Vətənimizin hər obasında, hər elində Novruz bayramına başqa bir rəng, başqa bir ab-hava, başqa bir coşqu qatılır. Novruzda sanki hisslər, duyğular, ruhlar yenilənir, təzələnir. İşğaldan azad edilən Füzuli rayonunun Qoçəhmədli kəndində də təbiət oyanıb, bu yerlərə yeni nəfəs gəlib.
“Qafqazinfo” “AZƏRTAC”a istinadən xəbər verir ki, Qoçəhmədli kəndinin bir qrup sakini işğaldan azad edilən kəndlərini Novruz bayramında ziyarət edərək, tonqal qalayıb, ötən günləri bir daha yada salıb, həsrətli günləri geridə qoyublar.
Novruz bayramı münasibətilə doğma torpaqlarına üz tutan bir qrup kənd sakini arasında tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərov da var. Xanəndə bir vaxtlar doğulduğu bu kəndin azyaşlısından tutmuş ağsaqqalına kimi hər kəsin yüksək əhval-ruhiyyə ilə Novruza hazırlaşaraq, bu bayramı çal-çağırla necə qeyd etməsindən danışır: “Qoçəhmədli iki böyük sənətkarın – İslam Rzayev və Süleyman Abdullayevin kəndi kimi tanınır. Qoçəhmədlinin ən hündür yerində qədim məscid və bəy evi kimi tanınan tarixi tikililər var. Oranı ermənilər viran qoyublar. Məsciddən tövlə kimi istifadə ediblər, bəy evi isə tamamilə uçurulub, dağıdılıb. Kənd sakinləri bəy evinin qarşısında tonqal qalayıb, bayram qeyd edərdilər. O çal-çağır səsləri hələ də qulağımdadır”.
Neçə illər idi ki, qoçəhmədlilərin Novruz bayramında bir istəkləri, bir arzuları vardı: Doğma torpaqlarının işğaldan azad olunması, Novruz tonqalının kəndlərində qalanması. O arzu artıq üç ildir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan əsgərinin qəhrəmanlığı nəticəsində reallaşıb.
Qoçəhmədli kəndinin sakinləri indi sevinc içindədirlər. Soyuq olmasına baxmayaraq, doğma kəndlərinin havasını alıb, torpağın qoxusunu hiss edən qoçəhmədlililər üçün bu bahar tam fərqli keçir. Onlar arzu etdikləri kimi, budəfəki Novruzda öz ata-baba ocaqlarında tonqal qaladılar, bayramlaşdılar. Tezliklə bu kənd də dövlətimiz tərəfindən yenidən qurulacaq, sakinlər hər bayramda tonqal ətrafına yığışıb, əvvəlki kimi deyib-güləcək, şənlənəcəklər.