Rəsulzadə küçəsinin adı dəyişdirilib? — Rəsmi açıqlama

Bəzi sosial şəbəkələrdə və Youtube kanallarında Şirvan şəhərində Məhəmməd Əmin Rəsulzadə küçəsinin adının dəyişdirilməsi ilə bağlı məlumat yayılıb.

Şirvan Şəhər İcra Hakimiyyəti məsələyə münasibət bildirib.

Bu burədə “Qafqazinfo”ya bildirilib ki, Şirvan şəhərinin mərkəzi prospektlərindən biri Məhəmməd Əmin Rəsulzadənin adını daşıyır, şəhərin Hacıqəhrəmanlı qəsəbəsində də Məhəmməd Əmin Rəsulzadə küçəsi mövcuddur:

“Prospekt şəhərin Xəqani küçəsindən başlayaraq Naxçıvan küçəsinə qədər olan ərazini, Hacıqəhrəmanlı qəsəbəsində isə mərkəzi küçəni əhatə edir.

Hazırda “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” na uyğun olaraq, Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan prospektdə və küçədə abadlıq və quruculuq işləri aparılır.

Belə ki, Şirvan şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidənqurulması istiqamətində görülən işlər çərçivəsində şəhərin Məhəmməd Əmin Rəsulzadə prospektinin bir hissəsində diametri 400 mm-lik olan, uzunluğu 650 p/m yeni kanalizasiya şəbəkəsinin qurulması işləri davam etdirilir.

Hacıqəhrəmanlı qəsəbəsi Məhəmməd Əmin Rəsulzadə küçəsində isə abad məhəllənin salınması üçün hazırlıq işləri aparılır. Şəhər mərkəzi ilə yanaşı 2023-cü ildə qəsəbələrdə də abad məhəllələrin salınması ilə əlaqədar layihələndirmə işləri başa çatdırılıb. Layihə üzrə şəhərin Hacıqəhrəmanlı qəsəbəsi Məhəmməd Əmin Rəsulzadə və Bayramlı qəsəbəsi Mirzə Ələkbər Sabir küçələrində salınacaq abad məhəllələrdə sakinlərin istirahəti üçün lazımi şərait yaradılacaqdır. Burada söhbətgahlar, uşaq əyləncə qurğuları, oturacaqlar quraşdırılacaq, ərazi abadlaşdırılaraq yaşıllaşdırılacaqdır.

Sosial şəbəkə istifadəçilərdən və jurnalistlərdən əsassız məlumatların yayılmamasını və vətəndaşlarda çaşqınlıq yaratmamalarını xahiş edirik”.


Share: