Azərbaycanı bir ölkə kimi idarə etmək çox çətindir. Əvvəla düşmənləri çoxdur- rus, fars, erməni və s.. Üzümüzə güləni də var, diş qıcıyanı da, arxadan vuranı da. Hələ inqilab sevdasıyla yaşayan “sapı özümüzdən olan baltalar”ı demirəm.
Bundan əlavə çox işlər görülsə də, ölkəmizdə “kölgə iqtisadiyyatı”nın, məmur özbaşınalığının, haqsızlığın, qeyri qanuni, asan yolla varlanmağın qarşısı tam alınmayıb. Yaxşı anlayıram, buna qarşı müharibə elan edilsə, gərək böyük bir insan kütləsi həbs olunsun. Bu isə ciddi münaqişəyə səbəb ola bilər. Axı yaxşıları dəyərləndirmək asandır, pisləri cəzalandırmaq çətin- “bilir ki, bilirlər” vəziyyəti anlayır, “bilir ki, bilmirlər” tez başa düşür, “bilmir ki, bilmir”lər isə necə deyərlər, küyə gedirlər. Hamını razı salmaq isə mümkün deyil, aramızda nadanlar, xəbislər, naşükürlər var və naxələf, namərd, satqın az deyil. Heç kimin əlində nağıllarda olduğu kimi, sehirli çubuq yoxdur. Ölkəni “filflo”yla bir anda dəyişmək mümkün deyil. İnkişaf zaman-zaman baş verir, irəli gedir…
Bəli, o, güclüdür və bu gün ondan başqa bu vəzifəni icra edə biləcək ümumxalq ehtimadı qazanan ikinci bir insanı tanımıram. Ən radikal rəqibləri Əli Kərimliyə, Cəmil Həsənliyə və başqalarına baxanda bunu aydın görmək olur. Amma arada bir vaxt ayırıb “youtube” sosial platformasında Qubad İbadoğluya, Ərəstun Orucluya və digər mütəxəsislərə nəzər yetirməsini təvəqqe edirəm. Onlar ölkədəki bir sıra nöqsanlara işıq tutmağa çalışırlar…
Demirəm ki, hər tərəf zülmət qaranlığa bürünüb, heç bir iş görülməyib. Əsla yox! Son iyirmi ildə çox inkişaf etmişik, uğurlarımız yetərincədir. Ən başlıcası, məhz onun düzgün, müdrik, ağıllı siyasəti sayəsində və bir sərkərdə kimi, illərlə edilən böyük məsrəflər hesabına döyüşə hazırladığı ordumuzun mübarizliyi, peşəkarlığı, yüksək maddi-texniki təminatı nəticəsində müharibədə qalib gəlmişik. Və inanın ki, işğaldan azad olunan torpaqlarımız tezliklə gülüstana çevriləcək. Yenilənən yollar, salınan körpülər, inşaa edilən məktəblər, bağçalar, xəstəxanalar, tikilən şəhərciklər buna bariz nümunədir. Qazilərə, köçkünlərə, əlillərə, hərbiçilərə, jurnalistlərə ev verilir, üstəgəl avtomobillər. Heç bir ölkənin rəhbəri bu səxavəti göstərməyib. Doğrudur, müxtəlif təşkilatlarda məmur özbaşınalığı, süründürməçiliyi nəticəsində narazı qalan qazilər, o cümlədən müxtəlif təbəqələrdən olan insanlar və işsizlik problemindən, dolanışığından əziyyət şəkən vətəndaşlar da az deyil, amma bu çətinliklərin də tədricən qarşısının alınacağına inanıram. Nə isə, bir əcnəbi məsəldə deyildiyi kimi:-“Harada insan varsa, orada problemlər də var…”
Sözümün canı başqadır. Dünən ölkə rəhbəri, ali baş komandan xalqımızı Ramazan bayramı ilə bağlı təbrik etdi. Sıradan bir azərbaycanlı kimi, mən də dövlətimizin rəhbərini Ramazan bayramı münasibətilə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram.
Hörmətlə, Elman Eldaroğlu