Tarixdə iz qoyan şəhid- Muradov Vüsal…- Minagül Şabanova yazır

Tarixdə iz qoyan şəhid- Muradov Vüsal…- Minagül Şabanova yazır

Muradov Vüsal 1999-cu ilin 19 mayında Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhərində anadan olsa da əslən Ağdamlı idi. Vüsal orta təhsilini Sumqayıt şəhərində 25 saylı məktəbdə almışdır. Lakin o, orta təhsilini natamam bitirərək, Cəmşid Naxçıvanski adına hərbi liseyə üz tutdu. Çünkü bu onun ən böyük arzusu idi. 3 il liseydə hərbi təhsil aldıqdan sonra, hərbin sirlərini daha dərindən öyrənmək və bu sirlərə yiyələnmək məqsədilə 2017-ci ildə Heydər Əliyev adına Ali Hərbi məktəbə qəbul oldu. Ən böyük istəyi olan kəşfiyyatçı ixtisasına yiyələndi.
Vüsal niyə bu yolu seçdi soruşsaz? Vüsal hələ dünyaya gözünü açmamışdan onun ailəsi öz doğma yurdu olan Ağdamdan ayrı düşmüşdü. 23 iyul 1993-cü ildə Ağdam rayonu Ermənistan ordusu tərəfindən işğal olunmuş və Vüsalın ailəsidə digər ailələr kimi qaçqın yaşamağa başlamışdır. Bu qaçınlıq onun ailəsi üçün çətinliklər yaradırdı. Vüsal uşaqlıqda çox çətinliklərlə böyümüşdür. Vüsal böyüdükcə artıq hər şeyi başa düşür , dərk edirdi.. Vüsalın atası Cəsarət kişi bu faciələrin canlı şahidi olduğundan övladlarını vətənpərvərlik ruhunda böyüdürdü. Vüsal bu haqsızlığı, günahsız insanların faciəvi şəkildə qətlə yetirilməsini heç vaxt qəbul edə bilmirdi. Onun içində düşmana qarşı çox böyük qəzəb vardı, bu qəzəb sanki onu yeyib bitirirdi. Yurd- yuvası düşmən tapdağı altında qaldığına görə özünü günahlandırırdı, bununla heç cür barışa bilmirdi. Buna görə də, Vüsal hərbi təhsil almışdı. O böyük səbirsizliklə Ali Baş Komandanın əmrini gözləyirdi.
Anası Kəmalə xanım bir tərəfdən oğlu ilə fəxr edirdi, digər tərəfdən isə oğlunu itirməkdən çox qorxurdu. Kəmalə xanım və atası Cəsarət kişi oğlunu itirəcəklərindən qorxsalar belə, hər zaman Vüsalın düşüncələrinə, seçdiyi yola hörmətlə yanaşırdılar. Çünkü onlarda yaxşı bilirdilər ki, nə desələrdə Vüsal öz qərarından dönən deyil.
Sonunda Vüsalın arzuladığı gün gəlib çatdı. Ali Baş Komandan müharibə başladı əmrini verdi. Bunu eşidən Vüsal cəbhəyə getmək üçün səbirsizlənirdi. Onun sevinci, cəsarəti gözlərindən hiss olunurdu.
Müharibə başlayanda Vüsal hərbi məktəbin 4-cü kursunda oxuyurdu. O, 29 sentyabr 2020- ci ildə leytenant rütbəsini alaraq, cəbhəyə yollandı. Vüsal peşəkar kəşfiyyatçı olduğuna görə taqım komandiri təyin edilmişdi. O taqım komandiri olsa da tabeliyində olan əsgərlərdən yaşca kiçik idi. Daim özünü qorxmadan ön cəbhəyə atırdı. Vüsal cəsarətlə Qubadlı, Cəbrayıl, Zəngilan və Xocavənd uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İçindəki böyük döyüş ruhu onu daim irəliyə aparırdı. O yorulmadan mübarizə aparır, əsgər yoldaşlarına da güc verirdi. Onun taqımı Zəngilanın 5 kəndi və 7 yüksəkliyinin alınmasında igidliyi ilə xüsusi fərqlənmişdi.
Vüsalın ən böyük arzusu Ağdamı görmək idi. Amma çox təəssüf bu, ona nəsib olmadı.
29 oktyabr 2020- ci ildə rəhbərliyin ona verdiyi təlimata görə o taqımı ilə birlikdə Hadrutun Dolanlar yüksəkliyini keçib tapşırığı yerinə yetirməliydi. Lakin qəfil ölüm onun ömrünü sonlandırdı. Vüsal Hadrut rayonunun Dolanlar yüksəkliyini keçdikdən sonra ziyarətgah dağında qəhrəmancasına şəhid oldu. 31 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabınında dəfn olundu.
Ölümündən sonra Dövlət tərəfindən “ Vətən uğrunda” , “ Cəsur döyüşçü” və “ Xocavəndin azad edilməsi uğrunda” medallarına layiq görülmüşdür.
Vüsal kimi oğullarımız vətəninə, millətinə görə öz arzularından, gələciyindən, ömüründən keçib və öz ömürlərini bizlərə bağışlayıb gedib. Bizimdə borcumuz onları daim xatırlamaq, ziyarət etmək, şəhid ailələrinə hər zaman hörmətlə yanaşmaqdır. Dövlətimiz və bizlər daim şəhid ailələrinin yanındayıq.
Şəhidlər bizim qürurumuz, fəxrimizdir. Şəhidlər ölmür onlar daim yaşayır və yaşayacaqdır. Məqaləmi sonda belə bir şüarla bitirmək istəyirəm “ Biz bir ölüb, min dirilərik!”.

Şabanova Minagül Ayaz qızı

Share: