Elə pərdələr var ki, qaldıranda adamı başı aşağı edər
Endirimlər dəb olsa da böyüklərə ehtiramda endirimlər etmək olmaz. Lap pis günə qalarıq.
Mənim yerişimi yeriməyə cəhd etməyin. Xüsusi ilə son vaxtlarda mənə vurulan badalaqlardan sonra heç özüm öz yerişimi yeriyə bilmirəm.
Bəziləri sir-sifətini elə turşudur, elə bil indicə həqiqəti deyib.
Adam var, qapısını yalnız ehtiyac döyür. Ehtiyac döyən qapını niyə su pulu, qaz pulu, mənzil pulu yığanlardan başqa döyməyə kimsə cəsarət eləmir?
“Orda oturma, burda otur”u niyə daha çox o adamlara deyirlər ki, əslində qazamatda oturmalıdırlar. Bir çoxu sonralar oturur da!
Görməmiş deyiləm. Mən hər cür pislik görmüşəm.
Kinli adamlar adətən həm də küt olurlar.
Həqiqətin nə olduğunu unutmamaq üçün ürəkdə də olsa, arabir həqiqəti demək lazımdır.
Elə pərdələr var ki, qaldıranda adamı başı aşağı edər.
“Dost dar gündə tanınar” deyiblər. Bir ömürdü dar gündəyəm. Dostum da olsaydı, yoxlayardım.
25.04.2023