Havada dəm qazının normadan artıq olması hansı fəsadlara səbəb ola bilər?

Havada dəm qazının normadan artıq olması hansı fəsadlara səbəb ola bilər?

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən son verilən məlumata görə, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərində dispers toz hissəciklərinin miqdarı normadan 1.8, dəm qazı 1.7 dəfə artıq müəyyən edilib.

Bakıda havada dəm qazının normadan artıq olması hansı fəsadlara səbəb ola bilər?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov dedi ki, dəm qazının normadan artıq olması ilə bağlı göstərici yalnız günün pik saatlarında müşahidə edilir:

“Atmosfer havasının monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami və Nərimanov rayonlarında hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. Gündəlik olaraq stansiyalardan əldə olunan 24 saatlıq ölçmə məlumatlarının təhlili aparılır. Təhlil nəticələrinə əsasən, atmosfer havasının günlük qiymətləndirilməsi həyata keçirilir. Gündəlik fasiləsiz həyata keçirilən müşahidə məlumatlarına əsasən demək olar ki, atmosfer havasını çirkləndirən qaz qarışıqları sutkalıq qatılıq həddini keçmir. Yalnız günün pik saatlarında şəhərin iri prospektlərində nəqliyyatın intensiv hərəkəti ilə əlaqədar olaraq dəm qazının miqdarı cüzi də olsa, saatlıq normadan çox ola bilir”.

N.Mahmudov bildirdi ki, Bakı şəhərində havanın çirkləndirilməsinin təxminən 70 faizi nəqliyyatın payına düşür:

“Bu sahə üzrə daha mütərəqqi metodların tətbiqi, köhnəlmiş maşınların istismardan çıxarılması, təbiətə dost nəqliyyat vasitələrindən istifadə, elektromobillərin, hibrid nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi, sıxılmış qazla işləyən avtomobillərin sayının artırılması, dizel yanacağı ilə işləyən nəqliyyat vasitələrinin minimuma endirilməsi, mühərriki kiçik həcmli avtomobillərə üstünlük verilməsi daha məqsədli görünür. Bunlara riayət olunarsa, nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin azalması müşahidə olunacaq”.

İdarə rəisinin sözlərinə görə, bu məsələdə yaşı 10 ildən artıq minik avtomobillərinin gətirilməsinin məhdudlaşdırılması ilə bağlı qərarın rolu çox olacaq:

“Bu gün Azərbaycanda istehlak olunan avtomobillərin 80 faizindən çoxunun yaşı 10 ildən, 20 faizindən çoxunun yaşı isə 30 ildən artıqdır. Nazirlər Kabinetinin yeni qərarı həm avtomobil parkının köhnəlməsinin qarşısını alacaq, həm də avtomobil sektorunun insan sağlamlığına, ətraf mühitə mənfi təsirinin azaldılmasına şərait yaradacaq”.

Ekoloq Rövşən Abbasov dedi ki, havanın çirkləndirilməsində tək avtomobillər yox, digər səbəblər də rol oynayır:

“Bakı şəhərində havada dəm qazının artıq olmasının əsas səbəbi avtomobillərdəki aşağı keyfiyyətli yanacaqdır. Həmçinin, tək avtomobillər yox, kombi sistemləri də təsir edir. Digər səbəb restoranlarda, digər ictimai iaşə müəssisələrində yanacaq yanması nəticəsində atmosferə külli miqdarda dəm qazının daxil olmasıdır”.

R.Abbasovun fikrincə, yollardakı maşınları azaltmağın yolu ictimai nəqliyyatdır:

“Əlverişli ictimai nəqliyyat olarsa, avtomobillərin sayı azalar və beləliklə atmosferdə dəm qazının ümumi konsentrasiyası da aşağı düşər”.

Ekoloqun sözlərinə görə, hazırda Azərbaycanda hava keyfiyyətinin yaxşılaşdırılması üzrə geniş dövlət proqramı da var:

“Avtomobillərdə “Avro 4” standartı tətbiq olunması gözlənilir. Yaxşı xəbər odur ki, ölkəmizə idxal olunan elektrik avtomobillərinə gömrük rüsumları kəskin azaldılıb. Bu ümid verir ki, yaxın gələcəkdə elektrik avtomobilləri getdikcə artacaq və bu da dəm qazının azalmasına səbəb olacaq”.

“Səma və Eko” sosial-iqtisadi inkişafa yardım İctimai Birliyinin sədri İradə Həsənovanın fikrincə, Bakının havasında dəm qazının artmasının səbəbləri müxtəlif ola bilər:

“Səbəblərdən biri son zamanlar yanğınların çox baş verməsidir. Digər səbəb zavodlardan havaya buraxılan qazlardır. Məsələn, “Koroğlu” metro stansiyasına yaxın ərazilərdə bəzi zavodlar var ki, onlardan gecələr çox kəskin qoxu yayılır. Gecə saat 3-dən sonra bu, daha çox hiss edilir. Havanı zəhərləyən digər amil restoranlardır. Restoranlar, şadlıq evlərinin sayı hər gün artır. Onlarda qoruyucu qurğu quraşdırılmalıdır ki, havaya zərərli qazlar, tüstülər buraxılmasın”.

İ.Həsənova qeyd etdi ki, yaşıllıqların artırılması havanın çirklənməsinin qarşısını alacaq:

“Bakıda yaşıllaşdırma işlərinə çox ciddi nəzarət edilir. Yəni yaşıllıqlar, parkların sayı getdikcə artırılır. Hətta binaları söküb parklar salırlar. Yaşıllaşdırma, ən çox da şam ağacları artırılmalıdır. Çünki şam ağacları havaya çoxlu oksigen buraxır”.

Həkim-pulmonoloq Əsəd Beydullayev dedi ki, dəm qazının artması nəticəsində oksigen azlığı yaranır və bu, orqanizmə ziyan vurur:

“Davamlı tıxaclarda işləyən mühərriklərdən çıxan dəm qazı havaya qarışır. Az da olsa, havaya qarışmış dəm qazı qanla birləşir və hipoksiya – oksigen azlığı meydana çıxır. Bu da başağrılarına, halsızlığa, gözlərdə yanma, qaşınma, burun qıcıqlanmasına gətirib çıxarır”.  

Ə.Beydullayev bildirdi ki, insanların skuterə, velosipedə, piyada gəzintiyə üstünlük vermələri çox vacibdir. Belə olarsa, havanın zəhərlənməsi daha da azalar.

Share: