“Yarışın təhlükəsizliyinə cavabdeh olan Ermənistanın yüksək vəzifəli şəxsləri qalmağımızı istədilər. Oteldən çıxmağımızı əngəlləmək fikrində idilər ki, gecikmələr olsun. Buna müəyyən qədər nail oldular”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatı zamanı baş vermiş təxribata münasibət bildirərkən deyib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verən federasiya rəsmisinin sözlərinə görə, komanda qitə birinciliyində çıxış etsəydi, daha ciddi problemlər yarana bilərdi: “Açılış mərasimində baş verənlər idmançılarımızda psixoloji ruh düşkünlüyü yaratdı. Bu, ciddi hadisələrin baş verəcəyindən xəbər verirdi. Biz də etirazımızı bildirdik və çıxış etməyəcəyimizi dedik. Bayrağın yandırılması bu siqnalların startı idi. Yarışa kökləndiyimiz bir anda bu hadisə yaşandı və uşaqların təhlükəsizliyinə artıq əmin deyildik”.
Xatırladaq ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib.