Yazar ömrünün 50-ci yazı

Yazar ömrünün 50-ci yazı

Faiq BALABƏYLİ

Büsbütün söz, fikir, ruh adamı olan dostumdan qısa da olsa bəhs etmək istəyirəm. Xəyalı, ürəyindən keçirdiyi arzuları çox vaxt özündən qat-qat uzaqlarda olub. Millətin dünənindən bu gününə qədər keçdiyi yolları düşüncəsinin yol yoldaşlığı ilə keçib, o yolların yolçusu olub.

Onun şeiridir, deyir ki,

 Bəlkə də bir gələn var,

Gözlərim yol çəkir, yol…

mən onu tanıyandan gözlərinin yol çəkdiyinin şahidi olmuşam. Təkcə gözlərimi? Yox, söz adamı olan tanınmış şair həm də, “Sözlərim yol çəkir, yol” deyir.

Söz ki yoldan düşdü, onun – şair dostum Əkbər Qoşalının ömrünün 50 illik yolçuluğunda çəkdikləri və gördükləri, yaşantıları, yaradıcılığı, ictimai həyatdakı mövqeyi, dost yanında alnı açıq, təmannasızlığı ilə daha uzun bir yolun yolçusu olması qənaətinə gəldiyimi bəri başdan deyim. Əkbər 50 illik ömründə 50 ilə sığmayan dolu ömür yaşayan bir müdrik misallı adamdır, desəm əlbəttə ifrata varmaram. Bunu onu tanıyanların əksəriyyəti təsdiq edə bilər. Niyə əksəriyyəti deyirəm? Ona görə ki, onu da istəməyən, həsəd aparan, yoluna, izinə daş diyirlədən, çamur atanlar var. Biz, onu istəyənləri görürük, ona, onun yaradıcılığına olan diqqətin şahidlərindənik.

Əkbər Qoşalı ilə müxtəlif vaxtlarda yol yoldaşı olmuşam. Bu yolçuluq bizi Azərbaycanımızın bir çox bölgələrinə də aparıb, ölkəmizin sərhədlərindən çox-çox uzaqlarda da davam edib.

Harda olubsa, orada Azərbaycan varlığının olması hər kəsə çatıb. Bu qədər vətənpərvərlik hər kəsin yumruğu boyda olan ürəyinə sığışa bilməz. Əkbər bunu edə bilib. Onunla Tatarıstanın paytaxtı Kazan şəhərində Türkcənin XI Şeir Şölənində olanda da, Rusiyanın quzeyində, qarlı Arxangelskdə Azərbaycan diasporunun təşkilatçılığı ilə təşkil olunan tədbirlərədə də, eyni təəssübkeşliyin, vətənə sevgisinin şahidi olmuşam. Çıxışları zamanı “Mən, mən”  deyib-durmayıb, digər Azərbaycan yazarlarının şeirlərini söyləyib, ədəbiyyatımızın təbliği ilə  məşğul olub. Bütün bunları görüş iştirakçılarının hər biri hiss edə bilib. Əlbəttə, bu başqa bir söhbətin mövzusudur, lakin şair dostumun 50 yaşının həndəvərində buna toxunmaya bilmədim.

Şəkilin açıqlaması yoxdur.

Rusiya. Arxangelsk  universitetində görüşdən sonra

Bu illəri necə yaşadı, bu illərdə nələrə ürək açdı, nələrə ürəyi ağrıdı, hansı qutsallıqda böyüklüyünü, təkrarsızlığını sübut etdi, Tanrı tərəfindən kodlaşdırılmış bir ömrün rahatsızlığı daha çox olan yolda necə irəlilədi? Özünün dediyinə söykənək:

Göy ulu, yer yağızdı,

Hər dua bir ağızdı;

Bu – qələm, bu – kağızdı,

Özləri qol çəkir, qol…

Şəkilin açıqlaması yoxdur.

Tatarıstan. Kazan şəhəri

Qələm dostumuz, yüzilliyin tam yarısını arxada qoyub. O, hər irəli addımında kimliyimizin – türkçülüyümüzün, bütövlüyümüzün təbliğatı ilə, pas atmış beyinləri təzələməklə məşğuldur və sanki İlahidən görəvlənib. Bu yol, heç də asan keçiləsi və yaxın olası yol deyil. Bu uzaq bir məsafəni, böyük coğrafiyanı əhatə edir.

Uzaq yolum təngiyir,

Uzun qolum ləngiyir;

Sağ gözümdü səyriyir,

Ürəyim sol çəkir, sol…

Var olası ürəkdir, sağ olası ürəkdir, xeyirxahlıqla yüklənən, sevgilərlə dolası ürəkdir o Ürək.

Özü necə deyir? –

Ən adi yaxşılıqları

Ömrə naxışlayıram..

Və 50 illik bir ömründə nə qədər belə naxışlanmış yaxşılıqları başqalarına  şeir-şeir, misra-misra, söz-söz, heca-heca ötürməkdədir.

Karantin dövründə yazdığı bir şeirində dediyi kimi:

Əlini ver əlimə,

Əlim quru yerdədi.

Gözümə bax, gözümə,

Daşıb, suyu yerdədi.

Əkbər Qoşalının yaşının üstünə bir yaş da gəldiyi məqamda, dəfələrlə müraciət etdiyim şeirlərini bir də nəzərdən keçirdim. Şair kimi şair olan əziz dostuma uzun ömür arzuladım, çox yaşasın, xoş yaşasın dedim.

 

Şəkilin açıqlaması yoxdur.

Arxangelsk yazarlar İttifiqanın sədri Vasili Matoninlə Ə. Qoşalı, A.Şıxlı, F.Balabəyli

Share: