Azərbaycanlı yazar, Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, həmçinin DGTYB Məsləhət Şurasının üzvləri – “MİMAR” İB başqanı Yılmaz Okuklu, telejurnalist Səlim Yuhay bugünlərdə qardaş Qazaxıstanda səfərdə olub.
Müstəqil.Az bildirir ki, bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya mayın 1-də Ə.Qoşalı verib.
Xəbərdə deyilir ki, heyət “Qarağandı Yazı – 2023” Poeziya Festivalında və Astanada keçirilən VI Avrasiya Beynəlxalq Kitab Sərgi-Yarmarkasına qatılıb. DGTYB Məsləhət Şurası təmsilçiləri Poeziya festivalının açılışında və yeni nəsil qazax yazarları ilə görüşdə çıxış edib.
Qazaxıstan Yazıçılar Birliyi, TÜRKSOY Yazarlar Birliyi və Qarağandı Hakimatının ortaq düzənlədiyi Festivalın iştirakçıları “KarLaq”ı – Sovet repressiya illərinin acı izlərini yaşadan “Qarağandı İslah-Əmək Düşərgəsi” əsasında yaradılmış muzeydə və Akad. Bukenov adına Dövlət Universitetində olublar.
Astanada keçirilən nüfuzlu Kitab Sərgi-Yarmarkasında isə Əkbər Qoşalının qazaxcaya çevrilmiş, “Foliant” Nəşriyyatında nəfis tərtibatla gün üzü görmüş şeirlər toplusu – “Turanın bir qom yovşanı” kitabının geniş təqdimatı olub. Qazaxıstan Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət xadimi Devletkerey Kapulının aparıcısı olduğu təqdimatda Qazaxıstanın informasiya və sosial işlər naziri Akad. Darxan Qıdırali, Azərbaycanın Qazaxıstandakı səfirliyinin müşaviri Rövşən Kazımov, “Foliant” Nəşriyyatının baş direktoru Nurlan İsabekov, tanınmış şair-tərcüməçi Tanagöz Tolkınqızı, Saxa-Yakutiyalı şair-tərcüməçi Arılı Duydax, qazax şair-yazıçıları çıxış edib. Ə.Qoşalıya Qazaxıstanın İnformasiya və Sosial İşlər Nazirliyinin, həmçinin Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin “Fəxri Fərman”ı təqdim olunub. İstedadlı qazax məktəblisi Abdulxadi Sərsenbek Azərbaycanlı yazarın ağ-qara rənglə işlədiyi portretini ona bağışlayıb. Ə.Qoşalı Astanada çıxan kitabını qazax oxucuları üçün imzalayıb.
Səfər müddətində Qazaxıstanın informasiya və sosial işlər naziri Akad. Darxan Qıdırali, Qazaxıstan Prezidentinin müşaviri Malik Otorbayev, Prezident yanında Kommunikasiyalar Departamentinin direktoru Askar Umarov, “Xəbər” ASC – Dövlət tele-radio kompaniyasının direktoru Beqali Ueli, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, “Foliant” Nəşriyyatının baş direktoru Nurlan İsabekov, Qazaxıstan Yazıçılar Birliyinin başqanı, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Uluqbek Esdevlet, Yazıçılar Birliyinin Qarağandı filialının başqanı Janat Jankaşulı və b. ilə ayrıca görüşlər olub, maraq doğuran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qazaxıstanın çoxtirajlı, ən köklü milli qəzeti “Egemen Qazaqstan” redaksiyasında, habelə Qazaxıstan Yazıçılar Birliyinin Astana filialı – Astana Yazarlar Evində Azərbaycanlı yazarla görüş təşkil olunub, yeni nəsil qazax aydınları, şair-yazıçıları ilə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Onu da vurğulayaq ki, 30-a yaxın qazax yazarına Qazaxıstan-Azərbaycan ədəbi əlaqələrinin inkişafına verdikləri töhfələrə görə DGTYB adından “Fəxri Fərman” təqdim edilib.
Ə.Qoşalı, Y.Okuklu və S.Yuhay D.Kapulının müşayiəti L.Qumilyov adına Avrasiya Milli Universitetində “Heydər Əliyev Auditoriyası”nı ziyarət edib, orada bir qrup tələbə ilə görüşüb, habelə “Qələmkar Bağı”nda olub, “Xabar TV”nin canlı efirində çıxış ediblər.
Görüşlərdə Azərbaycan Prezidentinin Qazaxıstana rəsmi səfəri, iki ölkə arasında günü-gündən güclənən mədəni əlaqələr xüsusi minnətdarlıqla vurğulanıb.
Müstəqil.Az