Kulis.az Azərbaycanın ilk peşəkar qadın müğənnisi, teatr xadimi, Xalq artisti Şövkət Məmmədova haqqında maraqlı faktları təqdim edir.
Şövkət Məmmədova 1897-ci il aprelin 18-də Tiflisdə pinəçi Həsən Məmmədoğlunun ailəsində dünyaya gəlib. Əslən Borçalı qəzasının Qoşakilsə kəndindən olan Həsən sadə peşə adamı olsa da, daxilən ziyalı, açıq fikirli, dünyagörüşlü insan olub. Sənətə, musiqiyə yüksək qiymət verib. O, Tiflisdə general Yadigarov nəslinə yaxın ailədən Xurşud Sultanova ilə ailə qurmuşdu.
***
Şövkət əvvəlcə A. Kitesanın maliyyələşdirdiyi özəl məktəbdə təhsil alır. Lakin məktəbdə təhsil səviyyəsi qane edici olmadığından valideynləri ona fərdi müəllim tuturlar. “Müqəddəs Nina” məktəbinin müəlliməsi Yelena Nesterovna Kandelaki onların evinə gəlir və balaca qızcığazla fərdi məşğul olur. Şövkətin musiqi qabiliyyətini ilk dəfə hiss edən də o olur. Kandelakinin məsləhəti ilə uşaq musiqi məktəbinin fortepiano sinfinə qoyulur. Balaca qızın qeyri-adi musiqi duyumu elə ilk gündən müəllimlərinin diqqətini çəkir.
Bir dəfə italyan müğənnisi Aida Qonzaqa Tiflisə qastrola gəlir. Bu konsertdə balaca Şövkət də iştirak edir. O, böyük müğənninin çıxışlarını sonsuz maraq və məftunluqla dinləyir və müğənni olacağına qərar verir.
***
Şövkətin atası Həsən 1910-cu ilin əvvəlində vəfat edir. O, bu itkidən bərk sarsılır. Anasının və müəlliməsinin hədsiz qayğısı nəticəsində o, musiqi təhsilindən ayrılmır. Novruz bayramında Tiflisin Artistlər Cəmiyyətində qrafinya Vorontsova-Daşkovanın təşkil etdiyi bayram konsertinə dəvət olunur. Orada italyan və rus romansları, Azərbaycan xalq mahnısı oxuyur və böyük uğur qazanır. Həmin il musiqi məktəbini bitirir.
Təhsilini davam etdirmək məqsədilə nənəsi ilə birgə Bakıya gəlir. Bu gəliş Hacı Zeynalabdin Tağıyev teatrının 30 illik yubileyi ərəfəsinə təsadüf edir. Həmin dövrdə Bakı teatrında qadın rollarını ancaq kişilər ifa edirdilər. Belə bir vaxtda Tağıyev Şövkətin İtaliyada oxumaq arzusunu bəyənir. Şövkət Zeynalabdin Tağıyev və onun həyat yoldaşı Sona xanımın köməyi ilə İtaliyanın Milan şəhərindəki musiqi məktəbinə daxil olur. Tağıyev onun təhsil haqqını öz öhdəsinə götürür.
***
O, əvvəlcə İtaliyada, Milan Konservatoriyasında, sonra Kiyev Konservatoriyasında təhsil alır.Tağıyev hər ay ona xüsusi təqaüd göndərir. Lakin bir il sonra təhsili üçün göndərilən vəsait kəsilir. Şövkət təhsilini Tiflis musiqi məktəbində davam etdirməli olur. Musiqişünasların ehtimallarına görə, təqaüdün kəsilməsinin əsas səbəbi xeyriyyəçi ilə Şövkət Məmmədova arasındakı inciklik olur. Belə ki, Şövkəti gözü götürməyənlər onun barəsində müxtəlif xoşagəlməz şayiələr yayaraq onu Hacının gözündən salırlar.
Tağıyevlə arası dəyən müğənni 1912-ci ildə Üzeyir Hacıbəyli ilə tanış olur. Şövkət Məmmədova həmin il ilk dəfə peşəkar ifaçı kimi Bakının Tağıyev teatrında Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasından bir neçə parça ifa edir. Konsertdən əldə olunan gəlir onun təhsilini yenidən İtaliyada davam etdirməsi üçün nəzərdə tutulur.
***
Konsertdən sonra qadının səhnəyə örtüksüz çıxması və Şövkətin bu cəsarəti şəhər müsəlman icmasını bərk qəzəbləndirir. Bakı qoçuları Şövkət Məmmədovanı öldürmək istəsələr də, Üzeyir Hacıbəyli və dostlarının köməyilə o, teatrın arxa qapsından qaçırılaraq Abşeron kəndlərinin birində gizlədilir. Daha sonra müğənni gizlin yolla Biləcəri stansiyasından Tiflisə yola salınır. Şövkət Məmmədova musiqi təhsilini Tiflisdə davam etdirir.
Şövkət Kiyev Konservatoriyasında oxuyarkən buranın rektoru, tanınmış bəstəkar Reynqold Qlierlə tanış olur. Sonradan Qlier müğənninin dəvəti ilə Bakıya gəlir. Və özünün məşhur “Şahsənəm”ində Şahsənəm obrazını Şövkətə həsr edir.
***
Şövkət N. Nərimanov, Y.V.Çəmənzəminli ilə dostlaşır. Onların təşkil etdiyi “Qafqaz birliyi” klubuna üzv yazılır. Klub əsasən xeyriyyəçiliklə məşğul olur. O, klubun işində fəal iştirak edir, solo konsertlərdən yığılan vəsaiti tələbə və yoxsul ailə üzrə təşkilatlara köçürür.
Şövkət xanım Azərbaycanın mədəni həyatında fəal iştirak edir. 1923-cü ildə onun təşəbbüsü ilə Bakıda teatr texnikumu açılır. Texnikumun ilk direktoru da o, özü olur.
***
1938-ci ilin aprelində Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti dekadası keçirilir. Şövkət xanım M.Maqomayevin “Nərgiz” və R.Qlierin “Şahsənəm” operalarında Nərgiz və Şahsənəm partiyalarını misilsiz füsunkarlıqla ifa edir. Dekadanın böyük nailiyyətlərinə və musiqi yaradıcılığı fəaliyyətlərinə görə o, SSRİ xalq artisti fəxri adına layiq görülür.
Azərbaycan vokal təhsil sisteminin dünya sənət ölçüləri səviyyəsində qurulmasında böyük işlər görür. SSRİ xalq artistləri Firəngiz Əhmədovanın və Müslüm Maqomayevin yetişib formalaşmasında müstəsna xidmətləri olur. Müxtəlif beynəlxalq festivallarda və müsabiqələrdə münsiflər heyətinin üzvü olur. Konservatoriyada işinin çoxluğu və vaxtının azlığından 1948-ci ildə opera teatrının solisti işindən də çıxır.
***
Kiyevdə oxuduğu müddətdə müğənni Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurur.
1921-ci ildən Şövkət Məmmədova Rusiya, Fransa, İtaliya, İran və Gürcüstanda çıxışlar edir. İtaliyaya səfəri zamanı isə yenidən Milan musiqi məktəbinə daxil olur və 1912-ci ildə yarımçıq qalan təhsilini 1927 və 1930-cu illərdə tamamilə bitirir. Opera və balet teatrında “Sevilya bərbəri” operasında Rozina, “Riqoletto”da Cilda, “Şah İsmayıl”da Gülzar, “Arşın mal alan”da Gülçöhrə və başqa aparıcı partiyaları ifa edib. Bu ifalar Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açıb.
Müğənni 1923-cu ildə Azərbaycanda Azərbaycanda ilk not nəşriyyat idarəsini və Bakı Ali Teatr məktəbini (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) yaradır. Eyni zamanda, həmin il onun təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılır. 1923-1925-ci illərdə texnikumun direktoru, həm də not nəşriyyatının müdiri vəzifəsində çalışır.
***
1981-ci il iyunun 8-də vəfat edən sənətkar Fəxri xiyabanda dəfn olunub. Ölümündən sonra Azərbaycan Dövlət Konservatoriyası yanında opera studiyasına onun adı verilib.