Kulis.az Antonio Maçadonun Federiko Qarsiya Lorkanın ölümünə ithaf olunan şeirlərini təqdim edir.
I
Cinayət
Uzun bir küçəylə gedib
silahlı adamların əhatəsində,
dan sökülürdü yavaş-yavaş,
soyuq idi çöllərdə,
ulduzlar buz bağlamışdı.
Azacıq ağarmışdı göyüzü
və Federikonu öldürdülər.
Cəlladlar qorxaq
və etinasız idi.
“Tanrı köməyin olmasın!” –
dedilər və nəzərlərini yayındırdılar.
Cansız bədəni yerə sərildi Federikonun…
Qan alnından şoruldadı, bədəni soyudu.
Cinayət Qranadada törədildi…
onun Qranadasında!
Xəbərin var bundan, Qranada?
II
Şair və ölüm
Uzun bir küçəylə gedib ölümlə yan-yana.
Soyuq idi, amma qorxmurdu soyuqdan.
Deyib: “Gün çıxır və gün işığıyla
oynayır qüllələr,
dəmirçixanada isə çəkic səsləri”.
Ölüm ona qulaq asıb sevgili kimi.
O isə deyib ölümə: “Sənin əllərin
ritm tuturdu mənim romanseroma,
sənin orağın cingildəyirdi faciələrimdə.
Əbədi şöhrətləndirəcəyəm
kor gözlərinin baxışını,
cansız bədəninin yüngüllüyünü,
isti dodaqlarıma toxunan soyuq dodaqlarını…
Ey ölüm! Ey nəğmələrimin qaraçısı!
Külək dalğalandırır saçlarını.
Səninləyəm Qranadamın səması altında.
Bizim Qranadamızın. Mənim Qranadamın!”
III
Uzun bir küçəylə gedib…
Ey dirilər, yuxulardan və daşdan
heykəl qoyun ona
Alqambranın fəvvarələri arasında.
Və sular bu sözləri yazsın
qurumayan göz yaşlarıyla:
“Cinayət Qranadada törədildi…
onun Qranadasında!”
Tərcümə: Həmid Piriyev