Kulis.az Samirə Rüstəmovanın “Kod adı V.X.A.” tamaşasi haqqında yazısını təqdim edir.
Qara yellərin uğultusu bürüyüb hər yanı. Nədirsə çox taleləri silib-süpürüb, yumaq kələfi kimi yumrulayıb aparacaq bu yel.
Xəbərsiz olduqları və ya ümumən həqiqətən uzaq olan ittihamları təsdiqləməkdən boyun qaçıran, imtinanın əvəzində isə haqsız işgəncələrə məruz qalan, acı yellərin hərəsini bir səmtdən, amma eyni niyyətlə qovub bu məşəqqət yuvasına saldığı bir dəstə qadın var səhnədə. Bir zamanlar bəlkə də ətrafdakıların qibtə ilə yanaşdığı, həsəd apardığı, indi isə taleyin ironiyası ilə qarşı-qarşıya duran bu zərif məxluqlar, sayılıb-seçilən Azərbaycan xanımlarının tarix səhnəsindən teatr səhnəsinə köçürülmüş obrazlarıdır.
Söhbət Gənc Tamaşaçılar Teatrının səhnəsində Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin ssenari müəllifi olduğu ”Kod adı V.X.A” ( açması Vətən xainlərinin arvadları ) tamaşasından gedir. Tamaşanın adı kimi ideyasının da öz kodu var: silkələmə, xatırlatma, ötürmə və sətiraltı daha nələr…
Hələ yanvar ayında tamaşanın premyerası gerçəkləşəndən bəri ona baxmağa göstərdiyim səylər boşa çıxırdı bu vaxt adlı vaxtsızlığın əlindən. Sənətinə və şəxsiyyətinə böyük hörmət bəslədiyim ( həm də bu tamaşada rol alan ) bir aktyorun dəvətilə nəhayət ki, bu yaxınlarda arzum reallaşdı.
…Səhnə əsərini izləyə-izləyə daxili təbəddülat keçirməmək mümkün deyildi. Millətimin başına gələn qəzavü-qədərin ağırlığı altda mənən əzilirdim sanki. Gələn demişkən, gəlməyən qalıbmı bu zavallı xalqımın başına.
Bir anlıq qədim və şərəfli tariximizi kitab rəfinə bənzədirəm: ilahi, qalın-qalın cildlərindən qan daman, boy-boya sıralanmış soyqırım silsiləsiylə dolu bir rəf bu : 1905, 1918, 1937, 20 yanvar, Xocalı…
Bədii və estetik təfəkkürü, teatral zövqü ilə sənət anlayışı olan hər kəsi heyran qoyan rejissor ( bu dəfə ssenari müəllifi ) M.Ələkbərzadə, quruluşçu rejissorlar N.Qulamzadə və G.Hacıyeva 1937-ni seçiblər bu qara silsilədən. Elə səhnə tərtibatı da qara yazılı otuz yeddilərin boz duman arxasında itən məşum-müəmmalı talelərinin ümumiləşdirilmiş açar ( kod ) görüntüsüdür.
Ana dilini sevməyin, bu dildə yazmağın cinayət hesab edildiyi bir dövrdə nuruyla göz qamaşdıran minlərlə ziyalılar və onların ilham pəriləridir bu səhnə əsərinin qəhrəmanları.
Hər biri təpədən-dırnağa Vətən aşiqiykən “Vətən xaini” adlandırılan elm, təhsil, səhiyyə, incəsənət öndəgedənlərini, başbilənlərini cərgədən çıxaranların niyyəti millətin işıqlı gələcəyinə qara əllər uzatmaq, qələm tutmağı bacaranların əlini, söz sahibi olanların dilini kəsmək olub. Bu açıq-aşkar bir tarix həqiqətidir. Elə xanım müəllifin də demək istədiyi, tamaşaçıya ötürmək niyyətində olduğu ideya, qayə məhz bu günahsız repressiya qurbanlarını heç zaman unutmayacağımıza sənədli bir işarədi.
Bər-bəzəkli pərdə arxasında gizlənən, əslində isə çirkin ideologiyasını azad fikirlərə qandal edən rejim say-seçmə xanımlarımızı ucsuz-bucaqsız, ilan mələyən çöllərə sürgün etməklə onların gözlərini qırmağa, qürurunu sındırmağa çalışsa da buna nail ola bilmir. Düzdür, eyni taleyi paylaşmaqlarına baxmayaraq onların da arasında bəzən fikir ayrılığı, hətta kiçik münaqişələr da yaşanır. Lakin bu başa düşüləndi. Bayıl həbsxanasında gördükləri işgəncələr, müstəntiqlərin təhqir, təhdid dolu sorğu-sualları, qazax çöllərində yaşadıqları müsibətlər artıq onları yorub. Beziblər, tükəniblər, bir tikə çörək üçün müqəddəs sayılan çox şeydən keçməyə hazırdırlar və hətta keçənlər də var.
Fikrimcə tamaşada eyni bəlaya mübtəla olmuş qadın kütləsinin ümumi mənzərəsini bir aparıcı obraz tərəfindən, onun üsyanı, mono etirazı formasında da vermək olardı. Çünki hər qadının ayrı-ayrılıqda dindirilməsi nəticə etibarı ilə eyni qaydada aparılır və eyni gözlənti ilə tamamlanır. Müstəntiqlərin kökləndiyi ab-hava, istintaqların gedişatı da məlumdu, ziyası sönmüş ziyalı xanımlarımızın hələ də məğrurluğunu qoruyub saxlamağa çalışan cavabları da. Yad ellərdə diş-dırnaqlarıyla bir qarın çörək üçün (bəzən kiçicik bir etirazdan yana bundan da məhrum olurdular) göstərdikləri çaba da, əvəzində qismətlərinə yazılan söyüş-təhqir-cəza qazancı da eynidir. Bəs elədirsə hər obrazı bir-bir dindirmək, bir-bir dinləmək , tamaşanın vaxtını uzatmaqla onun mahiyyətini zəiflətmək gərəkdirmi. Səhnədə ilk pərdədən son pərdəyə xaos və qaragüruh hökm sürür. Məgər insan dərdini ancaq hayqırtıyla anladırmı. Səssiz süzülən göz yaşları, pıçıltılı yalvarışlar daha təsirli deyilmi ?!
İlk əvvəl gedişatı izlədikcə istiqlal şairimiz Əhməd Cavadın sədaqətli yarı, qürurunu hər türlü şirnikləndirici vədlərdən üstün tutan, ucalığını ac canavar sürüsündən güclə qoruyan sevimli Şükriyyəsini obraz olaraq ( aktrisa Kəmalə Müzəffər nədənsə monoton oyunu ilə, serialla teatrı fərqləndirməməkdə hələ də tərəddüdlü ) öz dramaturji yükü ilə əsas qəhrəman hesab edirsən. Amma zaman keçdikcə Ayna Sultanovanın ( Günel Məmmədova), Ceyran Bayramovanın ( Leyli Vəlyeva ) da aparıcı mövqe sərgilədiyinin şahidi olursan. Onlar tamaşanın ümumi mənzərəsini tamamlamaqla deyil, təkrarlamaqla yadda qalırlar. Təkrar isə ikinci dəfə maraqlı, üçüncü kəs adi, dördüncüdə yorucudu…
Qısası repressiyadan əziyyət çəkən bir qadın arxasında dayanan minlərlə qadının da ağrı-acısını, işgəncə dolu yaşamını ifadə edə bilir ( bu təbii ki, teatr qanunlarını nəzərə alsaq bu belə olmalıdı. Həmin xanımların hər birinin ürək dağlayan xatirələrini biz dönə-dönə oxumuşuq və hər zaman o yara bizim üçün təzə olaraq qalacaq). Tamaşada sona qədər yeni fikir axtarışında olursan. Amma onu nə qədər səbirsizliklə gözləsən də gəlmir ki, gəlmir. Süjet xəttinə xələl gətirmədən müəyyən ixtisarlar aparmaqla dörd saatlıq bu uzun sürən gərginlıyi iki saatlıq emosional dinamizmlə əvəz etmək olardı məncə.
Bütün bunları bildirməklə tamaşadakı zəngin rejissor təxəyyülünə, ağır aktyor əməyinə, işıqçı və rəssam işinə əsla kölgə salmaq niyyətində deyiləm. Teatr sahəsində çalışanlar zəmanəmizin ən əziyyətli peşəsini yaşadan və əvəzində zəhmətinin qarşılığını ala bilməyən fədailərimizdi. Onlar dövlətin və cəmiyyətin ən yüksək qayğısına və ehtiramına layiqdirlər. Amma dövrün ağır problemləri, müharibələr, münaqişələr, xəstəliklər insan psixoogiyasını elə həddə çatdırıb ki, müasir tamaşaçı dörd saaatlıq bir səhnə nümunəsini birnəfəsə izləməkdə acizdir. Daha lakonik , daha konkret fikirə və qərara ehtiyac duyan izləyici kütləsi üçün “Vətən xainlərinin arvadları” tamaşası elə adı kimi (V.X.A. ) qısaldılsa daha baxımlı və maraqlı olar fikrimcə. Axıra kimi oxumağa səbriniz çatdısa, təşəkkürlər.