Şəkidən 35 km məsafədə yerləşən və 600 sakinin yaşadığı Aran kəndində altı aya yaxındır ki, tibb məntəqəsinin qapısına qıfıl vurulub.
Bizim.media xəbər verir ki, həmin vaxtdan etibarən sakinlər sağlamlıqlarını unudub yollarda qalıblar.
Sakinləri də bu qayğı narahat edir. Kənd sakini Elçin Cəlilovun sözlərinə görə məntəqə olmasına baxmayaraq, tibb bacısı yoxdur ki, təcili bir xəstə olanda ona ilkin yardım göstərilsin…
Bu yaşayış məntəqəsinə ən yaxın Suçma kəndində tibb bacısı fəaliyyət göstərir ki, onu da hər dəfə dəvət etmək sakinlərə əlavə xərcə başa gəlir. Sakinlər onu da əlavə ediblər ki, Aran kənd tibb məntəqəsi Kiçik Dəhnə kəndindəki həkim məntəqəsinə tabedir. Oraya da ancaq taksi ilə getmək mümkündür.
Kəndin digər sakini Qəzənfər Məmmədov sakinləri narahat edən problemləri bir neçə dəfə Şəki rayon mərkəzi xəstəxanasının rəhbərliyinin diqqətinə çatdırıb. Lakin bir nəticəsi olmayıb.
Aran kənd sakinlərinin haqlı narazılığını və problemini Şəki Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinin diqqətinə çatdırdıq. Bildirilib ki, hazırda həmin kəndin tibb bacısı analıq məzuniyyətindədir. Sakinlərə məsləhət olunub ki, yaxın kəndlərdəki məntəqələrə müraciət etsinlər.
Sakinlər isə 6 ay bağlı qalan tibb məntəqəsini kiminsə açmasını, ən kritik vəziyyətdə ilkin tibbi yardım almaları üçün kömək istəyirlər.
Məsələ ilə bağlı TƏBİB-ə ünvanladığımız sorğu isə cavabsız qalıb.