Azərbaycan Avtomobil Federasiyasının prezidenti (AAF) prezidenti Anar Ələkbərov Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda səfərdə olan Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed Ben Sulayem ilə görüşüb.
Oxu.Az xəbər verir ki, görüşdə FIA ilə AAF arasındakı mövcud sıx əməkdaşlıq, bir sıra birgə layihələr, o cümlədən Beynəlxalq Avtomobil Federasiyasının Baş Assambleyasının 2023-cü il dekabrın 4-8-də Bakıda keçiriləcək iclası və mükafatlandırma mərasiminə (FIA Prize-Giving Ceremony) hazırlıqlarla bağlı təşkilati məsələlər müzakirə olunub.
Anar Ələkbərov FIA ilə əlaqəli şəkildə tədbirə hazırlıq işlərinin aparıldığını qeyd edib. Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsindən məmnunluq bildirilib və bu kimi idman tədbirlərinin Azərbaycanda avtomobil idmanının təşviqində böyük rol oynadığı vurğulanıb.
Xatırladaq ki, ötən il FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərində keçirilən iclasında Bakı səsvermə ilə Beynəlxalq Avtomobil Federasiyasının Baş Assambleyasının toplantısı və mükafatlandırma mərasiminin növbəti ev sahibi seçilib. FIA Baş Assambleyasının iclası və mükafatlandırma mərasiminə ev sahibliyi etmək üçün bir neçə ölkə, həmçinin, Azərbaycan müraciət etmişdi. Səsvermə nəticəsində Bakının namizədliyi təsdiq olunub. FIA Baş Assambleyasının iclası və mükafatlandırma mərasimi tədbirləri zamanı dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları ölkəmizdə bir araya gələcək.