Sənaye üsulu ilə ədəbiyyatı qəbul etmirəm. Amma bir mərhələ var ki, gəlib orada dayanırsan, özünün özünə müəyyən etdiyin bir hədd olur, ordan aşağı düşmək istəmirsən. Eyni zamanda sənin təcrübən icazə verir ki, sən başa düşəsən bundan sonra nə olmalıdır. Ona görə, bəzən illərlə susmaq lazım gəlsə bu ağrını rahatlıqla yaşamaq lazımdır. Necə deyərlər, ağrının dözülməz yüngüllüyü.
Sənətkarlıq nədir? Çoxlu cavablar var. Biri də budur ki, danışmaq üçün susa biləsən.
– Sizin dediyiniz növbəti mərhələ iman və inamdır?
– Bunun adını iman da qoymaq olar. Amma iman deyəndə konkret hansısa dini, təriqəti nəzərdə tutmuram.
– Nədən Vətən, millət mövzularında yazılan şeirləin bir çoxu pafosdan ibarət olur, bundan necə xilas olmaq olar?
– Əslində, az əvvəl bir başqa cür olsa da, eyni məsələyə toxunduq. Təfərrüat, detallar. Siz dediyiniz şeirlərdə ümumiləşmə, deməli klişe çox olduğuna görə saxtalıq göz deşir. Bir də düşünürəm ki, kateqoriyalaşdırıb yazmaq doğru deyil. Mənim Vətən haqqında oxuduğum, kateqoriyalaşdırılıb yazılan və düşünülən ən yaxşı şeirləri Ülvi Bünyadzadə və Milli qəhərəman Fuad yazmışdılar. Onlar ömürləri ilə şeirlərini təsdiq elədilər. Yadınızdadır, Ülvinin şeiri:
Mən qorxmuram uzaq yola çıxmaqdan
Bu yolun ağrısından, acısından qorxmuram…
Yaradıcılıq ömrünlə yazdığını, yazdığınla ömrünü təsdiqləməkdir bir az da.
– Azərbaycanda şairlərə niyə səfil kimi baxırlar, onların yaxşı imkanlı olmağını onlara bağışlamırlar. Ümumiyyətlə, bu necə formalaşıb ki, şairə qonaqlıq verilməlidir, cibinə pul basmalıdır?
– Bu, təkcə bizdə deyil. Məsələn, Eyno Leynon vardı, Fin şairi, siz dediyiniz həyat tərzini yaşayıb. Məsələn, bura gəlmişdi, mən dəvət etmişdim, finlərin usta şairi Tomi Kontio Kalevi, maraqlı şairdir, belə yaşayır… Azad, komplekslərsiz.
Adil Mirseyidin bir şeir vardı, Allah rəhmət eləsin, beləydi bir bəndi:
Bir gecə oyandım yağış səsinə,
Bilmədim hardayam kiməm nəçiyəm.
Göylərdən qovulmuş mələyəm, bəlkə,
Bəlkə də, bir sərxoş meyxanəçiyəm.
Bu səfillik deyil ki. Dünyaya yox deməyin bir təzahürüdür.
Hə, başqa məsələdir ki, sən ac yaşayırsan. Laqeyd insanların məişətlə korlanmış baxışları altında. Bu pisdir, əlbəttə, çox pisdir. Təkcə şairlər üçün yox, istənilən insan üçün.
– Bir müsahibənizdə deyirsiniz ki, kitab sənayesi inkişafında dövlətdən çox şey gözləmək doğru deyil, bu fikir nə qədər doğrudur?
– Bəli, demişəm. Bizi kitab oxumağa sövq edən vərdişləri, hissi, stimulu gücləndirsək yetər. Bu ilk əvvəl təhsillə bağlı məsələdir. Dövlətin edə biləcəyi yeganə şey isə kitab sənayesinə, nəşrə, satış şəbəkəsinə digər istehsal və ticari işlərdən fərqli, imtiyazlı şərait yarada bilməsidir. Səmimiyyətlə.
– Siz tərcümələrinizi rus dilindən edirsiniz?
– Əsasən rus dilindən edirəm, qismən də polyak dilindən. İngiliscədən oxuyuram. Olur ki, sətri tərcümələr əsasında. Bu günlərdə Mihai Emineskunun şeirlərini çap etdik, şair Jalə İsmayıl var, o rumın dilinin mütəxəssisidir. Biz ona sifariş etdik, sətri tərcümələri hazırladı, mən də poetik tərcümələri etdim. Amma bəzi dillər üzrə mütəxəssisimiz yoxdur.
– Bizdə niyə keyfiyyətli tərcümə əsərləri az olur? Peşəkar tərcüməçilərimiz azdır?
– Yox, peşəkar tərcüməçilərimiz var. Amma bütün dillər üzrə mütəxəssislərimiz yoxdu ki, bu birinci məsələdir. Məsələn, bizim çin, yapon dili mütəxəssisimiz yoxdu. Bir də “kitab mühiti” belə başa düşürəm ki, tərcüməçiyə yaxşı qonorar ödəməyə imkan vermir, hər halda naşirlər belə hesab edir.
– Müsahibə üçün təşəkkür edirik.
– Mən təşəkkür edirəm.