10 aprel
Bəs yuxularımda
palçıqdan şirə çəkən arılar….
Qadın sığalladı, onun gənc, qüssəli üzünü.
Bu həyata o qədər az inanırsan ki….
Öpməsən, dodaqlarım
quru palçığa çevriləcək….
Sıxıntılar
Hardadır sevginin xoşbəxtliyi?
Qorxular qanlı dəmir kimi
böyüdür çığırtını, boğur qəddarlığı
Bir oyuğa baxarkən
necə sıxılarsa adamın ruhu
hulqumu üzərində yad əllər olmasa da,
ruhum da o cür səssiz ağrıyır dərinlərdə
Və fikirlər
adamları qorxudan həmin oyuqlar kimi….
Bu gün başındakı pariki
sarı, qırmızı yaşıl olan
təlxəyi gördüm.
və əlində sarı, qırmızı, yaşıl rəngli dondurma olan bir uşağı…
Qarşılaşdılar…
Güldülər bir-birinə….
Mən də gülümsədim
zülmətdən bir addım öncə.
Gözəl olan hər şey gəlib içimdə xarab olur.
Və artıq əzablıdır bunlardan sonra nələrisə anlatmaq
İçdiyin zəhəri qusmaq kimi…
Xəfif sevgi şeiri
Görəsən, indi düşünürsənmi məni uzaqda?..
Yanındakı adamların səsi kəsilən kimi.
Axı mənə ancaq uzaqdan aşiq olmaq mümkün olur.
və düşünmək olmur hansısa divarı
dəldiyimi…
İndi ağlına yağışın qopartdığı
papiros külü gəlir.
Bir də başdanbaşa islanmış
gül budaqları…
Əkin yerlərindən susqunca keçib-gedən uyurgəzər,
Böyürtkəni kirpinin tikanında tapan bir
xəyalpərəst….
Yanındakı adamlar danışacaqlar elə hey uzun-uzun
Mənsə bir şam yandıracam islaq əkin sahəsində
Güləcəm yemiş qabığı çeynəyən inəyin gözlərinə….
Məni düşünəcəksən onda
“Uzaqlarda vurulduğum adam var” – deyəcəksən,
Divarları çatlatmayan xəyalpərəst bir gənc
Amma nəmli buludlara sizin tək “qara” demir
Pıçıldayır; “bənövşəyi yağmur evləri….”
Solğun işıqlar
Qorxunun azad yaxasında
yoxdur Tanrının barmaqları….
Bu gün yenə üzünə baxıb
gülümsədi xəbərsiz biri.
Rəngli tutuquşu arzulayan
cavan qadını gördün.
Və axşam
yuxuda korrida yarışı izlədin –
qırmızı bir nəğmə ilə ram edirdilər öküzü….
15 aprel
“Qorxma,
tənhalıqdır bu – dondurması bitmiş çubuq….
Boz günlər dəlici bıçaq, gah da kiflənmiş meyvə kimi….”
İndi dəniz üzərində gəzməyi bacarsaydı
əsla hiss etməzdi ayaq altındakı suları…
Yol tapa bilməzdi onların sərinliyi
kabusları içib
yorğun düşmüş ruhuna…