Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı tibb üzrə fəlsəfə doktoru, otorinolarinqoloq, rinoplastika üzrə cərrah Dr. Pərviz Aslanovdur. Müsahibimiz rinoplastika haqqında suallarımızı cavablandırıb.
“Qafqazinfo” müsahibəni təqdim edir:
Arayış
Peşəkar cərrah Dr. Pərviz Aslanov 2006-cı ildə Azərbaycan Tibb Universitetini bitirib. ABŞ, Braziliya, Avropa da daxil olmaqla dünyanın 50-yə yaxın ölkəsində ixtisasartırma kurslarında və beynəlxalq konfranslarda iştirak edib. 15 ildir rinoplastika və burun daxilinə aid bütün patologiyaların müalicəsi ilə məşğul olur.
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda doktorantura təhsili alıb, elmi tədqiqat işləri aparıb. 2021-ci ildə otorinolarinqologiya ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb.
Hazırda West Hospital və Bakı Sağlamlıq Mərkəzində fəaliyyət göstərir.
– Estetik burun əməliyyatı üçün yaş həddi varmı?
– Bəli, aşağı yaş həddi var. Xanımlarda 16, bəylərdə isə 17 yaşdan sonra estetik burun əməliyyatına icazə var. Nadir hallarda burun forması və burun daxili problemlər nəzərə alınaraq, bu həddi bir yaş aşağı salmaq olar. Amma yuxarı yaş həddi yoxdur. Ədəbiyyatda 90 və daha yuxarı yaşda əməliyyat olunan pasiyentlər haqqında məlumat var. Mənim indiyədək etdiyim ən yaşlı pasiyentin 72 yaşı olub.
– Qadın, yoxsa kişi idi?
– Xanım idi. Hətta ondan niyə bu yaşda gəldiyini də soruşdum? Əvvəl atasının, sonra da həyat yoldaşının icazə vermədiyini dedi: “Hər ikisi dünyasını dəyişəndən sonra və ölmədən öncə bu arzuma çatmaq istədim”. Çox uğurlu əməliyyat olduğunu qeyd etmək istərdim.
– Qadın hər yaşda gözəl olmağı arzulayır. Maraqlıdır, son illər kişilər arasında da estetik burun əməliyyatı etdirənlərin sayı artıb.
– Bəli, doğrudur. Hətta artıq kişi və qadın pasiyentlərimin sayının da bərabərləşdiyini deyərdim. Qadınlardan fərqli olaraq, kişilər, sadəcə, düzgün burun istəyirlər. Onlarda burnun uc hissəsi qalxmır, yaxud da kiçik ölçüyə salmırıq. Belə də olmalıdır. Çox nadir hallarda kiçik ölçülü, burnun uc hissəsinin qalxmasını istəyən kişi pasiyentlərim olur. Kişilər burunlarının əməliyyat olunmasının bilinməsini istəmirlər. Ona görə də düzgün bir buruna qane olurlar.
– Qadınlarla işləmək çətindirmi?
– Belə deməzdim. İşini bilən cərrah üçün qadınlarla işləmək çətin deyil. Şəxsən mən heç bir çətinlik yaşamıram.
– Buna necə nail olursunuz?
– Hər şeydən öncə pasiyenti diqqətlə dinləmək, nə istədiyini tam öyrənmək lazımdır. Əgər xanımın istəkləri ilə cərrahın bacarığı, cərrahiyyənin imkanları üst-üstə düşərsə, nəticə də uğurlu alınır. Hər pasiyentə fərdi yanaşmaq çox önəmlidir. Əgər cərrah xəstəyə bir dost kimi yanaşar, real şərtləri, imkanları izah edərsə, arada heç bir narazılıq yaranmaz, nəticə də xanımı qane edər.
– Əməliyyat üçün burun forması necə seçilir?
– Öncə fotolarını çəkir, burun formalarını dəqiqliklə incələyir və endoskopik yolla burun daxilinə baxırıq. Çünki uğurlu rinoplastika tək gözəl görünüş deyil, həm də sağlam bir buruna nail olmaqdır. Əgər burun daxilində bir patologiya varsa, estetik əməliyyat zamanı onu da aradan qaldırırıq. Burun formasına gəlincə isə pasiyentin nə istədiyini öyrənib fotoşopla bir burun təsviri hazırlayırıq. Yəni mümkün burun formasını əvvəlcədən göstəririk. Amma onu da qeyd edim ki, bu nəticəyə təsir edəcək bəzi faktorlar da var. Məsələn, dərinin qalınlığı, daha öncə əməliyyat keçirib-keçirməməsi, burun çəpərindən bizə lazım olacaq qığırdaq qreflərinin miqdarı və s.
Sevindirici haldır ki, son dövrlər pasiyentlər iki məqamı xüsusi vurğulayırlar: burnun uc hissəsi çox qalxmasın və burun arxası çox düşməsin. Demək olar ki, pasiyentlərin 50 faizdən çoxu təbii burun istəyir. Çalışırıq ki, pasiyentlərə təbii və gözəl burun verə bilək. Əlbəttə, sağlamlıq da şərtdir.
– Estetik burun əməliyyatı ilə bağlı ən çox edilən şikayətlər burunların bir-birinə bənzəməsi ilə bağlıdır. Bu nəticə daha çox cərrahdan, yoxsa pasiyentdən asılıdır?
– Hər bir pasiyentin üz ölçüləri, burun forması fərqlidir. İndiyədək eyni ölçüyə malik iki pasiyentə rast gəlməmişəm. Hər bir pasiyentə fərdi yanaşılmalı və onun üzünə uyğun burun forması seçilməlidir. Bəzən pasiyent əlində başqa bir adamın fotosunu gətirir və həmin burun formasını istədiyini deyir. Biz ona izah edirik ki, bu cür burun forması sizin üzünüzə yaraşmaz, biz sizə öz üz cizgilərinizə uyğun daha gözəl burun əməliyyatı edəcəyik.
– Bəs açıq, yoxsa qapalı əməliyyat daha üstündür?
– Bu sualı tez-tez verirlər. Rinoplastika çox inkişaf edib. Hazırda rinoplastikanın 12-yə yaxın növü var. Heç birinə də “ən mükəmməldir” demək olmaz. Hər üsulun üstün və əskik tərəfləri var. Bəzi pasiyentə bir neçə üsulu tətbiq etməli oluruq. Bu, pasiyentin burun forması və burnundakı problemlərlə bağlıdır. Daha yaxşı nəticə üçün hansı üsul effektiv ola bilərsə, onu da seçirik.
– Ən müasir üsullarla əməliyyat edirsiniz. Sizin etdiyiniz əməliyyatlarda ağrı və tampon olmur?
– Bəli. Əvvəlki əməliyyatlarda burun daxilinə sarğı bezindən, yaxud da silikondan hazırlanmış tampon yerləşdirilirdi. Tampon qoyulduğu zaman pasiyent nəfəs ala bilmir və üzündə çox şişkinlik yaranır. Həmçinin tampon ağrıya da səbəb olur. Artıq müasir üsullar və istifadə etdiyimiz ən son texnoloji tibbi cihazlar sayəsində buna ehtiyac qalmayıb. Biz ağrısız və tamponsuz əməliyyat edirik.
– Niyə bəzi əməliyyatdan sonra nəfəsalmada problem yaranır?
– Ona görə qeyd etdim ki, estetik əməliyyatdan öncə burun daxili də yoxlanılmalıdır. Əgər hər hansı bir problem, məsələn, çəpər əyriliyi varsa, o da düzəldilməlidir. Həmçinin burun daxili çox daraldılmamalıdır. Burun çox kiçik ölçüyə salınarsa, bu da nəfəsalmada çətinlik yarada bilər.
– Estetik burun əməliyyatı üçün plastik cərrah, yoxsa lor həkimi?
– Mən lor həkimiyəm, amma 15 ildir peşəkar rinoplastika ilə məşğul oluram. Hər zaman da vurğulayıram ki, kim əməliyyat edirsə-etsin, amma mütləq şəkildə burun daxilinə, burun daxili problemlərə hakim olan bir cərrah olsun. Çünki sadəcə buruna forma verməklə iş bitmir. Bəzi pasiyentlərdə sinusit, poliplər, adenoid, rinit kimi bir sıra burun daxili patologiyalar da olur. Lor həkimi estetik əməliyyat zamanı bu problemləri də aradan qaldırır.
– Estetik burun əməliyyatı üçün doğru cərrahı necə seçməli?
– Mütləq şəkildə araşdırmaq lazımdır. Gözüyumulu, reklamlara inanıb həkim seçmək doğru deyil. Sonra bunun ciddi zərərini görən və ikinci dəfə bizə müraciət edən pasiyentlər çox olur. Seçmək istədiyiniz cərrahı digər həkimlərdən, tibb personalından soruşun. Həkimin əvvəllər əməliyyat etdiyi pasiyentlərdən rəylər almaq ən doğru seçimdir.
Qeyd: Dr. Pərviz Aslanov rinoplastika və burun patologiyalarına aid bütün əməliyyatları yüksək səviyyədə icra edən mütəxəssisdir. Maraqlananlar həkimlə (055) 601-50-50 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər. Həmçinin https://www.facebook.com/drparvizaslanov feysbuk, drparvizaslanov instaqram və https://www.youtube.com/@PervizAslanov yutub hesabları ilə də həkimə elektron müraciət etmək olar.