Tərtərdə bu gün baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə, bu gün Tərtər şəhər sakini, 20 yaşlı Leyla Məhərrəmovanın həyat yoldaşı tərəfindən qətlə yetirilməsinin səbəbi açıqlanıb. L.Məhərrəmovanın yaxınları bildiriblər ki, 23 yaşlı Sahib Əlizadə həyat yoldaşının ondan ayrılmasını istəmədiyi üçün qətlə yetirib.
O, ayrılıb atası evinə gedən L.Məhərrəmovanı öldürdükdən sonra, qayınanası Zülfiyyə Məhərrəmovaya da bıçaqla xəsarət yetirib.
Qətlə yetirilən qadının yaxınları Leyla Məhərrəmovanın dəfələrlə əri tərəfindən şiddətə məruz qaldığını deyiblər:
“Balaca bacısı bizə zəng vurdu ki, bacımı öldürürlər gəlin. Biz çatanda Leyla artıq ölmüşdü. Sahib 2 gün əvvəl də gəlmişdi. Deyirdi ki, məndən ayrılsa, cehizini gətirsəniz, Leylanı öldürəcəyəm. Bu gün də evə gəlib, deyib ki, sözüm var. Anası düşünüb ki, bəlkə barışacaqlar, qapını açıb. Sahib deyib ki, sözü sizin yanınızda demirəm. Anası kənara çəkilən kimi qızı bıçaqla vurub”.
Leyla Məhərrəmovanın Sahib Əlizadə ilə nikahdan bir övladının olduğu bildirilir.
13:48
Tərtərdə qadın qətlə yetirilib, əri şübhəli şəxs qismində tutulub.
Bu barədə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, mayın 4-də saat 12 radələrində Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Leyla Məhərrəmovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Sahib Əlizadənin aralarında yaranmış mübahisə zamanı arvadı Leyla Məhərrəmovanı kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Sahib Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.