Bu gün çağdaş Azərbaycan poeziyasının tanınmış simalarından olan Həmid Herisçinin doğum günüdür. Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.
***
Şəms Təbrizinin şeiri
Ağlamağa gəlincə…
birinci həmişə insan ağlayır,
sonra yağışlar, bulaqlar…
ağlamağa gəlincə,
birinci həmişə insan ağlayır,
sonra bütün yerdə qalanlar…..
Sonra, ancaq sonra
bütün yağışlar
İldırım xətkeşiylə
göylərin ölçüsünü hesablayar…
yediyimiz çörəklər necə də dadsızdı…
onların dadını ancaq
zindana göndərilən çörəklərin içindəki
gizli məktublar artırar….
orda şikəstə xəttiylə
mənim hikmətlərim yazılar…
göy üzü də yer üzüdü,
ancaq orda torpaq yoxdu,
bu cahanda nə varsa
o həm var, həm də yoxdu…
bütün sevgilər bitir,
ancaq sevgilərin sonunda
nöqtə yoxdu,
uşaqlar ağlarsa, ağlasın
onların gözündə su var,
göz yaşı hələ ki yoxdu….
Ölüm, bizim sözləri tələffüz etsə,
onların tərkibindən
bir sait, samit səs düşəcək,
İnsan da bax belə öləcək,
fəqət, uşaqların göyə buraxdığı çərpələng
öz ipini qırmasa,
gerçək çərpələng ola bilməyəcək…
Cəlaləddin, bu işi görən külək
qəm tərəzisinin çəki daşlarını da
yerindən tərpədəcək.
Hər nə var idi,
o sənə yar idi,
qapı da divar idi,
Xaneyi – hikmətə
Şəmsin nuru gəlməyincə….
Cəlaləddin, mən sevgilimi yox,
sevgini sevirəm,
siz gedirsiz, mən yol gedirəm,
Pəncərələri eynək tək taxmış evlərdə
cahanın kor olduğunu sezirəm….
Mən,
Mən,
Mən….
***
Mehdi Hüseynzadənin sonu
Bu yaz…
bu yaz mən heç kimi
sevmədim…
heç kimi…
hətta 1 milyon reyxsmarkalıq
öz kəlləmi,
mənə qəhbə gətirmiş bu xoş gecəmi,
“mersedes”imin yan güzgüsündən gördüklərimi,
neynim, daha sevmədim,
Ancelikamı da Triyestin çirkab sularına
itələdim…
Müxalifət qəzetlərinin
manqal yelpiyinə çevrildiyini,
silahdaşlarımın xəyanətə meyilləndiyini,
Mazellinin əsayla öz şlyapasını düzəltdiyi an
güllələndiyini
görüb
azcana gülümsədim…
bu yaz mən heç kimi,
hətta yaralarımı sarmış qoca həkimi,
Ancelikaya soxuşdurduğum yalançı
həyat hekayətimi
sevmədim…
Üzərində “Axtarışdadır!”yazılmış
öz şəkillərimə bütün öz qara kölgələrimlə birgə
axır ki, tam bənzədim…
Kimsəni daha sevmədim…
Cəhənnəmə aid
qanlı meyid-canlı meyid,
dilçilərin aşkarlamadığı
qalın samit,
incə sait
səslər,
yad nəfəslər,
işkəncə otağına gedən
uzun dəhlizlər,
yordu məni…
100 minlik ordu məni
axtarır, tapa bilmir…
Dünyanı partladıram,
restoranlar, kinoteatrlar silkələnir…
Ancaq axırda gəlib dirənir,
bu işlər bircə cümləyə –
– bu yaz mən heç kimi sevmədim…
həə… demək, indi mən gərək
lap dərindən fikirləşim,
Vasilislə, Ancelikayla çopur qayalara
söykənim…
ləpələrin tərcüməsində,
kölgələrin cütləşməsində,
qara çəkmələrimin şər sifətində
indi hekayətimi eşidin…
hə, məndə birləşmişdi
Həm İmam Mehdi, həm də İmam Hüseyn…
demişdi bunu mənə, hə, bir madumazel qadın-fröylen,
ancaq mən kimsəni sevməmişdim bu yaz…
demək, nə qədər hoqqabaz, kəndirbaz
olsam da, öz qara əlcəyini atmışdı mənə
həyatın özü…
Triyestin küçələrindəki pişiklərin şeytan gözü…
Triyest qazanxanalarının boz tüstüsü,
göyə qalxmağı bacarmır…
SS-çilərin mersedesi yolunu azır,
bir an
şəhərin ən oğraş mənzərələrini işıqlandırır…
Axırda məni tapır…
gözlərim bir cümlə yazır-
– “bu yaz mən heç kimi sevmədim, inan!”…
Gülləbaran başlanır bundan sonra, Ancelika,
gülləbaran…
***
Kor Ərəbin Son Nəğməsi …
Ciblərimiz pul üçün deyil,
əllərimiz üçündü…
Gör bir nəyi unutmuşuq…
Nişan üzüklərinin təkərləri üstə
insan sevgiləri hara gedir, hara?
Ümid qalıb Allaha,
“baş” adlandırdığımız
bədən çardağında
aləm bir-birinə dəyib…
Uşaqlar da dünya təmizliyinə inanmayaraq,
öz dərsliklərinə iki qat üz çəkib…
Bütün bu eyni söhbətlər,
gözlərimizdə eynəklərin yaratdığı
yalançı şüşəbəndlər,
necə də mənasızdı,
atasızdı, anasızdı…
öz aramızdı
hansı vətənə, hansı iyidliyə inanaq?
“FM” dalğalarını nə qədər qurdalasaq,
hər yerdə eyni eybəcər səslər…
Gecədən səhərə qədər…
Mən burda özümə
iynəylə də gor qazardım…
Uzanıb Rahatlanardım…
Bu şeir mənim Bayıl zindanında ölümə
məhkum olunmuş Əhədlə vidalaşmağımdı
Qalın müqəddəs kitabları açsaq
onlar düz ortasından açılacaq,
onların ilahi düzgünlüyü ilk dəfə
bax burda üzə çıxacaq,
şairin yediyi dilotunun
hansı çöllərdə bitdiyi də
bu kitablardan anlaşılacaq,
tabut adlanan dördbucaq
bu kitabların hikmətiylə yox olacaq…
biz işdən maaş da almasaq
bizi elə o hikmətlər dolandıracaq…
Əhəd, özün bilirsən,
səni güllələyəcəklər,
hələ meyidinin şəklini çəkib
onu cinayət işinə tikəcəklər,
səni bəlkə şimalın zəhərli mədənlərində
İşlədəcəklər….
ancaq, insan gerçək mənada diri olsaydı
o heç vaxt ölməzdi,
bu mənasız aləmin tarlalarında bitən
faniliyin tərəvəzi
ona güc gələ bilməzdi….
Papaqlar bizi göy üzündən,
çəkmələr bizi yer üzündən qorumalıydı,
güllələr səni də, məni də
yerə yıxmamalıydı,
bizim könül dükanlarımızdan
sevgilərin cehizi alınmalıydı,
Əhəd, mən anlayıram, bəlkə ölüm də
bir az həyata oxşamalıydı…
Əhəd,bu şəhərin içində bir- iki ölü şəhər var…
biri Qobustandı, ən qədimi,
o qum altında qaldı,
Səbayıl su altında….
Bayır şəhər, İçəri şəhər, Günəşli….
…. Onlar da göy altında basdırılıb…
Əhəd, Əhəd,
səninlə günəş də vidalaşıb…
***
Sehirli xalat
Mənə heç nə mane olmur,
gözümə düşən saçımdan başqa
Qorxunu çoxdan qırxmışam üzümdən
Yapışaram ikiəlli qoca ağacların
şah budaqlarından,
Bədənimi – kəfənimi! – özümdən də
yuxarılara qaldıraram!
Sonra qoşa təpik ataram
bütün “BP”lərin, “Azpetrollar”ın sinəsinə,
Gedin deyin
meyitlərinizin gələcək cangüdənlərinə
indidən gedib özlərinə təzə iş yeri
axtarsınlar…
İtilin gözümdən,
Əksinqilabçılar!
Bu gecə mən
divara düşən kölgəmlə
lap az,
ölkəmlə
lap çox birləşmək istərdim.
Ən çətin gündə bircə arzum var –
– Leninin mavzoleyinə söykənim!
Güllələyim
Rəhbərin gözü qarşısında
Təhsil nazirimizi,
“Azərsu” səhmdar cəmiyyətinin rəisini,
Məni, səni – hər ikimizi!
Boynuma alıram –
bütün məsuliyyətsizliyimi!
Bəsdir, yetər
qara diktofonlarınızı
cıqqılı tabutunuz kimi
əlinizdə, cibinizdə
gəzdirdyiniz,
Ölsəz də
onlardan haqq səsini eşitməyəcəksiniz!
Bezdirib məni
bütün siyasi şərhləriniz.
İndidən görürəm:
Necə ermənilər Bakıya ayaq basır,
İndidən görürəm:
necə bir erməni zabiti sinəsinə xaç vurub,
erməni pulunu
Təzəpirin nəzir qutusuna atır!
Leninin oxuyun, Lenini!
Artırın təkərlərinizin
heçə enmiş təzyiqini,
Çağırın iclaslarınıza
göydəki ulduzların
bütün siyasi rəhbərliyini,
Qoltuğumuzun altında keçirək
bütün toy məclislərini!
Qurtarın bu hind filmini…
Kommunizmin əbədi məşəlindən
siqaret yandırmağın
vaxtı çatdı…
neçə saatdı
küçədəki qırmızı taksi bizi gözləyir,
içindəki gözəl qızın isti nəfəsi
pəncərələrimizi tərlədir.
İstərsən, qoşulma bizə,
O qadınlar çoxdan
bizimlədir!
Mənə heç nə mane olmur,
gözümə düşən saçımdan başqa.
Lenindir, Lenindir
çiynində sehrli xalat
hamıdan yuxarıda…
***
Ey mənə bənzər insan
Mən daim səni axtarıram…
Bu aləm ağı qaranı özündə birləşdirən
qorxunc ağcaqayın idi,
bu çoxdan aydın idi,
göydəki ulduzları quru meyvə kimi
suya salmaq lazım idi,
bu çoxdan aydın idi…
Ey, mənə bənzər insan, sən hardasan?
hardasa yaxındasan
pərdənin arxasındasan,
ürəyin darıxır,
əlində kibrit qutusunu
oynatmaqdasan…
bu ucuz şorbaların buğundan tərləmiş
güzgülərin üstündə
mən barmağımla hansı sevgimin adını yazım?
bilmirəm ölüm,
yoxsa qalım.
bəlkə gedim, o mənə bənzər insanı
axtarım tapım,
bir əsgər kimi bel kəmərinin toqqasını
silib parıldadım,
onun qabağına çıxım?
Ağ ev, Qızıl meydan sözlərindəki
rənglərə olan qədim inamlara,
bəlkə də yalanlara,
məndə bir inam
qalmayıb,
zaman bizə verdiyi
maaşları azaldıb,
bilirəm, mənə bənzər o insan
gəlib buralarda məni
axtarıb…
ancaq tapmayıb…
burdakı yazı mizlərinin üstünə
fahişələrin telefon nömrələri yazılıb,
kim gəlib, bildiyi başqa nömrələri də
ora artırıb,
mizlərin üstündə boş yer qalmayıb!
bütün bunlar
mənim varlığımı sarsıdır,
ey, mənə bənzər insan, indi, bu gün
bizim görüşümüzün vaxtıdır !!!
***
Sabir Əhmədlinin xatirəsinə
Yandır Bakını, tazə gülüstan tələb eylə!
***
Məni sevənlərin hamısı öldü…
son işıqları,
son siqaret kimi sümürdü,
sonra öz namusunu yerə tüpürdü
ətrafımdakı əclaflar…
Ağrım cəhənnəmi gedib
gördü,
buludların döş cibindən gizlicə
ildırım tapançasını
götürdü,
bir “sovetski cayılına” ötürdü…
Tutaq ki, bir polis tulası
bunu lap gördü,
tüfənglər məni nəzarətə
götürdü,
tutaq ki, talem tərs üzünə çöndü…
Şeytan tez gəlib
qəbristanlığa bir “KAMAZ”
daş-çınqıl tökdü…
Tutaq ki,
səni sevənlərin ən axırıncısı da
öldü…
Qorxma,
Yandır Bakını, tazə gülüstan tələb eylə!
Fitva məndən, güllələ bu milləti,
son nəfərinədək güllələ…
***
Rəhmət oxu bəstəkar-prokuror
Ələkbər Tağıyevin ölüsünə!
Öz qurbanlarına “sən gəlməz oldun” mahnısını
bəstələyənə…
Onun son hönkürtüsünə,
Bayatı – İsfahanın son pərdəsinə
“məni sevənlərin hamısı öldü!”
nidasını da qat…
Qoy yüz dəfə təkrarlansın bu nəğarat…
Yandır Bakını, tazə gülüstan tələb eylə!
***
Neçə illərdir, minlərlə adam
telefon nömrəsini səhv yığıb,
bir “Nərminə xala”nı bizim evdə
axtarır,
telefon dəstəyinə öz nəfsini,
nəfəsini fısıldayır…
Atam öldü, anam getdi…
Sabir Əhmədli dünyanı tərk etdi…
Nərminə xalanı isə
hələ də soruşurlar,
bəlkə də bu cür o xalanı
həyatda yaşadırlar?…
bəlkə o, canlı meyiddi?
bəlkə bu Nərminə ağır seyiddi? –
– o hələ sağdı,
Səhhəti cağbacağdı…
“Nərminə xanımı olar?”, vallah, bu…
Bu, şeytanı çağırmaqdı!!!
Arzularımın ən sonuncusunu
itələyib, damdan yıxıtmaqdı,
bu, lap axırda qışqırmaqdı:
“Yandır Bakını, tazə gülüstan tələb eylə!”…
Tüpür bu Nərminə xalaların
yağlı sifətinə…
Yandır Bakını, tazə gülüstan tələb eylə!
***
Bakı başlayır
Bibi-Heybətin qara nəzir qutusundan,
“Bakı-Ağstafa” qatarında yatanların
səfeh bir yuxusundan,
Həyatın axmaq bir xətasından,
Küləyin Balaxanı zibilliyində
özünə pay axtarmasından,
öz qismətini orda tapmasından,
sonra bu qismətini bulvarda
unutmasından…
Nə vaxt bir şüşə “çubuş”dan
nağılların divi çıxır,
sənin isə əlinə bədəninin
kifi çıxır,
bir də görürsən: arxa qapıdan
kifir bir bibi çıxır,
küçə itlərindən birinə
tez sahib çıxır…
bir də görürsən onlar
Baksovetə gəlib çıxır…
Məni sevənlərin ən sonuncusu,
bunu görüb bərk karıxdı…
yerə yıxıldı,
torpağı cırmaqladı…
Mən isə gedirəm,
çəkmələrimi geyirəm,
mən isə deyirəm:
“Yandır Bakını, tazə gülüstan tələb eylə!”
Salam olsun,
məscid gümbəzinə qonmuş
ağappaq,
pak
İmam Hüseyn göyərçinlərinə!
Məni sevmiş son nəfərə!