Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib.
“Qafqazinfo” xəbər verir ki, konfransda Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatları İlham Məmmədov, Müşfiq Məmmədli, Nizami Səfərov, Əliabbas Salahzadə, Anatoliy Rafayilov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun idarə və müsəssisələrinin rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən Müharibəsi iştirakçıları, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində yerləşən abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzi ziyarət olunub, dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Yevlax Şəhər Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ulu Öndərin, eləcə də Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Konfransı giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Yevlaxda keçirilən müxtəlif tədbirlər barədə məlumat verib: “Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsi dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər öz mənalı və zəngin ömrünü, bütövlükdə, millətinə, xalqına, Vətəninə və dövlətinə həsr etmiş, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərib. Bu görkəmli şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
Bu gün Ulu Öndərin əsasını qoyduğu uğurlu, məqsədyönlü siyasət nəticəsində ölkə başçısı, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən savaşında 30 illik həsrətə son qoyuldu, Cənab Prezident ATA nəsihətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyü təmin etdi, Ulu Öndərimizin arzularını həyata keçirdi. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Umummilli Liderimizin bütün arzuları onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən həyata keçirilib. Artıq Ulu Öndərimizin müqəddəs ruhu şaddır”.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.