Azərbaycan qadınlarından söz açacağıq. Daha dəqiq desək, Qadınların Milli Biznes Gündəliyindən (QMBG)…
Terminologiyadan başlasaq, millilik bizə tam uyğundur. Qadınlar gündəlik yazmağı da sevər. Bəs biznes? Burada məsələ bir az qəlizləşir. Axı biznes, sahibkar, iş adamı dedikdə, nədənsə göz önündə kostyumlu kişi profili canlanır. Bu stereotipi dəyişmək, qadınların biznes sferasına tamhüquqlu inteqrasiyasını asanlaşdırmaq məqsədi ilə artıq 2 ildir ki, Qadınların Milli Biznes Gündəliyi formalaşıb.
Qadın böyük qüvvədir!
Bunu əbəs yerə demirlər. 30 iyun 2021 – ci ildən etibarən 9 qadın təşkilatı da qüvvələrini QMBG platformasında birləşdirdilər. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA), Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA), Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Gənc Mühasiblər İctimai Birliyi (GMİB), Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA), Azərbaycan Biznes Qadınları Şəbəkəsi və “İşgüzar Qadınlar İnkişaf Naminə” İctimai Birliyi Azərbaycan qadınlarının sahibkarlıq sferasında fəallaşması üçün siyasət həlləri və innovativ tövsiyələr verməkdədirlər. 4 noyabr 2022-ci ildə isə qeyd olunan təşkilat və assosiasiyalar tərəfindən hazırlanan tövsiyə sənədi ictimaiyyətə təqdim olunub. Qadınlar üçün əlverişli biznes mühitinin yaradılması və onların iş yerlərində üzləşdikləri problemlərin aradan qaldırılması üzrə maraqlı təkliflərin yer aldığı sənəddə 3 əsas istiqamət üzrə tövsiyələr var:
Sahibkar qadınlara dəstək;
İşçi qüvvəsində qadınlara dəstək;
Gender aspektlərini nəzərə alan dəstək mexanizmlərinin hazırlanması.
3M-in (müavinət, məzuniyyət, mexanizmlər) izi ilə…
Tövsiyələr arasında evdə qalan valideynlərə ödənilən müavinətin uşağa qulluq xərclərinə uyğunlaşdırılması, atalıq məzuniyyəti siyasətinin təkmilləşdirilməsi, tənha analara dəstək mexanizmləri, iş yerində qısnamanın qarşısının alınması üzrə standart siyasətin işlənib hazırlanması, qadın top-menecerlər və işçilərin sayının artırılması kimi aktual və təxirəsalınmaz məsələlər var.
Təsadüfi deyil ki, QMBG sorğusunun nəticələrinə görə, respondentlərin cəmi 10%-i bank kreditindən istifadə edib, onların 22%-i isə proses zamanı müəyyən çətinliklər yaşayıb. Əsas problemlər girov təminatı tələbi, yüksək faiz dərəcələri, güzəştli kredit ala bilməmək və tələb olunan məbləği almaq olub. Tövsiyə sənədində təklif olunan maliyyə institutları qadınlar üçün kreditlərin subsidiyalaşdırılmasında, kredit risklərinin bölüşdürülməsində rol oynamalı və qadın sahibkarların maliyyəyə çıxış imkanında vasitəçi kimi çıxış etməlidir.
Sosial siyasətdə qadın iştirakçılığı üçün innovativ tövsiyələr
QMBG hesab edir ki, əmək qanunvericiliyi ən azı 3 yaşınadək uşaq böyüdən ana-atalar üçün doğuşdan başlayaraq sərbəst iş qrafiki imkanı təqdim etməlidir. Ədalətli və humanist təklifdir. Bu, həm işləməyə davam edən qadınlara dəstək verəcək, həm də onların iş yerini itirəcəyi ilə bağlı narahatçılığını aradan qaldıracaq. Bu yerdə USAID-in Azərbaycan üzrə missiya direktoru Maykl Nirbasın fikirləri diqqət çəkir: “Qadın sahibkarlara dəstək təkcə iqtisadi baxımdan deyil, həm də sosial baxımdan vacibdir. Gender bərabərliyinə nail olmaq əmək bazarının yaxşılaşdırılması üçün xüsusilə vacibdir. Sahibkarlıq qadınların iqtisadi müstəqilliyini artırmaq üçün mühüm fürsətdir.”
Qadınların Milli Biznes Gündəliyi milli miqyasda mühüm sənəddir və cəmiyyətdə geniş miqyaslı ictimai vəkilliyin aparılmasını tələb edir. Çünki beləcə Azərbaycanda qadınlar öz bizneslərini rahat qurmaqla maddi cəhətdən müstəqil olmaq imkanı əldə edəcək, şəhərindəki, kəndindəki onlarla qadına iş şansı qazandıracaq və ölkə iqtisadiyyatına töhfələrini vermiş olacaqlar.
Qadın nə istəyir?
Gəldik çoxlarının ritorik saydığı bu suala…Əslində qadın özünü realizə etmək, həyatını qurmaq üçün münbit imkanlar istəyir. Haqqında bəhs etdiyimiz QMBG sənədində məhz bu imkanların qarşısında duran maneələr, stereotiplər sadalanır, təkliflər, çıxış yolları irəli sürülür. Platforma üzvləri əmindirlər ki, bu tövsiyələr dövlət və özəl sektor arasında dialoqu gücləndirəcək və Azərbaycan hökumətinə qadın sahibkarlığın inkişafı üçün iqtisadi islahat paketini hazırlayarkən yararlı olacaqdır.
USAID Azərbaycan iqtisadiyyatının dayanıqlılığını gücləndirmək və əlverişli biznes mühitini yaxşılaşdırmaq məqsədilə birgə investisiyaların yatırılmasına və tərəfdaşlıqların qurulmasına şərait yaradır. USAID-in məqsədi Azərbaycanda özəl sektorun rəqabətliliyini (əsas diqqəti kənd təsərrüfatının inkişafına və kənd yerlərində iqtisadi fəaliyyətə yönəltməklə) və biznesə dəstək xidmətlərinin potensialını gücləndirmək, eləcə də mikro, kiçik və orta sahibkarlığın inkişafını yubadan inzibati maneələri aradan qaldırmaqdır. USAID qadınların rəhbərlik etdiyi müəssisələri, peşəkar assosiasiyaları və onların üzvlərini bir araya gətirir, onların potensialını gücləndirir, biznesdə və iş yerlərində qadınlar üçün yeni imkanlar yaradır və qadınların iqtisadi fəaliyyətinə təkan verir.
Qeyd edək ki, QMBG sənədində və bu məqalədə ifadə olunan fikirlər ABŞ Hökumətinin və ya USAID-in mövqeyini əks etdirməyə bilər.
İlhamə Novruzova