Azərbaycanın gözəl şairi, sözün böyük oğlu Musa Ələkbərlinin ad günüdür. Müstəqil.Az tanınmış şair Prezident təqüdçüsü Vasif Süleymanın Qırx illik dostunu canı-dildən təbrik etdiyi, haqqında üç il əvvəl yazdığı yazönı sayğıdəyər oxuculara təqdim edir
MUSA ƏLƏKBƏRLİNİN VARİDATI
Adam başdan-ayağa sevgiyə bələnmişlərdəndir. Onunla ünsiyyətdə olanda saflaşırsan, durulursan. Çünki çoxlarından fərqli olaraq onun ürəyində qeybətə yer yoxdur. Təki elə ömür boyu beləcə olsun. Bütün yamanlardan, şərdən-xatadan qoruna bilən şair təkcə o ülvi hisslərdən qoruna bilmir:
O hansı gözəldi heyran olduğum,
Gözündən, könlündən pünhan olduğum.
Qorumur heç zaman qurban olduğum,
Qorumur bu gözəl bəladan məni.
Elə qoruna bilməsə yaxşıdır. Bu gözəl bəladan qorunmaq yaşamamaq kimi bir şeydir. Bizə də Musa Ələkbərli kimi şairlərin daim yazıb-yaratması lazımdır. Bu dünyada xatası-bəlası şirin, ağrıları ləzzətli, vüsalı ələgəlməz olan bircə şey var-o da SEVGİdir. Ondan qorunmağa nə ehtiyac var…
Elə bu bəladır ki, minlərlə oxucunun qəlbində “Musa Ələkbərli” imzalı bir söz adamını yaşadır. İstəsək də, istəmsək də bu belədir. Onun hər hansı kitabının ilk səhifəsini çevirdinmi, sevməli olacaqsan bu şairi. Olacaqsan – ona görə deyirəm ki, o, bizləri sevə-sevə yazıb bu şeirləri. Bu böyük duyğunun daşıyıcısı olmaq, ən azından sənin seçilmişlərdən olmağına işarədir. Elə buna rəğmən də özü etiraf edir:
Məhəbbət! Demə ki, qaldım dünəndə,
Söz-söz, misra-misra paylanmağım var.
Dünyada hər şeydən üzüm dönəndə,
Mənim sən tərəfə boylanmağım var.
Musanın şair taleyində təmtəraqlar ümumiyyətlə yoxdur. Bəlkə istəsəydi hamısı da ola bilərdi. Şübhəsiz ki, buna özü rəvac verməyib. Amma söz sənətində özü özünün yerini çox gözəl bilir:
İstəyin odur ki, dinməyə, susa,
Bu xəbər çatmaya elə-ulusa.
Elə arxayınsan, elə bil Musa,
Sən olan dünyaya bir də gələcək.
Musa Ələkbərli o zirvədə elə qərar tutub ki, heç bir də gəlməyə ehtiyac olmayacaq. Çünki o zirvədən getmək yoxdur. Orda əbədilik var. Neçə ki, bu dünya məhvərindən çıxmayıb, onun kimi şairlərin sevilmək haqqını heç kim əlindən ala bilməz. Əlindən alınanlar artıq unudulmuş keçmişdir. Şair xoşbəxtliyi unudulmayan keçmişdədir.
İllər hamını, hər şeyi dəyişə bilir. Amma elə insanlar olur ki, onların qəbul etdiyi bütövlük idealını heç amansız illər də dəyişə bilmir. Belələri az olsa da, var. Musa Ələkbərli belə azlardan biridir. Bir şerində özü dediyi kimi:
And-aman eyləyib, haray qopardım,
Belə and olarmı, qəsəm olarmı?!
Bu uşağın sənə bir sözü vardı,
Otuz ildən sonra desəm, olarmı?!
Və otuz ildən sonra da “O dünyada cənnətliyəm birbaşa” deyir.
Musa Ələkbərli bu varidatı canındakı sevginin gücünə toplayıb. Hərdən nələrdənsə haqlı olaraq gileylənən şairi yaradan, yaşadan sevgiyə adam ancaq qibtə edə bilər. Sevgi şairi ona görə demirlər ki, ancaq sevgi şeirləri yazır, sadəcə olaraq o, sevgisiz yaza bilmir:
Gözümdən, könlümdən axan dolu var,
Yurdun Təbrizləşən neçə qolu var?
Torpağı gedənin bircə yolu var,
Yaşayıb ölmək yox, ölüb yaşamaq.
Nə vaxtsa bir dəfə də vurğulamışam bunu. Heç bir sevgi şeirində Musa Ələkbərlinin torpaq, yurd sevgili şeirlərinin canındakı qədər SEVGİ ola bilməz. Uzun illər kitabları nəşr olunmayanda belə onu sadiq oxucularının yadından çıxmağa qoymayan da həmin sevgi idi (Qəribə də olsa Musa Ələkbərli çap olunmayan illərdə mən heç fərqində olmamış, həmin illərdə onu daha çox mütaliə etmişəm). Məmləkətimizin Qarabağ adlı bir müsibətini, yazar olaraq, bundan artıq yaşamaq mümkün deyil. Bunlar gəlişigözəl sözlər deyil, bir oxucunun sevdiyi bir şair haqqında gəldiyi inkarolunmaz həqiqətdir:
Nə dərin quyuya atıldı bu daş,
ATƏT-in həmsədri dəyişdi yenə.
Allahın yanına çıxsaq da qardaş,
Bu yolun son ucu döyüşdü yenə.
M. Ələkbərlinin poeziyası haqqında bir çox dəyərli qələm adamları öz fikirlərini bildiriblər. Bu baxımdan professor, millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərovun fikirləri xüsusilə ibratəmizdir: “Musa Ələkbərli daha çox sevgidən yazırdı… Ancaq bu sevgi “öz içini yiyə-yiyə duran”, yaxud “tərki-dünya bir aşiqin subyektiv yaşantıları” deyildi, təbiətin özü qədər təbii, mükəmməl bir kəndli balasının yüz illər ərzində formalaşmış mərdanə istəyi, kişiliyin zərif məxluq qarşısındakı tarixi məsuliyyəti idi”.
Böyük şairimiz İlyas Tapdığın Musa Ələkbərli poeziyası haqqında fikirləri də çox maraqlıdır: “Şair müşahidəsindən sonra hansı könül bulandıran haqsızlıqlar keçir? Ətrafda nə qədər öz gücünə deyil, əmi – dayı hesabına sığallanan arxalılar var! Onlar zəhmət, torpaq adamına rişxəndlə baxır, ağayanalıq iddiasıyla gündə bir dona girirlər. Həyat imkanlılır, imkansızlar zümrəsinə ayrılır. Bu da bir şairə bir dərd olur: axı, insanın nə üçün biri imkanlı, digəri imkansız olmalıdır?! Nə üçün biz kiçik bir xeyirxahlıq edənə on dəfə baş əyməliyik? Axı, xeyirxahlıq hər insanın vicdanı borcu deyilmi? Nə üçün insanlar vicdanı borcu unudurlar?! Buna görə dünyanın ikiüzlülüyü, qismətlərin bərabərsizliyi Musa Ələkbərlinin nifrət hədəfinə çevrilir. Və onun istəyi, öz oxucusuna sözü nədir?
Mən nə istəyirəm, qayğı bolluğu,
Daima çırpınan, göynəyən ürək.
Var – dövlət sanıram bu yoxsulluğu,
Deyirəm, bəsimdir bir tikə çörək…”
… Bu da Musa Ələkbərlinin yetmiş yaşı. Halallıq içində bulunmuş bir ömür: “Məndən şeir istə”, “Ürəyimin işığında”, “Bəlkə bir də görüşdük”, “Gözlərim yol çəkir”, “Aydanım – ay işığı”, “Sevgi bulağı”, “Gözümdə ağlayan bulud”, “Dünya sevgidən doğulub”, “Tanrı mənə söyləməsə yazmaram”, “Gəlir türkün səadəti”, “Ata sevgisi” və “Ürəyimin qapısından keçənlər” adlı kitabları, bir ailəlik sevgi dünyası, canından artıq sevdiyi VƏTƏNİ və sadiq oxucuları – Musa Ələkbərlinin 70 illik varidatı bundan ibarətdir. Zamanın girintili-çıxıntılı yollarından duyğusal bir insanın yetmiş ilin o başından çəkib bu günümüzə gətirə bildiyi zaman kəsiyi… Mübarək!
Vasif SÜLEYMAN