Rəcəb Teyyub Ərdoğan! – Əsəd CAHANGİRİN yeni şeiri

Rəcəb Teyyub Ərdoğan! – Əsəd CAHANGİRİN yeni şeiri

Qardaş Türkiyə Respublikasının cümhurbaşkanı seçkilərinə sayılı günlər qalır! Bu şeiri sayın Ərdoğan cənablarının seçkilərdə qələbəsinə inamımın ifadəsi kimi yazmışam. İki variant var – biz ya bu seçkilərdə qalib gəlməli, ya da qalib gəlməliyik!

 

RƏCƏB TAYYİB ƏRDOĞAN

 

İşıq kimi bağrına sancılmısan zülmətin,

Hər cür dayaz düşüncə, hər cür dərin dövlətin!

Arzusundan doğmusan qocaman bir millətin,

Doğubmu indiyəcən sənin kimi ər doğan?!

Rəcəb Teyyub Ərdoğan!

 

Çox ərənlər, qazilər çıxıbdılar qarşına,

Fatih qalxıb məzardan sığal çəkib başına,

Tanrı özü oy verib sənin haqq savaşına,

Sənsən hər savaşında yeni bir zəfər doğan,

Rəcəb Teyyub Ərdoğan!

 

Ayağının  altında qorxuların cümləsi,

Yolundan döndərmədi səni düşmən həmləsi!

İki dodağındadır haqqın birlik çeşməsi,

Hər sözü sirr çağlayan, söhbəti kövsər doğan,

Rəcəb Teyyub Ərdoğan!

 

Hikmət bulaqlarından ovuc-ovuc içmisən,

Neçə dağlar aşmısan, neçə düzdən keçmisən,

Tanrı səni seçibdi, sən Tanrını seçmisən,

Ey göylərdən bəxtinə işıqlı ülkər doğan,

Rəcəb Teyyub Ərdoğan!

 

Uzaydanmı gəlmisən, sən necə bir igidsən?

Zalımlara cəzasan, məzlumlara ümidsən!

Sən Mustafa Kamalsan, sultan Əbdülhəmidsən,

Sənsən iki zamana hökm edən sərvər doğan,

Rəcəb Teyyub Ərdoğan!

 

Qoy, ədalət ən qutsal iman, din olsun dedin,

Qalx, əgər insansansa qeyrətin olsun dedin,

Hegemonluk ən adil millətin olsun dedin,

Millətdir yüz ildə bir sənin kimi nər doğan,

Rəcəb Teyyub Ərdoğan!

 

Masa yox, iş başında bu məqama çatan – sən!

Qafaları oyadıb bir devrim yaradan – sən!

Kürəsəl qorxuları ürəklərdən atan  – sən!

Sənsən hər kəlməsindən bir cəsur əsgər doğan,

Rəcəb Teyyub Ərdoğan!

 

Dayanmısan önündə kələk siyasətinin,

Hər gün bir yana əsən külək siyasətinin,

Sən ilk mücahidisən ürək siyasətinin,

Olurmu belə qadir iradə, hünər doğan?

Rəcəb Teyyub Ərdoğan!

 

Hər elin, hər obandan gəlsin ozan səsləri,

İgid məhmətciklərin tarix yazan səsləri,

Məhşərəcən hər yandan qalxsın azan səsləri,

Ölsün yapay dəprəmlə yalançı məhşər doğan,

Rəcəb Teyub Ərdoğan!

 

Şəhid qanları ilə yoğrulubdur torpağın,

Savunur tüm dünyanı ay-ulduzlu bayrağın!

Hələ bundan sonradır sənin əsl növrağın,

Sənsən əski cahanı tazə yapan, tər doğan,

Rəcəb Teyyub Ərdoğan!

 

Tanrısal duyğulara söykənibsə təməlin,

Könül dəftərlərinə yazılacaq əməlin!

Daşdan yox, ürəklərdə ucalacaq heykəlin,

Kəsərmi heç önünü fitnə, fəsad, şər doğan?

Rəcəb Teyyub Ərdoğan!

 

Öldü – var, döndü – yoxdur, əl basmışız Qurana!

Sən salan körpülərlə yol gediriz  Turana!

Eşq olsun bu qardaşlıq, bu dostluğu qurana!

Ey təzə düzən düzüb, ey yeni bəşər doğan,

Rəcəb Teyyub Ərdoğan!

 

Sabah yox,  həmən indi bir dönüş başlayalım,

Şərə meydan oxuyub, şeytanı daşlayalım!

Yalnız haqqa diz çöküb, haqqı alqışlayalım,

Alqış, sən ey zülmətdən işıqlı səhər doğan,

Rəcəb Teyyub Ərdoğan!

Rəcəb Teyyub Ərdoğan!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share: