Hindistanlı turistlər, ürkmüş at və suya düşmüş böcək

Hindistanlı turistlər, ürkmüş at və suya düşmüş böcək

Kulis.az Vüsal Bağırlının yeni yazısını təqdim edir.

Xeyli müddət əvvəl Nurayla Nurxana rayon səfəri vəd etmişdim. Amma hər dəfə ortaya nəsə iş çıxır, planımız baş tutmurdu. Uşaqlar artıq mənə inanmırdılar, ona görə də “sabah səyahət var, Qusara gedirik” sözlərimi, adidən adi, hətta biganə tərzdə qarşıladılar. Əvvəlki şadyanalıq, atılıb düşmələrdən əsər-əlamət qalmamışdı. Bu cür reaksiyanı özüm də gözləmədiyimdən, bərk pərt oldum.

Səhəri gün onları şirin yuxudan oyadıb, “haydı qalxın, gedirik, avtomobil aşağıda bizi gözləyir” deyərkən, sevincək ayağa qalxdılar. Cəld əl-üzlərini yuyub, libaslarını geyinib, hazırlandılar. Amma tez yola düşmək mümkün olmadı. Nə qədər cəld hazırlaşsaq da, yola çıxanda saat on tamam idi.

***

Bakıdan Qusara qədər olan yolu həmişə iki yerə bölürəm. Bakıdan Beşbarmağa qədər olan məsafə və oradan Qusara qədər. Bu cür bölgü, uşaqların da yolu asan qavramasına kömək edir. Yolun birinci hissəsi çox rahat qət olunur, lakin Beşbarmaq dağından sonra avtomobillərin sayı kəskin şəkildə artır. Maşınlar bir istiqamət boyunca karvan kimi uzanıb gedir, üfüq boyu hamı rayona axışır.

Bakıda müşahidə etdiyimiz yeriyən tıxac, təəssüf ki, artıq burda, rayon yolunda da hiss olunur. Xüsusən, Qubaya yaxınlaşanda vəziyyət kritik həddə çatır. Gedirik, dayanırıq, gedirik, yenə dayanırıq. Əslində, burdan Qusara, çatacağımız ünvana normal məsafə iyirmi dəqiqədir, yəni qışqırsan ün yetəcək qədər yaxın, amma biz yolu tısbağa sürətiylə az qala saat yarıma qət edirik. Məşhur lətifədə deyildiyi kimi, Bakıdan Qusara bir saata, Qusardan Qusara saat yarıma. Uşaqlar maşında darıxmağa başlayırlar, cığallıq edirlər. İki dəqiqədən bir verilən eyni sual bizi bezdirir.

– Nə oldu, çatmadıq?

– Uff, çatmadıq, çatmadıq…?

Nəhayət uzaqda qarlı dağlar sıralanır, təbiət əsranəgiz libasa bürünür, yaşıllığın miqdarı birə yüz artır. Artıq avtomobil səyahəti maraqsız, yeknəsəq, darıxdırıcı görünmür. Onsuz da oyanmış təbiət fasiləsiz şəkildə dəyişir. İndi bir cürdürsə, on kilometr sonra başqa cür, daha on kilometr sonra tam fəqli olur. Yer, göy hər yan açıq yaşılın zövqverici, nikbin çalarına bürünüb.

Avtomobilimiz istiqaməti tutub gah qıvrılan, gah mil kimi düzələn asfalt boyu hərərkət etdikcə kəndləri, kiçik çayları, körpüləri geri qoyduqca, uşaqlar aşkar həyəcanla pəncərədən boylanır, yanımızdan axıb-gedən, geridə qalan ətraf mənzərəni dörd gözlə, acgöz heyrətlə seyr edirlər.

Dirriklər, şumlanmış torpaqlar, bostanlar, çiçəkləri bol meyvədən soraq verən alma bağları. Çəmənlikdə voleybol oynayan, üzləri, qolları, sinələri gün işığından qaralmış sağlam kənd uşaqları, dizlərini qatlayıb uzanmış buzovlar. Nurayla Nurxan hər dəyişikliyi, yeniliyi şövqlə qarışılayır, barmaqlarını uzadaraq, xorla “ona bax, ona bax” deyərək, təəssüratı bölüşmək şansını bir-birinə güzəşt etmirdilər.

Rayon, kənd mühiti onlar üçün hər şeydir: macəra, əyləncə, azadlıq. Rayon mərkəzinə çatanda saat 12:05-i göstərirdi. Amma yaşadığımız evə çatmaq üçün daha bir neçə kilometr də getməli olduq.

***

Qusar camaatı xoşrəftar, mehriban, qonaqpərvər insanlardır. Yol göstərməyə, kömək etməyə həmişə hazır, bir ehtiyacını hiss etdikdə hər şeyini verməyə hazır. Heç nə istəmirdik, amma kənd adamları hər gün bizə yumurta, süd, qatıq, pendir gətirirlər.

Qusarlılar həm də “relax”ı xoşlayır, “hər şey proporsiya ilə yaxşıdır” prinsipiylə işləməklə yanaşı, istirahət etməyi də bacarırlar. Axşam 6-7-dən sonra rayonda işləyən bir yer tapmaq çətin məsələdir. Çünki vaxt, vədəsi çatar-çatmaz, iş günü bitən kimi gözü-könlü tox rayon əhli əlavə əməyə, əlavə qazanca can atmır, hamı dükan-bazarı bağlayıb istirahətə tələsir. Orada istirahətin öz yeri var, işləməyin, qazancın, zəhmətin öz yeri. Heç kəs qədərindən artıq çalışmağı xoşlamır.

Qusarlılar həm də dəqiq, punktual insanlardır. Paytaxt restoranlarından fərqli olaraq, orada müştəriyə qiymət oxunmur, ona hədsiz baha, dəm-dəsgah ödəniş hesabı təqdim olunmur. Kafedə, restoranda oturub yemək yedinsə, nə sifariş verdinsə, onun dəqiq hesabını ödəyirsən. Xoşlamadığım yanlız bir cəhəti qeyd edə bilərəm, o da punktuallığın bəzən aşırı həddə çatması, pedantlığa çevrilməsidir.

***

Avtomobilimiz sürətlə irəliləyir. Yolu-izi tutub gedirik. Hər yolun öz izi, öz düşüncə yükü var. Ətraf mənzərə rəngarəngdir, canlıdır, yaddaqalandır. İbtidai təbiət, üçbucaq kənd evləri, tövlələr, qaz boruları. Qurumuş, daha çox iri arxa bənzəyən dağ çayı. Qusarçay. Apreldir. Çay quruyub. Dağlarda əriyən qar onu diriltməyə, canlandırmağa çalışır. Amma çay yatağıyla müqayisədə nazik sap kimi uzanan su axını öz hazırkı vəziyyəti ilə ürək ağrıdır.

Təmiz hava, gözəl təbiət mənzərələri, genişlik, yaşıllıq, hərdən buludlanıb bozaran, hərdən tər-təmiz maviyə bürünən səma. Bu mühitə düşən insanın hansı əhvala köklənməyindən asılı olmayaraq istər-istəməz kefi durulur, içi nikbin enerjiylə dolur.

Birdən yolun kənarında at görünür. Əsl at, diri at. Uşaqların israrlı tələbiylə maşın dayanır. Düşüb, ona tərəf addımlayırıq. Onu ot tayasının yanına bağlayıblar. Ayağımızın ucunda, ehtiyatla yaxınlaşırıq. At həssas heyvandır. Bizi görüb ürkür. Qara, ağıllı, nəm gözlərini üzümüzə dikir. Azacıq fasilə verib həyəcanla gözləyir. Biz cınqırımızı belə çıxarmadan ona baxırıq. O isə hər hansı təhlükə hiss etməyincə, sülh niyyəti duyunca, yenə iri başını aşağı sallayır, tər otları dişləri arasında qırpır.

Bizim kimi xam görünüşlü, şəhərdən, Bakıdan təşrif buyurduğu kənardan aşkar hiss olunan başqa bir ailə də bizə yaxınlaşır. Uşaqlar, böyüklər. Onlar da ata baxmağa gəliblər. Bir qadın başını avtomobilin pəncərəsindən çıxarıb öndə qaçan uşaqları geri, yanına çağırır.

– Bura gəlin, çöldə, günün altında çox dayanmayın.

Sonra şikayətlənməyə başlayır, burunaltı deyinir.

– Belə iqlim olar? Ay uşaqlar, gəlin, girin maşına. Zəhərlənəcəksiniz. Belə təmiz havaya öyrəşməmişik. Bədənim təmiz səpdi.

Atın otladığı çəmənlik çox gözəldir. Hər yan dizə qədər ot. Biz yeridikcə, çəyirtkələr, cücülər tullanır, kəpənəklər, cırcıramalar ətrafda uçuşur. Otların arasında kənardan duyulmayacaq, hiss edilməyəcək böyük bir həyat qaynayır. Biçilmiş çəmənin iyi, bihuşedici ətri hər tərəfə yayılır. Təbiətin həniri hər yerdə hiss olunur, nəfəsi həmişə səninlədir.

***

Nəhayət qalacağımız yerə çatırıq. Amma avtomobildən düşən kimi, uşaqlar evə girmək istəmir. Keçi kimi oynaqlamaga başlayırlar. Ağaca dırmaşır, çəpərin üstündən hoppanır, otluğa, çayırlığa uzanıb camış balası kimi ağnayırlar. Həyətdə dayanmağa səbrimiz çatmır. Daha çox şey bilmək, daha çox şey görmək üçün kənd yoluna çıxırıq. Kənd adamları, qadınlar, kişilər tək-tək, cüt-cüt ağacların yanında, yolun kənarında dayanıblar, söhbət edirlər.

Kimisi danasını otarır, toyuq-cücəsini otluğa ötürür. Qarşımıza bir qrup əcnəbi çıxır. Bələdçiyə yaxınlaşıram. Qonaqlar haqqında məlumat toplayıram. Libasları, hərəkətləri, üz quruluşları. Düz bilibmişəm. Cənubi Asiyadan gəliblər.

Hindistan. Mumbai.

Mumbai? Yadıma düşür, keçmiş Bombey. Ötən il Mumbai haqqında maraqlı bir filmə baxmışdım. Adı “Mumbai oteli. Qarşıdurma”. Baş rolda məşhur Dev Patel. Film olmuş hadisədən, 2008-ci ildə bu böyük biznes şəhərin baş vermiş terror aktından bəhs edirdi.

Nurxan bircə dəqiqənin içində ordakı uşaqlarla dostlaşır. Onlar ingiliscə, bu isə yarı rusca, yarı öz dilimizdə ünsiyyət qururlar. Bir də baxıram qol-boyun olub, dostlaşıblar. Həqiqətən, dostluğun, səmimi münasibətin dili, milləti olmur.

Uşaqlardan birinin adı Şulladır, o biri Nica. Üçüncü Şakun. Futbol oynamağa başlayırlar. Nurxan da onlara qoşulur. Qan-tər içində ora-bura qaçırlar. Amma oyunlarına, qaçışlarına, topa endirilən yöndəmsiz zərbələrə baxan kimi anlayırsan ki, onların da, bizim də ölkə olaraq futbol taleyimiz eynidir.

***

Qusarda olduğumuz müddətdə hava gün ərzində bir neçə dəfə dəyişir. Küləksiz hava fonunda, bir də görürsən buludlar sıxlaşır. Biz gedəndə, proqnoz yaxşı hava vəd etmirdi. Yağış, leysan, rütubət, duman. Amma biz orda olduğumuz müddətdə proqnoz özünü doğrultmadı, hava bir neçə dəfə, çırtma vursan yağış yağacaq qədər buludlansa da, ara-sıra açıldı, səma təmizləndi, sonra yenə tutuldu.



***

Kənddə pöhrələnmiş salxım söyüdlərin arasında gözəl, xudmani yer var idi. Ağacların arasındakı dar cığır bizi düz təbii hovuzun yanına aparırdı.

Hovuzda bura hardan düşdüyü dəqiq bilinməyən bir neçə balıq üzürdü. Biz tez-tez ora gəlir, balıqlara çörək qırıntıları atırdıq. Bir dəfə Nurayın çömbələrək suda nəyisə tutmaq istədiyini gördüm. O əlinin birini suya tərəf uzadır, amma hədəfdən yayınırdı. Balıq tutmaq həvəsində olduğunu düşündüm.

Amma yaxına gəldikdə gördüm ki, o hovuzdakı iri bir böcəyi xilas etməyə çalışır. Adi vəziyyətdə, bəlkə də, böcək sudan asanlıqla qurtula bilərdi. Amma suya arxası üstə düşməyi işi çətinləşdirirdi. Böcək çabalayır, ayaqlarını tərpədir, sərf olunan enerji isə hədər gedirdi. Onun hərəkəti balıqları da özünə cəlb edirdi. Hər tərpənişdə balıqlar ona yaxınlaşır, amma qidanı canlı, iri, hərəkətli, dişbatmaz görüncə cəld geri çəkilirdilər. Tərlikdən, böcək hovuzun ortsında qərar tutmuşdu, əlimiz heç cür ona çatmırdı.

Çıxış yolunu Nuray özü tapdı. Yerdən uzun budaq götürüb suya saldı. Onu avar kimi dala-qabağa çəkərək, böcəyi tədricən yaxına, əl çatacaq məsafəyə qədər gətirdi. Sonra da zavallı böcəyi tutub, torpağa qoydu.

Böcək əvvəlcə sanki xilas olduğuna inanmayaraq, bir müddət key kimi hərəkətsiz dayandı. Ayaqlarındakı su çəkildikcə, xitini quruduqca hərəkətə gəldi, ayaqlarını irəli ataraq, böyrünü basa-basa ot-ələfin arasına girib, gözdən itdi.

Share: