İki nazirlik Müşfiqabad qəsəbəsində birgə ağacəkmə aksiyası keçirib

İki nazirlik Müşfiqabad qəsəbəsində birgə ağacəkmə aksiyası keçirib

Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə aprelin 8-də Müşfiqabad qəsəbəsi ərazisində ağacəkmə aksiyası təşkil olunub.

Nazirliklərin rəhbər şəxslərinin və əməkdaşlarının iştirakı ilə baş tutan tədbirin məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, eyni zamanda ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Tədbirdə çıxış edənlər xalqımızın ümummilli liderinin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqətlə yanaşmasını qeyd ediblər. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim diqqət yetirir.

Aksiya zamanı Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib və onlara aqrotexniki qulluq göstərilib.

Share: