Rusiyada “dünyada ilk siyasi alqoritm” hazırlanacaq və o, istifadəçilərin suallarını ötən il vəfat edən siyasətçi Vladimir Jirinovskinin üslubunda cavablandıracaq.
Bu barədə RF Dövlət Dumasının LDPR fraksiyasından olan deputatı Leonid Slutski xəbər verib.
Onun sözlərinə görə, “Jirinovski” adlı neyron şəbəkəsi siyasətçinin iştirakı ilə videoarxivlərin təhlili əsasında cavablar hazırlayacaq. Ümumilikdə, neyron şəbəkə onun 30 ildən çox karyerası ərzində verdiyi 18 min saatdan çox müsahibə və çıxışlarını “izləməli” olacaq.
“Bu məlumat bazası onun mümkün yeni suallara cavabını yaratmaq üçün kifayətdir”, – deyə Slutski bildirib.
Qeyd olunur ki, “Jirinovski” neyron şəbəkəsi V.Jirinovski adına Dünya Sivilizasiyaları Universiteti tərəfindən hazırlanacaq.
Xatırladaq ki, Rusiya Liberal Demokrat Partiyasının lideri, Rusiya Dövlət Dumasında eyniadlı fraksiyanın rəhbəri Vladimir Jirinovski ağır və uzun sürən xəstəlikdən sonra 2022-ci il aprelin 6-da vəfat edib.
Mənbə: Gazeta.ru