“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 70 illik yubileyini qeyd edən “Əməkdar mühəndis” İsrail Bayramovla görüş keçirilib.
Bu haqda Müstəqil.az-a “DSD” İB-dən məlumat verilib. Məlumatda bildirilir ki, Asco.az-ın yayınladığı məmumata görə görüşdə ASCO sədri Rauf Vəliyev yubilyarın dəniz nəqliyyatı sahəsindəki xidmətlərindən danışıb, onun əməyinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini vurğulayıb. Bildirib ki, İsrail Bayramov fəaliyyəti dövründə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla “Əməkdar mühəndis” fəxri adına, “Tərəqqi” medalına, 3-cü dərəcəli “Əmək” ordeninə layiq görülüb.
Tədbirdə qeyd edilib ki, milli gəmiçiliyimizin inkişafında öz yeri olan, mədəniyyəti, sadəliyi, işgüzarlığı ilə seçilən İsrail Bayramov şərəfli ömür yolu keçib. O, tornaçı şagirdi olaraq əmək fəaliyyətinə başlayıb, yüksək iş qabiliyyəti, özünə qarşı tələbkarlığı, peşəkarlığı ilə ASCO-nun Texniki direktoru vəzifəsinədək yüksəlməyi bacarıb. İsrail Bayramov səmimiyyəti və mehribanlığı ilə bütün kollektivin hörmətini qazanıb.
Həmkarları qocaman dənizçini şərəfli 70 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, xoş günlər arzulayıblar.
İsrail Bayramov öz növbəsində xoş münasibətə, göstərilən diqqət və qayğıya görə ASCO rəhbərliyinə və dənizçi həmkarlarına təşəkkür edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə gəmiçilik sahəsində görülən genişmiqyaslı tədbir və layihələrdən böyük qürur hissi keçirdiyini, bu sahədə qazanılan uğurların davamlı olacağına əminliyini bildirib.
Sonda yubilyarla birgə xatirə şəkli çəkdirilib.
Müstəqil.Az