Bakının 100 nömrəli məktəbinin sinif otağına şəhid jurnalist Məhərrəm İbrahimovun adı verilib

Bakının 100 nömrəli məktəbinin sinif otağına şəhid jurnalist Məhərrəm İbrahimovun adı verilib

Bakının Binəqədi rayonu şəhid Namiq Fərəczadə adına 100 nömrəli tam orta məktəbin sinif otaqlarından birinə şəhid jurnalist Məhərrəm İbrahimovun adı verilib.

“Report”un xəbərinə görə, bununla bağlı keçirilən tədbirdə məktəbin müəllim və şagird kollektivi, M.İbrahimovun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Azərbaycanın Dövlət Himni səsləndirilib.

100 nömrəli məktəbin rus bölməsinin ibtidai sinif rəhbəri İnqa Tolmaçova bildirib ki, M.İbrahimov burada təhsil alıb və oxuduğu müddətdə ən nümunəvi şagirdlərdən biri olub. O söyləyib ki, Məhərrəm hər zaman məktəbin tədbirlərində fəal iştirak edib:

“Məhərrəm hələ uşaq yaşlarından vətənpərvərliyi ilə seçilirdi. Jurnalist kimi fəaliyyət göstərdiyi dövrdə də vətənpərvərliyini sübut edib. O, ömrünün sonuna qədər Vətəninə, millətinə bağlı olub”.

Orta məktəb direktorunun müavini Kəmalə Hacıyeva deyib ki, təhsil ocağının rəhbərliyi şəhid məzununun xatirəsini daimi əziz tutur və Məhərrəmin adını əbədiləşdirmək üçün sinif otaqlarından birinə onun adını vermək qərarına gəlib:

“Məqsədimiz milyonların ürəyində özünə tac quran Məhərrəm İbrahimovun xatirəsini əbədiləşdirməkdir”.

Ardınca M.İbrahimovun həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub, şagirdlər şeirlər söyləyiblər.

Şəhidin ailəsi adından M.İbrahimovun bacısı Sevda Əsgərova çıxış edib. O deyib ki, aprelin 16-da şəhid qardaşının 41 yaşı tamam olub:

“İki ildir ki, doğum gününü onsuz qeyd edirik”.

O, göstərdikləri diqqət və qayğıya görə məktəbin rəhbərliyinə təşəkkürünü bildirib.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Ağalar oğlu Əliyev xidməti vəzifələrini yerinə yetirərkən həlak olublar, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Sirac Abış oğlu Abışov, Arif Ağalar oğlu Əliyev və Məhərrəm Əli oğlu İbrahimovu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Share: