“Formula-1” üzrə Azərbaycan Qran-prisi ölkəmizə hansı iqtisadi töhfələr vəd edir?

“Formula-1” üzrə Azərbaycan Qran-prisi ölkəmizə hansı iqtisadi töhfələr vəd edir?

“Formula-1” Azərbaycan Qran-prisinin ölkəmiz üçün maliyyə baxımından uzunmüddətli faydaları var.

Bunu “Report”a açıqlamasında maliyyə eksperti Xalid Kərimli adıçəkilən yarışın ölkəmizə iqtisadi faydasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, həmin faydaların həm görünən, həm də görünməyən tərəfləri mövcuddur:

“Avtomobil yarışlarının kralı hesab olunan bu turnirin tamaşaçılarının əksəriyyəti elit təbəqəsinə aiddir. Həmin şəxslər daha çox bu turnirə canlı baxmaqda maraqlıdırlar. “Formula-1” zamanı əcnəbi yarış iştirakçıları və tamaşaçılar orta hesabla 1 000 -1 500 ABŞ dollarına qədər vəsait xərcləyirlər. Yəni yarışın ölkə iqtisadiyyatına böyük töhfə verəcəyi şübhə doğurmur”.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən “Report”a tribunaların bir çoxuna biletlərin artıq tamamilə tükəndiyi bildirilib:

“Builki yarışa biletlər əvvəlkilərdən daha sürətlə satılır. Abşeron” tribunasının B seksiyası, Filarmoniya, Sahil və Bulvar tribunalarına biletlər tam satılıb. Muğam tribunasına isə çox az bilet qalıb. Növbəti günlərdə bu tribuna üçün ayrılmış biletlərin də bitəcəyi gözlənilir. Bakıdakı yarışa ən çox bilet Niderland və Böyük Britaniyadan alınıb. İlk dörd ilin göstəricilərinə görə Azərbaycan Qran-prisinin keçirilməsindən ölkə iqtisadiyyatına gələn gəlir 500 milyon ABŞ dolları olub. Bu il də maksimal sayda azarkeşlərin gəlməsi iaşə obyektləri və digər obyektlər üçün, ümumi iqtisadiyyatımız üçün öz töhfəsini verəcək. Bu yarışların Azərbaycan iqtisadiyyatına gətirəcəyi faydalar hesablanıb açıqlanacaq”.

Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov isə yarışın keçiriləcəyi tarixlərdə və sonrakı bir neçə gündə Bakıdakı hotellərin doluluq faizinin yüksək olacağının gözlənildiyini qeyd edib.

O, Bakıya gələn turistlərin təkcə yarışa baxmaqla kifayətlənmədiklərini, qalan 1-2 gün əlavə vaxtlarında paytaxtın gözəlliklərini görmək üçün şərait yarandığını diqqətə çatdırıb:

“Bizim tarixi, mədəni-irsi abidələrimiz, qastronomik turizm nümunələrimiz ilə tanış olmaq üçün imkanlar var. Turist kimi Bakı şəhərini hiss etməsi, daha uzun müddət qalanların isə regionlara səfərləri üçün imkan yaranır. Gələn sifarişlərdən yarış zamanı olan aktivlik aydın şəkildə görünür”, – deyə ekspert vurğulayıb.

Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi aprelin 28-30-u tarixlərində keçiriləcək. Artıq biletlərin 90%-i öz sahibini tapıb.

Share: