Bu qədər şəhidi olan ölkənin – Məmməd İsmayılın yeni şeirləri

Bu qədər şəhidi olan ölkənin – Məmməd İsmayılın yeni şeirləri

Bu qədər şəhidi olan ölkənin – Məmməd İsmayılın yeni şeirləri

Məmməd İsmayıl, şair

Kulis.az şair Məmməd İsmayılın yeni şeirlərini təqdim edir.

***

Bu qədər şəhidi

olan ölkənin

Qocası ölümdən

qorxan deyil ki…

Titrək əllərində əsa umudu

Yaşamaq öyrənir ömür ağrıdan.

Yəni doğrudanmı yaşamaq budu,

Yəni doğrudanmı?

Yəni doğrudan!

Sona nə yazıbmış kor olası baxt

Uzaq yaxın olmur, yaxın uzaqmı?

Taleyin sözünə baxmırdı bir vaxt

İndi də ayağın sözünə baxmır.

Gəlib gəlmədiyin bəlli deyil ki

Nə torpaq sevinər, nə ayaqların.

Burdan başlamışdı hər şeyin ilki

Və… uşaq çağların – uzaq çağların.

Yüz il yaşasa da ömrün gözü ac;

Yəqin, gəncliyimi gətirib yada.

Halıma nəfəsi təngiyən yamac

Dərədən təpəyə ayaq açmada…

Batır qocalığın çıxardığı səs

Ürəyin yamacda mələyən quzu

Neyləsin yerinə utanan həvəs,

İçində qönçəsi qan olan arzu?

İstəsən haqqını istə ki, haqdan

Güc verən tək olan Allahdır, təkə.

Axsaq ayağına baxıb uzaqdan

Çıxdığın zirvələr xəcalət çəkər.

Qocalan gözlərin düşüb çuxura

Ay batır, gün doğub gününü sayır.

Özünü bənzətmə axsaq Teymura

Tək sən axsamırsan dövran axsayır.

Kim yola qaytarsın yoldan sapanı

Canından keçmədə ruhun ağrıdan.

Yəni doğrudanmı çevrə qapanır

Yəni doğrudanmı?

Yəni doğrudan!

Heyrətə salmaz ki halın bir kəsi

Arı da çiçəkdən bal tapmır bəzən

Ey gücü tükənən çəkim mərkəzi,

Ən yaxın dostların ən uzaq gəzən.

Amma qocalığa çatmaz hövsələn

Cismin üşürgənər bu son çağrıdan.

Yəni doğrudanmı ölümdü gələn

Yəni doğrudanmı?

Yəni doğrudan!

Bəlkəmi? Bir sonu varmı bəlkənin,

Borc desək, borcumuz bir can deyil ki?!

Bu qədər şəhidi olan ölkənin

Qocası ölümdən qorxan deyil ki?!

Tovuz-Əsrik,

6-7 avqust 2022



Yaxarış…

Nəynən düşür ayaqları olmayan axşam?

Səhər hansı ayaqla gəlir,

Və… xəbər hansı ayaqla?

(Acizdi Süleyman peyğəmbəri

öləndən sonra da

ayaqda saxlayan

Əlimə aldığım əsa…)


Səhərə,

axşama,

xəbərə verdiyin ayaqlardan

mənə də ver, Allahım,

Nolar, nolar məni də ayaqda saxla…

Share: