Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev daim Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi məsələsini diqqət mərkəzində saxlayır.
“Qafqazinfo” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunu general-mayor Məhəmməd Həsənov Əlahiddə Ümumqoşun Orduda növbəti zabit təkmilləşdirmə, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarının uğurla başa çatması münasibətilə buraxılış mərasimində deyib.
Mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Dövlət Himni səsləndirilib.
Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafeyin təbrikini şəxsi heyətə çatdıran general-mayor Məhəmməd Həsənov bildirib ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev daim Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi məsələsini diqqət mərkəzində saxlayır. Göstərilən diqqət və qayğının nəticəsində muxtar respublikanın müdafiəsində uğurla dayanan Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazası hər keçən gün daha da gücləndirilir, silah arsenalı ən müasir silahlarla yenilənir.
M.Həsənov kursları uğurla başa vuran məzunların onlara etibar olunacaq hər bir vəzifənin məsuliyyətini dərindən dərk edəcəklərinə, bundan sonra da hərbi bilik və bacarıqlarını artıraraq Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına yeni qəbul olunmuş müasir silah, texnika və qurğuları peşəkarlıqla idarə edəcəklərinə inandığını bildirib.
Məzunlar adından çıxış edən mayor Bəhruz Ziyadov və gizir Taleh Həsənov kurs zamanı öyrəndikləri yeni hərbi bilikləri Əlahiddə Ümumqoşun Ordunun hissə və bölmələrində xidmət edərkən, şəxsi heyətin peşəkarlığının artılmasına sərf edəcəklərinə söz verib.
Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs birinciləri xatirə lövhələrinə buraxılış emblemlərini vurduqdan sonra tribuna önündən təntənəli keçid olub.
Sonda xatirə şəkli çəkdirilib.