Kulis.az Ülvi Bahadırın Azər Paşa Nemətov ilə vida mərasimindən hazırladığı reportajı təqdim edir.
– Azər Paşa Nemətovla vida mərasiminə kim gedəcək?
Bunu eşidən kimi bədənimdən bir üşütmə keçdi. Yox, xəstə deyiləm. İlk işim, ilk reportajımdır. Həyəcan doğum sancısı kimi doldu ruhuma. Necə olacaq? Neyləyəcəm?
Elə bunu düşünə-düşünə APA-nın maşınına mindim. AzDramaya doğru yol aldıq.
Maşında yadıma keçən həftə oxuduğum Azər Paşa müəllimlə aparılan müsahibə düşdü. Ölüm xəbərini eşidəndə də ilk dəfə onu xatırlamışdım:
“Ruha ancaq yaradan toxuna bilər. adımdan da bəlli olduğu kimi möhkəm və iradəli biriyəm. sındırmaq istəyənlər çox olub, lakin bacarmayıblar. Sənətimin yolu ilə getmişəm və bu barədə də özümü sözün əsl mənasında xoşbəxt hiss edirəm. Ən ağır mübarizələrdən alnı açıq, üzü ağ çıxmışam”.
Və biz bu gün bu üzüağ kişi ilə vidaya hazırlaşırıq. Maşınlar şütüyür və mən zamanın qısaldığını hiss eləyirəm.
Qəfildən maşının şüşəsindən görünən mənzərəyə diqqət kəsilirəm. Balaca, çəlimsiz bir uşaq əlində gül buketi ilə gül mağazasından çıxır və fərəhli gözlərlə əks istiqamətə addımlayır.
Əlimi uzatdım
sevincə sarı,
Gördüm yox,
arada kədər dayanıb.
Necə də qəribədir. Bir tərəfdə fərəhli gözlərlə sevincə doğru gedən addımlar, bir tərəfdə itirmişliyin verdiyi kədər və nisgil…
AzDramanın qarşısındayıq. Heç kim yoxdur. Deyəsən, tez gəlmişik.
– Bəlkə, giriş arxa tərəfdəndir?
Dostlardan biri təlaşla dillənir.
Ona qulaq asıb arxaya tərəf gedirik. Orda da saxlayıb deyirlər ki, giriş qabaqdadır. Kor-peşman qayıdırıq əvvəlki yerimizə.
Nəhayət ki, içəri girə bildik. İçəridə bir neçə adam vardı. Görünür onlar da bu vida mərasimini işıqlandırmaq üçün burda idi.
Adamlar çoxaldıqca özümü çılğın izdihamdan uzaqlarda darıxan qərib kimi hiss elədim. Dedim axı, ilk işimdir.
Foyedə hamı qruplar halında toplaşıb söhbətləşir. Mən də tez-tez telefonumun kilidini açıb dəxlisizcə bir-bir proqramlara girib-çıxırdım. Bəzən müdrik bir əda ilə hansısa proqramı niyə yüklədiyimi xatırlamağa çalışır, yadıma salanda uşaq kimi sevinirdim. Qara camaatın mazutlu sevinci…
Bu dəmdə təhsil aldığım Yaradıcılıq fakültəsinin eks-koordinatoru Məmməd müəllimlə göz-gözə gəldik. Həlim gülüşü ilə yaxınlaşıb salamlaşdı. O həm də teatrın aktyorudur. Hal-əhvaldan sonra təzə oyuncağı olan uşaq sevinci Kulisdə təcrübəçi kimi işə başladığımı deyirəm. Təbrik eləyib uzaqlaşır.
Ətrafdakı adamları müşahidə eləyirəm. Görəsən, nə danışırlar? Mən bu adamları tanıyıram axı, amma onlar məni tanımır. Eyib etməz, mən burda, onlar burda.
Uzaqdan AzDramanın mətbuat katibi Cavid Zeynallını görürəm. Salamlaşırıq. Gözümü qıyaraq baxdığımı deyir və eynək taxmağı məsləhət görür. Görək də, işə qəbul olunsam, düşünmək olar.
Bir qadınla bir adam içəri daxil olur. İkisi də axsayır. Qadın Azər Paşa müəllimlə dünən danışdığını və ölümünə inanmadığını deyir. Ölüm elə budur da… Çox vaxt ən rahat anımızda yaxalayır bizi…
Nəhayət ki qapı açılır, tanış və yad adamlar içəri axışır. Bir anın içində uşaqlığıma dönürəm. Ən təmiz anlarımın qəhrəmanları sürətlə film kimi ötüb-keçir yanımdan… Uzun müddətdir efirlərdə, filmlərdə görmədiyim qəhrəmanlarımla qəfil rastlaşıram. Donub qalıram: necə də qocalıblar. Ancaq gözləri… Gözlərindən tanıyıram onları.
Adamlarla birgə yuxarı qalxıram. Addımladıqca sütunlardakı yazılar diqqətimi çəkir:
“Cəhənnəm sakinləri”
Quruluşçu rejissor: Azər Paşa Nemətov
“Almaz”
Quruluşçu rejissor: Azər Paşa Nemətov
“Ah bu uzun sevda yolu”
Quruluşçu rejissor: Azər Paşa Nemətov
“Ölülər”
Quruluşçu rejissor: Azər Paşa Nemətov
Diqqətimi bir səs çəkir. Hacı İsmayılov jurnalistlərə müsahibə verir. Azər Paşa müəllim haqqında xatirələri bölüşür. Bir cümləsini dəqiq eşidirəm:
– Azər müəllimə deyirdim ki, biz adi düşünürük, siz ali.
Zala daxil oluram. Nəzarətçi qadının göstərdiyi yerdə əyləşirəm. Elə bu an pərdə açılır və səhnədə çələnglər, yuxarıda, ortada da Azər Paşa müəllimin qara lentli şəkli…
Elə bu səhər oxuduğum Fəxri Uğurlunun “Atalar və oğullar” romanı haqqında yazdığı yazını xatırladım. Atalar və oğullar… Ataların yolu ilə getmək bəzən bizi it hürən tərəfə aparır, bəzən də işıq gələn tərəfə.
“Davamçısı olmağı düşünmürdüm açığı. Amma onun kimi olmağı çox arzulayırdım. Zaman keçdi və mən sənədlərimi rejissor sənəti üzrə verdim. Lakin ailəm buna razı deyildi. Amma mən universitetə daxil oldum və uğurlu bitirdim”.
Bu sözləri demişdi Azər Paşa müəllim atası haqqında. Bu izdihamlı vida bir daha göstərdi ki, Azər Paşa müəllim ata yolunu necə keçib.
“İftara yemək hazırlayırdım. Birdən zəng elədilər ki, bilirsən nə olub? Azər Paşa müəllim vəfat edib”.
Bir qadının göz yaşları içərisində dediyi bu sözlər məni həqiqi dünyaya qaytardı. Yanındakı qadın da ona təsəlli verirdi.
Ətrafa göz gəzdirirəm. Hər peşədən adamlar Azər müəllimlə vida mərasiminə gəlib. Bir-birləri ilə sənətkarla bağlı xatirələrini bölüşürlər.
Qəfildən harda oturduğumu fikir verirəm. İlahi…Vəfat edən əziz dostumun oturduğu yer… O da teatrı necə də sevərdi. Tez-tez AzDramaya gələr, tamaşalara baxar, sonra da gecəninin içindən keçə-keçə tamaşaları, teatrı müzakirə eləyərdik. Elə həyacanla baxardı, danışardı ki, elə bil bu saat ürəyi dayanacaq. Dayandı da… Yaxşı adamlar ürəkdən gedir…
Ədalət Vəzirov… Kamança konçertosu… İndi bildim niyə qəmli xəyallara dalmışam. Bu musiqi adama nə desən eləyər. Ədalət Vəzirov həm qatildir, həm də həkim… O da ürək imtahanından çıxa bilmədı. Bir tərəfdən də adam düşür: Bu ruha, bu duyğuya ürək necə tap gətirsin?
Ürəyim tap gətirmir, çölə çıxıram. Zalda jurnalistlər, fotoqraflar elədən-elə, belədən-belə gedir. TV-lər reportaj hazırlayır. Sənətkarın dostları, məsləkdaşları öz xatirələrini bölüşürlər.
Səyavuş Kərimi Azər Paşa müəllimi yad eləyir, onun sənətinin böyüklüyündən danışır. Bir az aralıda Fatma Mahmudova özünəməxsus geyim və danışıq tərzi ilə jurnalistlərə Azər Paşa Nemətovun onun üçün nə qədər dəyərli olduğunu deyir.
Bayaq göz yaşları içərisində olan qadın doluxsunmuş halda yenidən içəri girir.
Bir qadın divanda oturmuş adamlara hansısa tamaşadan bir monoloq səsləndirir, insanlar da maraqla ona baxır.
Elə bu an maşını ilə gəldiyim dostlardan biri məni səsləyir. Onlarla aşağı düşürürük. Çölə çıxırıq. Səmaya, quşlara, ağaclara baxıram. Həyat davam edir. İçimdə Vaqif Bayatlı misraları ilə buradan uzaqlaşıram:
Ancaq eşqdən bir dünyayçün
Ölümü də sevib ötdüm,
Ölümüm də döndü gülə,
Hər iki dünya! Mən getdim
Xoşca qalın! Gülə-gülə!