“İskəndər dedi ki, Rəşad çaşsa, onu vuracaq”

“İskəndər dedi ki, Rəşad çaşsa, onu vuracaq”

Tanınmış meyxanaçı Rəşad Dağlı tərəfindən öldürülən İskəndər Mehdiyevin hüquqi varisi qismində tanınan şəxsin kimliyi məlum olub.

Kulis.az xəbər verir ki, mərhumun qardaşlarından biri Etibar Mehdiyev zərərçəkmişin hüquqi varisi kimi işə cəlb edilib. Belə ki, Rəşad Dağlı ilə görüşməzdən əvvəl İskəndər Mehdiyevin yanında məhz Etibar Mehdiyev olub. Onların telefon danışıqlarına şahidlik edib.

E.Mehdiyevin ibtidai istintaq müddətində verdiyi ifadənin məzmunu barədə bir sıra detallar əldə edilib.

Məlum olub ki, Etibar İskəndərlə Rəşad Dağlının görüşəcəyindən xəbərdar olsa da, onların bıçaqlı mübahisə edəcəyini düşünməyib:

“Biz ailədə üç qardaşıq. İskəndər balacamız idi, subay idi. Bizimlə eyni ünvanda yaşayırdı. Uşaq yaşlarında üstünə dəmir darvaza aşdığı üçün başından ağır xəsarət almış, psixikası pozulmuşdu. Hətta buna görə ona əlillik də verilmişdi, təqaüd alırdı. Qardaşım narkotik istifadəçisi olduğuna görə üç dəfə məhkum edilmişdi. Lakin heç kimlə düşmənçiliyi yox idi.

Rəşadı uşaq yaşlarından tanıyırıq, babası bizimlə qonşu olub. Münasibətimiz yaxşı olub, dəfələrlə evimizə gəlib-gedib. Son 3-4 ildə gediş-gəlişimiz azalsa da, münasibətimiz normal idi, mehriban olmuşuq.

İskəndər həbsdən təzə çıxmışdı. Çıxandan 1-2 gün sonra Rəşadı axtarmağa başladı, amma tapa bilmədi. Sonradan bildim ki, İskəndər Rəşadın nömrəsini tapıb zəng vurub. Noyabrın 8-dən 9-a keçən gecə saat 4 radələrində İskəndər dedi ki, Rəşad bizə gələcək, evdə oturacaqlar. Hətta çay da qoydu. Az sonra Rəşad İskəndərə zəng elədi. Telefon danışıqlarından başa düşdüm ki, birlikdə harasa gedəcəklər. Telefonu söndürəndən sonra İskəndər aqressivləşdi. Ondan nə baş verdiyini soruşanda dedi ki, Rəşad barədə xoşagəlməz söhbət var, onlar bir yerdə söhbətə gedəcəklər. Soruşdum ki, nə məsələdir, bir kəlmə dedi ki, üzdəniraq söhbətidir. İskəndər dedi ki, “Rəşad çaşsa, onu vuracağam”. Mən İskəndərlə Rəşadın münasibətinin yaxşı olduğunu bildiyim üçün onun Dağlını vurmaq barədə dediklərini ciddiyə almadım”.

qafqazinfo

Share: