Azər Paşa Nemətov hələ 7 il əvvəl vəfat etmişdi…

Muğanlı-İsmayıllı-Qəbələ yolunun 26 hektarı meşə ərazisinə, 5 hektarı Şahdağ Mili Parkının ərazisinə düşür və təzə yol, minlərlə ağacın qırılmasına səbəb ola bilər.

Torpaqdan səmaya, yerdən Tanrıya gedən minlərlə yol kəsilə bilər.

Təəssüf, bu ölkədə ən rahat işlərdən biri də ağac kəsməkdir. Hərçənd Avropada ağac kəsmək adam öldürmək qədər ağır cinayətdir.

Hər məsələdə Qərbdən sitat gətirməyə də ehtiyac yoxdur; 2023-cü il Heydər Əliyev ilidir. Gəlin onun illər əvvəl dediyi sitatı xatırlayaq: “Ağacları kəsənlər sanki mənim qollarımı kəsir!”. 

Düzdür, illərdir Azərbaycanda yüzlərlə ağacəkmə kampaniyası keçirilir. Lakin unutmayaq, insan əzəmətli ağac yetişdirə bilmir. Əzəmətli ağacları təbiət özü yetişdirir. Bu ağaclar, adətən, meşələrdə böyüyür. 

Meşə ağacların yarış meydanıdır. Ağaclar öz gövdələrini yol edib yuxarı doğru yarışırlar. Günəşdən daha çox pay almaq naminə gedən yarışda qazanan biz oluruq: kölgə qazanırıq, nəfəs qazanırıq, gözəllik qazanırıq… Meşələr ağacları bir başqa cür böyüdür.

Ötən gün Azərbaycanın ən qədim teatrının  – Azərbaycan Dövlət Dram Teatrının direktoru, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov dünyasını dəyişdi.

Bizə belə öyrədiblər: ölənin dalınca danışmazlar, Allah rəhmət eləsin. Sonra da deyiblər ki, artıq haqq dünyasındadır.

Son vaxtlar ölən kimi pis əməlləri ilə xatırlanan məşhurlarımız insanı düşündürür: adam bunca imtiyaz və vəzifə qarşılığında adi rəhmət belə qazanmağı bacarmır? Buna səbəb nədir?

Tükdən incə bir sahədə çalışan adam niyə bir tokarın, malyarın, elektrikin, mühasibin bacardığını bacarmır?

Son illərin ən böyük teatr qalmaqallarından biri 6 il əvvəl Azər Paşa Nemtovun rəhbərlik etdiyi teatrda – birbaşa özünün iştirakı ilə baş vermişdi. Həmin vaxt gənc aktyor Hikmət Rəhimov teatrdan kənarlaşdırılmışdı, Fuad Poladov teatrın direktorundan aktyoru öz işinə bərpa etməyi xahiş etsə də, Azər Paşa Nemətov qocaman aktyorun xahişinə məhəl qoymamışdı. Fuad Poladov isə, son illərdə kimsənin bacarmadığı bir addımı atmışdı. Hikmət Rəhimova görə illərlə çalışdığı, onlarla obraz yaratdığı qocaman teatrdan istefa vermişdi. 

Azər Paşa Nemətov bir az həmin gün vəfat etmişdi. Fuad Poladov onun rəhbəri olduğu teatrdan gedəndə.

Fuad Poladovu öldürən əsas səbəb bu oldu – “Azdrama”dan gedişi. Ailəsinin verdiyi müsahibədə də, bu məqam qeyd olunmuşdu.

Ədəbiyyat camiəsinin gözü ilə baxsaq, ötən gün “teatrın Anarı” dəfn olundu.

Bir zamanlar şanı möhtəşəm olan bu qocaman sənət adamları gün-gündən öləziyən hörmətlərini seyr etməkdən hüznlənmirlər? Tanrının insan üçün qurduğu ən ağrılı tamaşa bu olmalı – sənə olan sevginin anbaan azaldığını görmək.

Azər Paşa Nemətov, Anar və bir neçə qocaman sənət adamı bu hüznlü tamaşaya kreslodan baxmağı necə bacarırlar? Hərçənd bir an tez ayağa qalxsaydılar, hər kəs bu qalxışı alqışlayardı, insanlar onların xatirəsini də tamam başqa müstəvidə anardı.

Tarkovskinin “Ayna” filmində ağacı seyr edən obrazın dilindən belə bir depressiv ifadə səslənir: “Ağaclar illərlə, əsrlərlə eyni yerə saplanıb qalırlar, biz isə dünyanı gəzirik, yenə xoşbəxt ola bilmirik”.

İnsan səyyar varlıqdı, bir yerdə çox qalanda ağacdan tez kötükləşir, sudan tez lillənir. 

Bu qocaman sənət adamlarının ətrafındakılar, onların kresloda ölməsinə göz yumanlar düşünmürlərmi ki, bir yaşdan sonra adamın dişi çıxmır, yeri ömür boyu boş qalır? İndi o adamların yerinə kimi qoysalar da, yer uzun illər boş qolacaq. Həmin kreslolar memorial əşyalara çevriləcək. Ona görə də, sənət adamı vəzifədə bütləşməli deyil, onu hər il kreslosuna daha bir yerdən mıxlayanlar düşünməlidir ki, adam öləridir. Həmin gün gələnə qədər yerində oturacaq adam yetişməlidir. Sabah baş daşından boylanacaq qocamanlar da bilməlidir ki, ağac ağac yanında böyüyür, yarışa girir. Meşələr ağacların cıdırıdır. 


Share: