Kulis. az hazırda Amerikada yaşayan güneyli şair Türkan Urmulu ilə müsahibəni təqdim edir.
– Türkan Urmulu… Urmunun adı gələndə istəmədən ağlımıza Urmu gölü gəlir. inanıram Urmu gölündə çox gözəl xatirələrin var, onlardan danış bizə.
– Uşaqlığımda yay aylarında ailəm ilə gölə gedəndə özümlə həmişə qapaqlı bir şüşə aparıb onu artemiyayla doldurardım. Urmu gölündən “balıq tutardım” öz aləmimdə (gülür). Sonra şüşəni evə gətirib bir neçə gün tutduğum balıqlara baxardım. Orada yay fəsli və isti günlərin ən böyük neməti idi Urmu gölü. Gölün ortasından keçən körpünün hər iki tərəfində çox vaxt maşın saxlamağa yer olmayacaq qədər dopdolu və nəşəli olardı. Bu maşınların az qala yarısı Təbrizdən Urmu gölünə əyləncəyə gələrdilər. Bu nəşəli günlərin ən dadsız tərəfi xalqın şənliyini pozan “əxlaq məmurları” olardı. Dəfələrlə məmurlar əylənən insanları incidib onlarla necə dalaşmalarına şahid olmuşdum. Əslində rəsmi və qanun əsasında olan basqı, zorakılıq və insan şəxsiyyətini alçaltma İran rejimində bütün xoş və şən günlərin ayrılmaz bir parçası olub. Duzlu göl möcüzə idi. Çimməyi bacarmırdım amma özümü buraxıb suyun üzərində uzun müddət qalırdım. Urmu gölünə məxsus olan o sehrli qoxudan heç vaxt doymamışam…
– Şeirlərində həmişə feminizm düşüncələrinin izi olub. Bunlar hardan qaynaqlanır?
– Basqı, zorakılıq, haqsızlıq, səbəbsiz yerə insanlara və insan kəramətinə sataşmaq hər adamın rahatca barışa biləcəyi və ya görməzdən gələ biləcəyi bir vəziyyət deyil. Urmu gölünün şən günləri ilə bərabər, dediyim kimi göz açıb böyüdüyüm ölkə və cəmiyyət ən çox da diktator hökümət nədəniylə çox ağır və aşırı şəkildə qeyri-demokratik bir yer oldu. İrandakı bu aşırı təzyiq və əziyyət qadınlara gələndə qat-qat daha çoxdur. Mən yadıma gələndən, ən uşaq yaşlarımdan qızlarla oğlanlar arasındakı ayrı seçkilikdən və ədalətsizlikdən əziyyət çəkərdim.
Əlbəttə ki, həyatının bütün alanlarını etkiləyən o boyda haqsızlığın qabağında sakit qalmaq mümkün olmazdı. Bu durum insan ruhuna və şüuraltının ən dərin qatlarına qədər işləyir. Ruh da, dil də, bədən də öz etirazını, üsyanını və dirənişini əlindən gələn şəkildə bildirməyə başlayır. Şeirə gələndə isə o, insan şüurunun ən gerçək, səmimi və dərin qatlarında zühur edən bir anlam və varlıqdır. Mən özümü tanıyandan, hətta feminizmin adını belə eşitmədiyim zamanlarda da feminist idim çünki toplumda və yaşadığım mühitdə gender bərabərsizliyinə qarşı şüurlu və ya şüursuz olaraq dirənirdim. Əlbəttə ki, bu vəziyyət şeirlərimə də yansıyacaq, bu hər zaman içimdən gələn duyğu olub. Mən heç vaxt feminist bir şeir yazmağa daha öncədən qərar verməmişəm.
– Yaradıcılığına zaman ayıra bilirsənmi? Hazırda Amerikada yaşayırsan, ABŞ-da ədəbiyyata maraq varmı?
– Təəssüflə qeyd edim ki, şeirə və yaradıcılığa ayırdığım zaman özümü heç razı etmir. ABŞ-da mühacir kimi və ailə dəstəyi olmadan yaşamaq rahat deyil, zamanının çoxunu iş və gündəlik həyatın qayğılarına ayırmaq məcburiyyətindəsən, ancaq mən bu durumun keçici olduğunu bilirəm və inanıram ki, yaxın zamanda bir sıra vacib işlərdən sonra ədəbiyyata və şeirə istədiyim keyfiyyətdə vaxt ayıra biləcəm. Bəli, bu toplumun kültür və incəsənət mühiti çox zəngin, geniş və maraqlananlar üçün açıqdır. ABŞ-nin ədəbi mühitini dəqiq olaraq bilmirəm. Açığı, burada yaradıcılığıma çox zaman ayıra bilməmişəm.
ABŞ-da qadın çalışmaları və mədəniyyət sahəsində iki univeritet bitirdim və aldığım təhsilin düşüncələrimdə və dünya görüşümdə çox böyük dəyişiklik və təsiri olduğunu düşünürəm. Bu bilgilərin gələcəkdə yaradıcılığımda müsbət təsir buraxacağından əminəm.
– Güney Azərbaycan ədəbiyyatının hansı uğurları olub? Sərbəst və ağ şeirdə nə yenilikləriniz olub?
– Məncə, Güney Azərbaycan ədəbiyyatı bütöv olaraq uğurludur. Çox ciddi və anlamlı bir ədəbiyyat prosesi davam edir ancaq hələ tam yerinə oturmayıb. Çünki Güney Azərbaycan ədəbiyyatı özünəməxsusdur və başqa yerin ədəbiyyatı ilə müqayisə etmək olmaz. Güney Azərbaycan şairləri və yazarları öz ana dilləri olan Azərbaycan türkcəsində yazmağa yeni başlayıblar, doğrudur, ancaq onlar tarixin çətin və ağır dönəmində düşüncələrini öz insanlarına özəl bir üslubda çatdırırlar. Belə sözləri bu bölgənin insanından başqa dünyada heç kimə anlatmaq olmaz.
Ədəbiyyata və şeirə sadəcə ədəbi-texniki prizmadan baxmaq professionallıq deyil, qeyri-peşəkarlıqdır. Dili yasaq olan güneyli yazarın dərdini və sözünü dünyanın heç bir yüksək dərəcəli ədəbiyyatçısı başa düşə bilməz. Örnək üçün mən bu məsələyə Güney Azərbaycanın digər qadın yazarlarından daha həssas yanaşıram. Onlar ictimai və özəl həyatlarında özlərinə məxsus və dünyanın heç yerinə bənzəməyən bir mühitdə yaşayırlar. Məncə, onların yazıları Güney Azərbaycan ədəbiyyatının qızıl səhifələrinə düşəcək.