Ukraynalı idmançılara Rusiya və Belarusdan olan idmançıların qatıldıqları yarışlarda iştirak etmək qadağan edilib.
Ukrayna Gənclər və İdman Nazirliyinin müvafiq əmrini Ali Radanın deputatı Jan Belenyuk öz “Telegram” kanalında paylaşıb.
Qərara əsasən, tələb pozulduqda sərt cəza tətbiq olunacaq. Sərəncama riayət etməyən idman federasiyaları milli federasiya statusundan məhrum ediləcəklər. Qərarda nazirlik rəsmilərinə Rusiya və Belarus idmançılarının yarışda iştirak edəcəkləri təqdirdə nümayəndə heyətlərinin turnirdən geri çağırılmaları tapşırılıb.
Sərəncamın paylaşılan fotosunda tarix göstərilməyib. Deputat sənədin nə vaxtdan qüvvəyə mindiyini də qeyd etməyib. Sərəncamla bağlı hələlik Ukrayna İdman Nazirliyinin saytında və sosial şəbəkə hesablarında məlumat yerləşdirilməyib.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə, Belarusun isə bunu dəstəkləməsinə görə adıçəkilən ölkələrin idmançıları və komandaları bir çox beynəlxalq yarışdan kənarlaşdırılıblar. Lakin son zamanlar bəzi idman növlərində bu qadağalar aradan qaldırılıb.
Mənbə: TASS