Çin Rusiya ilə postsovet məkanında iddialı gündəlik formalaşdırmaqda israrlı kimi görünür, əgər bu tandemin MDB coğrafiyası üzrə planları baş tutsa, nələr olacağını təsəvvür etmək çətinləşir.
Çin 2023-cü ilin fevralında keçirilən Münhen Təhlükəsizlik Konfransı zamanı beynəlxalq siyasi gündəmə yeni nəfəs gətirmək iddialarını ortaya qoydu. Daha sonra Rusiya-Ukrayna müharibəsinin nizamlanmasında vasitəçiyə çevrilmək üçün 12 bəndlik sülh planını gündəliyə gətirdi.
Bu gün Çin Xalq Respublikasının Sədri Si Cinpin Ukraynada müharibə başlayandan bu yana ilk dəfə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonda danışıb.
Cinpin-Zelenski danışıqlarından sonra məlum olanlar budur:
1. Çin Ukraynaya xüsusi nümayəndəsini göndərəcək;
2. Çin Xarici İşlər Nazirliyi “Çin əli qoynunda oturmayacaq” bəyanatını səsləndirdi.
Hər ikisi kifayət qədər iddialıdır və Çinin siyasətindəki narrativlərə yenilərinin yükləndiyinin indikatorudur.
Çin lideri bir müddət əvvəl rusiyalı həmkarı Vladimir Putinlə görüşmüşdü, ondan sonra isə Zelenski ilə danışığın baş tutması gözlənilən idi. Ancaq Cinpinin Rusiya ilə Ukrayna arasındakı sülhlə nəticələnə biləcək danışıqların baş memarına çevrilməsi bir az qəlizdir. Ən azından ona görə ki, Pekin NATO-nun genişlənməsinə qarşıdır və bu məsələdə Moskvaya dəstəklər verir. Bu isə Ukraynanın yanaşması ilə ziddiyyətlidir, hərçənd ki, artıq danışıqların dalana dirənməsi fonunda yeni moderatorun siyasi səhnədə fırlanması cəlbedici görünür.
Çinin iddiaları Ukrayna düyününü açdıqdan sonra, ekspansiya siyasətini şiddətləndirmək və mövcudiyyətini daha zəif olduğu regionlarda nümayiş etdirmək, nəhayətdə alternativ mərkəzli sistem yaratmaqdır.
Cinpin-Zelenski danışığından əvvəl Çinin Fransadakı səfiri Lu Şayenin LCI telekanalına müsahibəsində səsləndirdiyi “neo-SSRİ” ruhundakı bəyanatı diqqət çəkir.
Cənab Şayen qeyd edir ki, SSRİ-nin süqutundan sonra yaranmış ölkələr qanuni olaraq suveren dövlət statusuna malik deyillər.
Bu, böyük mənada Rusiya ilə Çinin razılıqlarının motivlərindən birini göstərir. Deməli, Rusiya postsovet məkanını Qərbin maraq dairəsinin yüksəldiyi məkana çevirməmək üçün Çinin köməyindən istifadə edir və böyük ehtimalla bunun müqabilində Pekinə daha geniş iqtisadi spektr təqdim edir. Yəqin ki, Mərkəzi Asiya bazarlarında və Cənubi Qafqazda Çinin iqtisadi-strateji yüksəlişinə maneə yaratmamaq Kremlin üzərinə götürdüyü öhdəliklər sırasındadır.
Ancaq Çin bununla kifayətlənmək istəmir, o, artıq təkcə iqtisadi maneralarla, siyasi ambisiyalarla da gündəmə gəlir.
Pekinin İranla Səudiyyə Ərəbistanını barışdırması, Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsindəki vasitəçilik səyləri onun digər regionlar üzrə münaqişələrin həllinə cəlb ediləcəyini ehtimallarını artırır.
Çinin münaqişəli vəziyyətlərin yenidən nizamlanmasını özünün yaxın olduğu regionlardan daha kənarlarda axtarması bir sıra yeniliklərin baş verəcəyinin anonsu kimi başa düşülə bilər.
İndi gözlər Cinpin-Zelenski danışığından sonra Ukraynada baş verə biləcəklərə dikilir. Hadisələrin axarına Çinlə Ukrayna arasındakı danışıqlar geniş mənada olmasa da, taktiki xüsusiyyətlər baxımından təsir göstərmək potensialına malikdir.
Aqşin Kərimov