“Qış albalısı” ticarət mərkəzində yanğına qarşı təhlükəsizlik sistemi yanğından 15 dəqiqə əvvəl söndürülüb.
Müstəqil.Az xəbər verir ki, bu sözləri ticarət mərkəzində siqnalizasiya sistemini layihələndirən şirkətin rəhbəri İqor Polozinenko deyib. O bildirib ki, şirkət plana uyğun olaraq sistemi 20 martda yoxlayıb və onda heç bir qüsur aşkarlanmayıb.
Polozinenko qeyd edib ki, qısaqapanma zamanı aktiv sistem avtonom rejimə keçməli idi.
Qeyd edək ki, bundan öncə də ticarət mərkəzində yanğına qarşı sistemin söndürüldüyü bildirilmiş və gözətçi də məhz bu səbəbdən həbs edilmişdi.
Ticarət-əyləncə mərkəzinin baş direktoru Nadejda Suddenok isə istintaqa ifadəsində yanğının qəsdən törədildiyini iddia etmişdi. Onun sözlərinə görə, dəfələrlə ticarət mərkəzində qaraçı görünüşlü adamlar görüb, onlar oyun aparatlarında pulsuz oynayır, tualetlərin divarlarında yazılar yazırmış. Bu şəxslər barəsində polisə şikayət edilsə də, onlar saxlanıldıqdan sonra dərhal buraxılıblar:
“Kinoteatrın qapıları heç vaxt bağlanmazdı. Həmişə özüm hər şeyi yoxlayır, təmizliklə məşğul oluram”.
O qeyd edib ki, yanğın başladıqdan sonra mərkəzin işçilərindən insanlara köməklik edilib-edilmədiyi ilə bağlı məlumat alıb və əməkdaşlar ona hər şeyin qaydasında olduğunu söyləyiblər. Amma bir az sonra kinoteatrların qapılarının bağlı olması və ölənlərin sayı haqda məlumatlar gəlməyə başlayıb:
“Mənim sorğu-sual etdiyim əməkdaşımız dedi ki, uşaq zalında partlayış səsi eşidib və alov görüb. Attraksion özlüyündə o cür alışa bilməz. Əmin edə bilərəm ki, bu yanğını kimsə törədib”.
Martın 25-də baş verən yanğın zamanı 41-i uşaq olmaqla, 64 nəfər həlak olub. Rusiya Prezidenti Putinin sərəncamı ilə, 28 mart bütün ölkə ərazisində matəm elan edilib.
Kemerovo vilayətində isə 27-29 mart olmaqla, üçgünlük matəm keçirilir.
Müstəqil.Az