İnsan ömür boyu yıxılıb-qalxar- Səadət QƏRİBdən yeni şeir

İnsan ömür boyu yıxılıb-qalxar- Səadət QƏRİBdən yeni şeir

Bir gündə yaşarsan bəzən dörd fəsli,
Bir anda ömründə şimşəklər çaxar.
Bitməz ki həyatın fırtınaları,
İnsan neçə dəfə yıxılıb qalxar?

Susasa ürəyin zəmzəm suyuna,
Dumanlı bir hava çöksə ruhuna,
Hay verməzsə ümid, əğər hayına
İnsan neçə dəfə yıxılıb qalxar?

Fərq etməz ömrünün hansı yaşında,
Səbr bardağın hey, dolub daşanda,
Çarəsiz olmağa məruz qalanda,
İnsan neçə dəfə yıxılıb qalxar?

Çiynindəki yükün ağır olduqda,
Haqsızlıq içində duyduqlarında,
Məcbur susduğunda, susduqlarında,
İnsan neçə dəfə yıxılıb qalxar?

Dünya boyda dərdi daşıyır insan,
Yıxılsa da qalxıb yaşayır insan,
Bəzən də yenidən başlayır insan,
İnsan ömür boyu yıxılıb-qalxar.

27.03.2023.

Share: