Kulis.az İlkin Özün “Qumarbaz məktəblilər” yazısını təqdim edir.
Nə bilirdik nə zəhirmardı kitab?
Biz olan evdə haçan vardı kitab?
Büsbütün gül kimi insanlarıdıq,
Nə müəllim və nə dərs anlarıdıq.
Dəftərin andıra qalmış sözünü
Eşidib görməmiş idik üzünü.
Sabir
Bu yaxınlarda sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən bir xəbərlə yazıya başlamaq istəyirəm. Həmin müzakirə olunan məsələ Mingəçevir şəhərindəki liseylərin birində baş verib. Şagirdlərin parta arxasında qumar oynamağını deyirəm.
Biz nə qədər orta məktəblərdə şagirdlərin etdikləri xoşagəlməz işlər haqqında yazıb işıqlandırmağa çalışırıqsa, görünür, məsələ get-gedə daha da ciddiləşir. Lakin, ümid edirəm, yazıb-yazıb ən sonda müsbət nəticə əldə edə biləcəyik… Ən azından ümidimizi üzməyək. Nə isə, gəlin keçək əsas məsələyə.
Düzdür, biz də orta məktəb oxuduğumuz vaxtlarda müəyyən şuluq hərəkətlərə yol vermişik, danmayaq. O zamanlar bizim ən böyük qəbahətimiz dərsə hazır olmayanda müəllimin fikrini yayındırmaq üçün verdiyimiz əndrabadi suallar olurdu. Ancaq mən parta arxasında qumar oynayan şagirdlərə ilk dəfədir rast gəlirəm desəm, yalan olmaz.
Sözü uzatmaq kimi niyyətim yoxdur. Odur ki, gəlin əvvəlcə şagirdlərin məktəb daxilində əməl etməli olduqları öhdəliklərə diqqət yetirək:
1. Dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
2. Üzrsüz səbəblərdən dərsdən yayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
3. Sağlam həyat tərzi keçirmək;
4. Pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
5. Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək.
6. Dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;
7. Təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək.
Mən yuxarıda qeyd edilən vəzifələrin içərisində şagirdin məktəbdə qumar oynaya biləcəyi, kart sıxa biləcəyini təsdiqləyən bir müddəaya rast gəlmədim. Ümumiyyətlə, şagird hara, qumar hara? Görün hansı həddə çatmışıq ki, şagirdlər məktəbdə qumar oynayırlar.
Məni düşündürən bilirsiniz nədir? Həmin şagirdlərin buna necə vaxt tapmağı? Bir şagird ki məktəbdə qumar oynamağı öyrənirsə, məncə, artıq təhsilimizi üç dəfə götürüb yerə qoyaq, Allah rəhmət eləsin!
Başa düşmək olmur, axı şagird niyə belə mənasız şeylərə maraq göstərməlidir? Niyə kitab oxumur? Niyə yaxşı şeylərə can atmır? Məhz qumar oynayır – bizi də ən çox maraqlandıran elə bu suallardır.
Həmin sualı aydınlaşdırmaq üçün bu yaxınlarda Aqşin Yeniseyin əsərlərindən birində rast gəldiyim epizoddan sitat gətirmək istəyirəm ki, fikrim sizə tam aydın olsun:
“Azərbaycan çayxanalardan başlayır. Gur səsli, üzü cod tüklü, bığın-saqqalın içində itib-batmış, arıq-uruq allahverdilərin, imamverdilərin yığışıb nərdtaxta çırpdığı “du-bir”dən, “cüt-sələr”dən ötrü bir-birlərinə itin sözünü dedikləri çayxanalardan(səyxanalardan)”.
Yuxarıdakı haşiyə ilə sözügedən məsələni əlaqələndirib yekun nəticəyə gələndə, görürsən ki, şagirdlərin bu addımı atmasında bir nömrəli səbəb məhz valideynlərin (yəni ataların) çayxanalarda gecə-gündüz kart sıxması, domino, nərd oynamasıdır. Söz yox, hərdən görürsən ki, valideyndə də günah görmək olmur. Nə qədər yaxşı istiqamətə çəkmək istəsə də, nəticəsiz qalır. Amma, əsasən, problemin kökündə yuxarıda qeyd etdiyim məsələ dayanır.
Tutaq ki, Avropada doğulan bir uşaq gözünü açandan görür ki, ata-ana kitab oxuyur, mütaliə edir, o da bu istiqamətdə tərbiyə olunur. Bizdə necədir? Məlumdur ki, Azərbaycanda dünyaya gələn uşaq görürür ki, ata çayxanada domino çırpır, kart sıxır, ana da qonşu ilə qeybət edir? Siz deyin, yazıq uşaq belə olan halda nə görüb, nə götürə bilər? Axırda da gedib qumarbaz, avara, tiktoker olanda da deyirlər ki, uşaq fərsizdir.
Yeri gəlmiş, “Kitabi-Dədə-Qorqud” dastanında Uruzun atası Qazan xanla dioloqunu hər halda xatırlayırsınız. Uruzun əlindən heç bir iş gəlmədiyi üçün təəssüflənən Qazan xan oğlundan acı-acı gileylənir. Uruz da cavabında deyir: “A bəy ata! Hünəri oğul atadanmı görər, öyrənər, yoxsa atalar oğuldanmı?”.
İndi məktəbliləri qumar oynamaqla bağlı hardasa qınamağa haqqımızın olmadığını düşünürəm. Çünki onu görüblər, onun da yaxşı olduğunu düşünürlər. Adətən övlad öz atasını örnək almağa çalışır, sözüm onda deyil. Bu qeyd etdiklərim məsələnin bir tərəfidir.
Məsələnin ikinci və əsas tərəfinə gəldikdə isə, belə bir sualla qarşılaşırıq: “Orta məktəblərdə niyə bu qədər nəzarətsizlik halları baş alıb gedir? Bəs müəllimlər hara baxır? Direktor hara baxır?
Təkcə qumar oynanılmır, məktəblərdə şagirdlər cürbəcür hoqqalardan çıxırlar, bu, hələ aysberqin görünən hissəsidir. Şübhəsiz, avtoritar təhsil sisteminə qəti şəkildə qarşıyam! Amma nəzərə almaq lazımdır ki, bəzi şagirdlər var, hansı ki, onları sözlə tərbiyə etmək qeyri-mümkündür, elələrinin yeri məktəb deyil, mağaradır, meşədir, cəngəllikdir.
Vallah, belələrinin üzündən bir-iki oxumaq istəyən şagirdlər də məhv olub gedirlər. Qurunun oduna yaş da yanır. Mənim tövsiyəm, həmin şagirdlərə qarşı məktəb rəhbərliyi tərəfindən ciddi tədbirlər görülsün! Yoxsa bizim gələcək üçün faydalı kadrlarımız yox, “faydalı” qumarbazlarımız, avaralarımız yetişəcəkdir.