Azərbaycan xalqı Ulu Öndərin 100 illiyini təntənəli şəkildə qeyd edərək onun xatirəsini böyük sevgi və ehtiramla yad edir
Ulu Öndər Heydər Əliyev bütün həyatını öz xalqına həsr edib. Bunun nəticəsində bu gün Azərbaycan dövləti və xalqı çoxlu nailiyyətlər əldə edib. Məhz buna görə də bu dahi şəxsiyyət Azərbaycan xalqının Ümummilli Liderinə çevrilib. Bu, xalqımızın bağrından qopan təbii ifadədir. Hər bir xalq öz lideri ilə fəxr etdiyi kimi, Azərbaycan xalqı da Ulu Öndər Heydər Əliyevlə fəxr edir. Çünki Ulu Öndər müstəqil Azərbaycanı parlayan günəş kimi dünyaya tanıtmışdır. Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və çəkisi ilə seçilmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Fəal diplomatiyanın nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsi mümkün olmuşdur. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir. “Azərbaycan dünyaya günəş kimi doğacaq!”, – deyən Ulu Öndər Heydər Əliyev bu şərəfli işi öz üzərinə götürdü. Və sözün həqiqi mənasında Azərbaycanı ayağa qaldırdı. Ölkəmiz sabitlik məkanına çevrildi. Onun uzun illərin dövlətçilik təcrübəsi, idarəçilik qabilliyəti Azərbaycanda bütün sahələrdə öz müsbət nəticəsini göstərdi.
Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndər dəfələrlə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir və bu səbəbdən Heydər Əliyev hər zaman dünya erməniliyinin hədəfində olub. Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında Ulu Öndər misilsiz səylər göstərmişdir. Qaçın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı hazırlanan Proqramlar Ulu Öndərin gərgin əməyinin nəticəsidir. Ulu Öndər qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərə daim baş çəkirdi, xarici səfərləri zamanı onların vəziyyətinin dünya ictimaiyyətinə çatdırılmasına çalışırdı. Ölkəyə gələn bütün nümayəndə heyətlərinin rəhbərlərinin, xarici ölkələrin başçılarının məcburi köçkünlərin yaşayış tərzi ilə mütləq tanış olmaları Ulu Öndər tərəfindən bir vəzifə kimi qarşıya qoyulmuşdu. Onların yaşayış şəraitinin daha da yaxşılaşdırılması, ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi üçün konkret addımlar atılırdı. 2001-2002-ci illər ərzində Ulu Öndər imzaladığı üç fərmana əsasən, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşma, məşğulluq problemlərinin həlli üçün Dövlət Neft Fondundan 359 milyard manat vəsait ayrılmış və bunun müqabilində 18 qəsəbə salınmış, 6076 mənzil tikilmiş, yüzlərlə zəruri infrastruktur obyektləri inşa edilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev isə “Qarabağ Azərbaycandır!” deyərək tarixi missiyina Silahlı Qüvvələrimizlə birlikdə şərəflə sübuta yetirdi. Hazırda Qarabağda abadlıq-quruculuq işləri aparılır. Ulu Öndərin Azərbaycanı dirçəltdiyi kimi, cənab Prezident Qarabağı dirçəlidir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində görülən işlər nəticəsində qaçqın və məcburi köçkünlər öz ata-baba yurdlarına qayıtmağa başlayıblar. Bunula yanaşı, Qarabağ artıq beynəlxalq yol qovşaına çevrilib. Bu yolun da mərkəzi Şuşaya çəkilən Zəfər yoludur. Bir zamanlar münaqişə zonası olan Qarabağda bu gün müxtəlif mövzularda beynəlxalq tədbirlər keçirilir. Beləcə, Azərbaycan regiona sülh, sabitlik gətirib. Əlbəttə ki, müstəqil Azərbaycanın qazandığı bütün bu uğurların təməlində Ulu Öndər Heydər Əliyev fikir və ideyaları dayanır. Bu gün Azərbaycan xalqı Ulu Öndərin 100 illiyini təntənəli şəkildə qeyd edərək onun xatirəsini böyük sevgi və ehtiramla yad edir.
İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor