Bu gün şair Qulu Ağsəsin doğum günüdür. Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.
***
Hər gözünü sıxanda şəhid anası
əri dişini sıxar:
“Olmadı,
bu ki olmadı!”.
…Dörd şəhid atasının
dişlərini saydım
otuz iki olmadı…
***
Xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
nə vaxtdı,
yad səslərdən yağır qulağına…
mən pambıq götürüm,
sənsə çöp götür,
enək İsa bulağına –
təmizləyək nisgilin,
28 bəlaya gəlmiş ilin!
…Bir də xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
da-rıx-mı-şam!..
***
Görsən ki, qaranlıq çökür aləmə,
Görsən ki, axşamdı…
fikir eləmə.
Bir uçuq yuxudu gecənin boyu
Nə qədər imkan var
rahatlan, uyu…
Qəflətən bir çağa salar hay-həşir
Səhər – körpəsidi doğan Günəşin.
Onu ovutmağa tələsər hamı,
Beləcə, salarlar yenə axşamı.
Təzədən qaramat basar dünyanı,
Hanı doğan Günəş?
körpəsi hanı?
… Görsən hər tərəfdən əlin üzülür,
Görsən üşüyürsən…
yandır özünü…
***
“Sən öl”ü, “sağ ol”u bəlli,
yaranandan üzü bəri
yasında Yasin oxunan,
toyunda tüfəng atılan –
şəhərim!
Dünyanı bazara çıxaran,
dünya bazarında satılan –
şəhərim!
Yuxarı başına keçən kafirə
yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən,
bircə əsarətdən qorxan!
Ağ alınlı qızılı atların vətəni,
seyid cəddinə içilən andların vətəni!
Sən dar gündə
Şuşaya arxa,
Xocalıya ümid oldun.
Son nəfəsəcən döyüşdün,
son nəfərəcən şəhid oldun…
Ağam şəhərim!
Adam şəhərim!
Ağdam şəhərim!
Şükür külünə,
şükür qayıdış gününə!
Sevincdən ağlımız çaşıb,
yüz min dəliynən gəlirik.
Bir “Uzundərə” havası çal,
çıx Bərdə yoluna –
Uzundərəynən gəlirik!..
***
Bu dünyada
heç kəsə demədim…
O dünyada soruşsalar:
sən kimsən?
– gözümü yumub,
ağzımı açacam!
Deyəcəm ki:
altındakı skamyada
bir yol özü oturmayan
yorğun ağacam…
***
…Və bir gün qərq olarsan sulara
burulğan çəkər aşağı,
arxanca hürüb ağlaşar
suiti uşağı…
Burda köməyə kimi çağırasan –
qalarsan gözünü döyə-döyə,
başını balıq ağzından çıxararsan
dişin dişinə dəyə-dəyə.
Saçların quruyar qorxudan
yolarsan, bir ocaq catasan,
əlin gedər alışqan
qoyduğun cibə…
“Sənə lazımıydı,
siqareti atasan?!”
***
Çox da salıb dünyanı eynəyim gözdən – noolar
Ağız suyuyla bitir dodaqda söz də – noolar…
Ölüm nə çətin işdi, gör nə gözəl cəzan var,
Dörd tərəfin köpəksə, demək, mühafizən var…
Yer tərpənir – tərpənsin, sallanarsan budaqdan
Bir də gördün əl edir kimsə sənə uzaqdan…
Nə lazım, uzaqbaşı bircə otağın ola
Gecənin bir yarısı qəfil qonağın ola…
Sevəsən bu gəlişi başdan-ayağa kimi
Küsdürəndə ağlaya qoynunda çağa kimi…
Gedəndə könlünü də yalvar-yapış apara
Gün görməmiş dərisin gün çıxmamış apara…
…Gedə, bir də qapından əcəl girəndə gələ
Günəş xəstə dünyaya şüa verəndə gələ…