Müstəqil.Az Kəramət Böyükçölün müğənni Afaq Aslandan Publika.az- üçün götürdüyü müsahibəsini təqdim edir:
– Afaq xanım, sizi tanımayan bir adama özünüzü necə təqdim edirsiniz?
– Afaq Aslan deyəndə hamı bilir ki, söhbət kimdən gedir. Məncə, özümü təqdim eləməyə ehtiyac yoxdur.
– Tutaq ki, bir nəfər tanımadı…
– Müğənni Afaq Aslan! Beləcə də təqdim edərəm.
– Bilmək istəsə ki, harda doğulmusunuz, valideynləriniz nə işlə məşğuldur…
– Bakı şəhərində doğulmuşam. Orta və ali təhsilimi də Bakıda almışam. Bəzi müğənnilərdən fərqli olaraq mənim ali təhsilim də var. Elə müğənnilərimiz var ki, iki cümləni ard-arda qura bilmir. Amma məndə elə deyil. Atam fizika elmləri doktorudur, professordur, anam isə filoloqdur. Hər ikisi ali təhsil ocaqlarında dərs deyirlər.
– Hansı ali təhsil ocağında?
– Onu açıqlamayım (gülür). Amma ikisi də dövlət universitetində dərs deyir.
– Valideynləriniz müəllimdir. Bəs sizə açıq-saçıq fotolarınıza görə irad bildirmirlər?
– İnsanın əxlaqı və tərbiyəsi heç də onun geyimi ilə ölçülmür. Yəni səhnə adamıyamsa, artıq ictimailəşmiş bir insanamsa, məni milyonlar izləyirsə və sənət naminə açıq-saçıq geyinirəmsə, bu, o demək deyil ki, əxlaqım və tərbiyəm yoxdur. Məni şəxsən tanıyanlar da yaxşı bilir ki, həyatda açıq-saçıq geyinən insan deyiləm. Hətta diqqət etsəniz, görərsiniz ki, heç efirlərə də açıq-saçıq geyinmirəm. Sadəcə olaraq elə bir fakturam var ki, bağlı da geyinsəm, gözəlliyim gözdən qaçmır…
– Özünüz hansı universiteti bitirmisiniz?
– İxtisasca memaram. Memarlıq və İnşaat universitetini bitirmişəm. Musiqi ilə lap uşaqlıqdan məşğul olmuşam. Ümumiyyətlə, mən musiqini heç vaxt ciddi sənətim kimi qəbul etmirdim. Həmişə buna hobbi kimi yanaşmışam və fikirləşirdim ki, mən memaram. Universitet illərində memar kimi fəaliyyət də göstərmişəm. Ancaq bu sahə məni cəlb eləmədi.
– Uşaqlıqdan musiqiyə həvəs göstərmisiniz, bəs necə oldu ki, Memarlıq və İnşaatı seçdiniz?
– Mən İncəsənət Universitetinə sənəd vermək istəyirdim. Sadəcə, atam çox qısqanc adamdır. O, dedi ki, Afaq mənim şəxsi qızımdır. Mən onu çox istəyirəm, qoy gözümün qabağında oxusun.
– Deməli, atanız Memarlıq və İnşaatda dərs deyir…
– Dedim axı, bu barədə danışmayaq… (gülür)
– “Afaq mənim şəxsi qızımdır”… Bu nə deməkdir? İctimai qız da olur?
– Yəni biz ailədə üç bacıyıq. Həmişə uşaqların biri ərköyün olur. Mən də evimizin ərköyün qızı olmuşam. Mənim bir sözümü atam heç vaxt iki eləməyib. Uşaq vaxtı bacımlarımla evdə davamız düşürdü. Həmişə bacılarım döyülürdü, amma məni evdə heç kim döymürdü. Bacılarım da cırnayırdı… (gülür)
– Yaş kompleksiniz yoxdur ki?
– Xeyr, heç vaxt belə bir kompleksim olmayıb. 1987-ci təvəllüdəm, bunu heç vaxt da gizləmirəm.
– Sosial şəbəkələrdə açıq-saçıq fotolarınıza görə sizi sərt şəkildə tənqid, hətta təhqir edənlər olur. Ki, bu cür fotolar bizim milli-adət ənənələrimizə, dəyərlərimizə ziddir, cəmiyyətin əxlaqına uyğun deyil, Azərbaycan xanımının adına ləkə gətirir və s.
– Sosial şəbəkələrdə mənim haqqımda təhqir yazanlar öz ailə tərbiyəsini göstərirlər. Özünə, ailəsinə, ana-bacısına hörmət eləyən heç kəs orda məni təhqir eləməz. Məni təhqir edənlərin hamısı anasından, bacısından, arvadından, qızından xəbəri olmayanlardır, ailə üzvlərindən xəbərsizlərdir. Bəlkə də heç atasını tanımır, bilmir ki, atası kimdir, bilmir ki, arvadı kimin qucağındadır, gedib öz dərdini çəkmir, Afaq Aslana dil uzadır, komputerin arxasında şirə, pələngə dönür. Özü də çoxları saxta profillərlə yazır. Kişisən, qadınsan, bilmirəm, öz adınla yaz, qoy oxuyan da sənin cavabını versin…
– Özünüz cavab verəcəksiniz?
– Ümumiyyətlə, mən o cür adamlara cavab yazsam, özümü onların səviyyəsinə endirmiş olaram. Onlara cavab verməyi özümə yaraşdırmıram. Azərbaycanda 9 milyon əhali var. Hərəsi də bir hava çalır. Biri deyir, mən qısa geyim xoşlayıram. Bir deyir, uzun geyim xoşlayıram və s. Mən isə təkəm. Bir dənəyəm. Ona görə də milyonlarla insanın fikrini nəzərə ala bilmərəm. Mən sadəcə, öz yolumu gedirəm. Məni bəyənən, xoşu gələn izləsin, xoşu gəlməyən də izləməsin.
– Bəlkə kütlənin cahilliyindən sui-istifadə edirsiniz… Bilirsiniz ki, lüt qadın şəkillərindən ötrü ölürlər, necə olur-olsun sizi izləyəcəklər. Sizi gündəmdə saxlayan da məhz cahil kütlədir. Sizcə, əslində, onlara təşəkkür eləməli deyilsiniz?
– Vallah, səmimi deyirəm, o adamların fikirləri mənim üçün qəti maraqlı və əhəmiyyətli deyil. Heç onların yazdıqlarını oxumuram, oxumağa da həvəsim yoxdur. Mənim üçün bilirsiniz kimlərin fikri maraqlıdır? Sevdiyim kişinin, bacımın, atamın, anamın və yaxın çevrəmin! Çünki bilirəm ki, onlar mənim əzizlərimdir və onların fikirlərini hardasa nəzərə alaram. Hansısa küçədən keçənin birinin fikri mənə nə üçün maraqlı olmalıdır? Heç özü bilmir ki, kimin qarnından çıxıb. O cür küçə insanının fikrini mən niyə önəmsəməliyəm?
– Gözəl bir xanım olmağınız şübhəsizdir. Memarınız kimdir?
– Valideynlərim… (gülür)
– O biri bacılarınız da gözəldir?
– Çox! Onlar sarışındır, mən qarabuğdayı. Onlar anama oxşayır, mən atama.
– Afaq xanım, ölkədə gedən ictimai-siyasi proseslərdən xəbəriniz var? Prezident seçkiləri keçirilir…
– Ümumiyyətlə, mən siyasətdən tamamilə uzaq bir insanam. Düzdür, efirlərə çıxanda mənə deyirlər ki, deputat kimi danışırsan. Bu da ümumi savadımdan irəli gəlir.
– Siyasi mövqeyinə görə demirəm. Məhz bir kişi kimi siyasətçilərdən xoşunuza gələni varmı?
– Rəcəb Tayyib Ərdoğanı çox bəyənirəm. Çox xarizmatik kişidir.
– Ərdoğan sizə evlənmək təklifi eləsə, qəbul eləyərsiniz?
– Yox… (gülür)
– Niyə ərə getmirsiniz?
– Bilirsiniz, elə müğənnilər var, ad üstündən götürülsün deyə evlənirlər, bir uşaq doğub boşanırlar. Sonra da istədikləri kimi yaşayırlar. Və yaxud, formal toy eləyirlər. Mən isə bu cür şeylərdən tamamilə uzaq bir insanam. Əgər nə vaxtsa ərə getsəm, tamamilə real bir ailə həyatım olacaq. Mən çox iddialı bir insanam. Necə ki, sənətdən heç kimi vecimə almıram, heç kimin sözünü önəmsəmirəm, öz yolumla gedirəm, həyatda da beləyəm. Məsələn, mən ailə qursam, heç vaxt kiçik adamın arvadı olmaram. O qədər tanınmış bir insanın arvadı olaram ki, hamı mənə həsədlə baxsın. Çünki həddindən artıq şöhrətpərəst insanam. Nəinki ailə həyatı quracağım kişi, hətta sevgili olacağım kişi də böyük nüfuza, hörmətə sahib olmalır, həm maddi cəhətdən, həm də mənəvi. O adamın adı çəkildəndə hamı bir addım dala atmalıdır ki, aha, Afaq filankəsin sevgilisidir. Bu mənada hələm-hələm hər kişini sevə bilmərəm və hər kişi də mənim ürəyimi ram eləyə bilməz.
– Sizi xoşbəxt eləmək üçün nə qədər pul lazımdır?
– Məni xoşbəxt eləmək üçün sonsuz sevgi lazımdır. Çox böyük bir sevgidən söhbət gedir. Yaxından tanıyanlar da bilir ki, mən aşiq olanda göylərdə uçuram, onda Afaqı yerdə tapmaq olmur…
– Maraqlıdır, indi yerdəsiniz, yoxsa göydə?
– Necə yəni?
– Yəni sevgiliniz var?
– Bəli… Əslində, var. Yəni aşiq olduğum, ürəyimi ovsunlayan insan var…
– O insan Nadir Səlifovdur? Bu günlərdə xəbər yayıldı ki, kriminal avtoritet Nadir Səlifovla aranızda gizli eşq münasibətləri var…
– Bu mövzuda mənə çox suallar ünvanlanır. Ancaq şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Heç kim şəxsi həyatı ilə bağlı cəmiyyətə açıqlama verməyə məcbur deyil. Eşq məsələsinə gəldikdə isə… sevgi azaddır. Sevgi cinayət deyil ki, insanı ona görə dara çəkələr. Üstəlik hər kəsi – məmuru, hacını, biznesmeni sevmək olar, avtoriteti yox? Hamı aşiq ola, sevə bilər, avtoritet bilməz, eləmi? Niyə bu mövzu hər kəsdə bu qədər təəccüb yaradır, heç cür anlamıram. Əslində fəxr eləməliyik ki, Nadir Səlifov, Rövşən Lənkəranski kimi oğullarımız var. Allah ölənlərə rəhmət eləsin, qalanlara can sağlığı versin.
– Afaq xanım, indi sizə zəng gəldi. Maraqlıdır, zəng edən kim idi?
– Tanımırdım. Məclisə çağırırdılar. Yarım saatın qiymətin soruşurdular.
– Yarım saatınız neçəyədir?
– Niyə hər şey sizə bu qədər maraqlıdır? (gülür) Bəzi müğənnilərimiz var ki, getmədikləri yer qalmır. Palatkaya çağırsalar, ora da gedirlər. Mən çox nadir məclislərə gedirəm. Amma yaxşısına gedirəm. Məni qane eləyir. Yarım saatım 2 min manatdır.
– İndi müsahibə zamanı bir zəng gəldi, 2 min qazandınız, elə?
– Bəli…
– Gündə neçə belə zəng gəlir?
– Vallah, saymamışam, hesablamamışam. Nə yalan deyim?!
– Vergi verirsiniz?
– Əlbəttə! Hər şeyin öz vergisi var. Vergisiz həyat olar? (gülür)
– Həyatınızdan məmnunsunuz?
– Çox aşırı dərəcədə məmnunam. Və mənim həyatımdan bu qədər məmnun olmağım çoxlarında qıcıq yaradır. Ona görə də yetən mənə sataşır, mənə atmaca atır ki, bəlkə onlara cavab verim, sayəmdə gündəmə gəlsinlər. İndi təzə bir tendensiya yaranıb, gündəmə gəlmək istəyən Afaqa sataşır. Mənim heç kimin qabağında gözükölgəli bir işim yoxdur. Nə də dilimi gödək eləyə biləcək bir əməlim yoxdur. Kimsə mənim haqqımda bir söz deyirsə, hazır olmalıdır ki, onun cavabını beş qat artıq alacaq. İnanın, elə adamlar mənə sataşır ki, öncə özü-özünə sual verməlidir ki, mən kiməm?
– Məsələn, kim sataşır?
– Elə bu günlərdə yaşanan qalmaqaldan danışaq. Kamran Həsənli aynanın qarşısında dursun, özü özünə sual versin ki, mən kiməm? Kim olmuşam? Və hansı mövqedə olan bir insanam? Çıxıb efirdə insanlara ədəb-ərkandan, mədəniyyətdən, qanacaqdan dərs keçir. Efir mədəniyyətindən danışan Kamran Həsənli birincisi xanımla rəftarın qaydasını bilməlidir. Kamran kişiliyə yaraşmayan hərəkətlər edir. Belə mədəni insansansa, efirdə insanlara örnək olmaq istəyirsənsə, niyə camaata pul atırsan? Kamranın haqqında cinayət işi var, onu dələduzluq maddəsi ilə ittiham eləyiblər. Gedib camaatdan aldığı pulları qaytarmır, utanmaz-utanmaz, arsızcasına efirdə veriliş aparır. Onun yerinə mən olsam, xəcalətimdən teleməkana yaxın durmaram. Amma bu insanda üz var, açıqca deyir ki, mən fırıldaqçı da olsam, dələduz da olsam, efirdə veriliş aparmalıyam. Hansı üzlə? Hələ utanmaz-utanmaz reytinq üçün başqalarına da atmaca atır…
– Kamranı belə tanıyırdınızsa, bəs verilişinə niyə getmişdiniz?
– Vallah, mənə yaxın olan bir insana zəng eləmişdilər, xahiş eləmişdilər ki, Afaq xanım bizim verilişə qonaq gəlsin. Hətta demişdim ki, orda qalmaqal olacaqsa, mən o verilişə çıxmayacam. Bunlar isə dedi ki, yox, Afaq xanım, nə qalmaqal? Sən demə, bunlara reytinq lazımmış, torba tikiblərmiş ki, içinə Afaqı salsınlar. Amma öz tikdikləri torbaya özləri düşdülər, çünki gözləmirdilər ki, Afaq onları sındırar. Mən çıxandan sonra Kamran verilişində bir ifadə də işlədib ki, Afaqı ilk dəfə efirə mən çıxarmışam. Mən heç o insanı şəxsən tanımıram. Sadəcə, qiyabi olaraq haqqında eşitmişdim ki, fırıldaqdır, yalançıdır, Samir Piriyevə pul atıb. Bunları da mediadan oxumuşam. Bunu birinci dəfə həmin verilişdə görmüşəm. Hələ utanmaz-utanmaz da deyir ki, Afaqı ilk dəfə mən efirə çıxarmışam. Harda çıxarıb? Yəqin, məni yuxusunda efirə çıxarıb.
– Afaq xanım, ehtiraslı bir cəmiyyətdə yaşayırıq və məlumdur ki, çox kişilərin xoşunua gələn bir xanımsınız. İntim təkliflər də çox olurmu?
– Şübhəsiz ki, təkliflər çox olur. Amma mən o təkliflərdən yan keçən insanam, çünki asanlıqla əldə ediləcək bir qadın deyiləm. Mən ümumiyyətlə, sevməsəm, aşiq olmasam, mümkün deyil ki, hansısa bir kişi məni əldə eləsin. Çünki seçimi mən eləyirəm. Bir milyon kişi arzulaya bilər ki, həyatımda Afaq kimi qadın olsun. Onun istəməyi nəyisə dəyişmir. Mən o insanı istəməliyəm. Məni yatağına salmaq hər kişinin işi deyil.
– Yəqin, arzusuna çatanlar da olub…
– Bəli, mənim həyatımda sevdiyim insan var. Amma nə qədər qadınlar var ki, məndən zəhləsi gedir. Çünki sevgililəri onların yanında məni tərifləyir. Deyir ki, Afaq gözəl xanımdır. Afaqın bədən quruluşu belədir, elədir. Qadın da hiss eləyəndə ki, həyatındakı kişinin gözü Afaqdadır, mənə qısqanclıq eləməyə başlayır. Lap məni şəxsən tanımasa da, istər-istəməz Afaqa düşmən kəsilir. İnanın, sosial şəbəkələrdə məni təhqir eləyənlərin də əksəriyyəti qadınlardır, məhz ona görə ki, onların həyatlarındakı kişinin məndən xoşu gəlir.
– Son sualım… Maraqlıdır, fotosessiyalarınız nə üçündür?
– Mən həmişə yeni mahnı çıxaranda fotosessiya da etdirirəm. İş orasındadır ki, bizim bədbəxt jurnalistlərimiz fotosessiyalarımı elə işıqlandırırlar ki, mahnılarım kölgədə qalır. Mahnımı üç sayt işıqlandırırsa, fotosessiyamı 140 sayt verir. Hamı da elə bilir ki, Afaq mahnı oxumur, fotossesiya elətdirir. Mahnımı üç sayt yayımlayır, amma açıqlama verib birini var-yoxunu söyürəm, bütün saytlar verir. Bədbəxtçiliyimiz odur ki, biz müğənninin sənətini yox, kimisə söyməyini daha çox işıqlandırırlar. İkincisi, açıq-saçıq geyinmək nə vaxtdan soyunmaq hesab olunub? Məsələn, dəniz kənarında çimərlik geyimində şəkil çəkdirirəm. Bu, soyunmaqdır? Dənizə şuba geyinib girim? Yaxud, camaat yatanda şuba ilə yatır? Çadra ilə yatır?
Müstəqil.Az